Xoşu gəlməyən adam ona salam verəndə, “Xudahafiz” deyə uzaqlaşarmışPosted by on


Bakı milyonçularından biri də Hacı Hacağa idi. Sandıq milyonçusu. Şəhərdə çoxlu mehmanxanası, karvansarası, sərnişin və yük daşıyan gəmiləri vardı.

Deyirlər ki, Hacı bir dəfə gəmiyə qalxanda matros onu tanımır, biletsiz olduğunu güman edir, itələyir, Hacı yıxılır. Hacağanın oğlu və kürəkəni matrosu döymək istəyəndə, Hacı cəld ayağa qalxıb onları qoymur: “Lazım deyil! Gərək deyil! İş düşər polisə, bizi cərimə edərlər. Mənə heç nə olmayıb, bir balaca toza batdım, onu də çırpdım, qurtardı getdi”.

Hacı Peterburqa gedir, çoxlu mal alır. Ancaq limanda deyirlər ki, daha yük qəbul etmirik, malları ancaq yazda, altı aydan sonra götürəcəyik. Özü nəql edirmiş ki, o qədər yükün yarım il anbardaqalma xərci neçə min manat edəcəyini fikirləşəndə az qaldım dəli olam, baş soxmadığım idarə qalmadı, heç nə eləyə bilmədim. Əlim hər yerdən üzüldü, başladım Fitilbörk küçələrində hərlənməyə. İri bir kilsənin qabağına çatanda yorulub oturdum. Bir qoca mənə yaxınlaşıb dedi ki, arxanı çarın sarayına tərəf çevirib oturma, buraya tez-tez durbinlə baxırlar, acıqlarına gələr. Ehtiyatsızlıq edirsən, gəlib səni tutarlar, məni də qulluqdan qovarlar, bir tikə çörəyim var, o da əlimdən çıxar. Durdum ayağa, başladım mərmər qəbirlərin arasında hərlənməyə; qoca kişidən xəbər aldım ki, bu qəbirlər kimindir. Cavab verdi ki, imperatorların, onların arvadlarının, böyük knyazların, generalların qəbirləridir. Bir qəbrin yanında oturub başladım ağlamağa. Ürəyim dolu idi, az qalırdı partlasın. Heç yarım saat keçməmişdi ki, bir də gördüm iki əfsər mənə yaxınlaşıb dedilər ki, dur düş qabağımıza gedək bizimlə. Düşdüm qabaqlarına. Məni gətirdilər padşahın evinə. Mərmər pillələrlə qaldırdılar, bir neçə bəzəkli otaq keçdim. Orta yaşlı hərbçi bir arvadla pəncərədən bayıra baxırdılar. Ayaq səsinə döndülər, kişi əlindəki durbini arvada verdi, mənə tərəf gəldi. O saat tanıdım ki, Nikolay padşahdır. Təzim etdim. Soruşdu ki, kimsən, nə üçün gəlmisən. Arvad da gəldi yanımıza. Dedim ki, Bakıdan gəlmişəm. Tacir babayam. Xəbər aldı ki, o qəbirlərin yanında niyə oturmuşdun, niyə ağlayırdın. Birtəhər başa saldım ki, bizim dinimizdə padşah yer üzünün allahıdır. Onlara ağlamaq, ruhlarına dua eləmək savabdır, bizim borcumuzdur. Dediklərimi arvada firəng dilində başa saldı. Üzgözündən anladım ki, sözlərim onun da, padşahın da xoşuna gəlib. Xəbər aldı ki, indi burda neyləyirsən. Dedim çoxlu mal almışam, amma limanda yük götürmürlər. O, qapıdakı zabitə nə tapşırdısa, zabit dəftərçəsini çıxardıb yazdı; sonra məni qaldığım mehmanxanaya apardı və tapşırdı ki, səhər saat doqquzda hazır ol, gəlib səni aparacağam. Sübh tezdən qalxıb namaz qıldım, bir stəkan qəhvə içib, başladım gözləməyə. Zabit gəlib çıxdı, məni faytona mindirib böyük bir imarətə apardı. Qapıda qılınclı-tapançalı zabitlər o saat təzim elədilər, qapını taybatay açdılar. Yenə böyük bir otağa girdik. Haçasaqqal, uzunbığ, ahıl bir hərbçi ayağa qalxıb mənə sarı gəldi, aparıb yumşaq stulda yer göstərib, oturtdu. Dilmancı çağırdılar. Hər şeyi dedim, yazdılar. Mənə iki zabit qoşub göndərdilər limana. O saat kağızları yazıb verdilər, malları götürdülər. Bakıya çatanda, gördüm ki, yüklər məndən tez gəlib, daşıyıblar anbarlara…

Neçə il sonra Hacı Hacağanı Peterburqa dəvət edirlər. Vağzala düşəndə iki zabit gəlib onu qarşılayır, kareta dayanan yerə aparırlar. Hacı Hacağa xəbər alır ki, bu araba kimindir. Başa salırlar ki, bu karetanı çar sənə özü göndərib ki, oturasan. Hacı Hacağa Xorasan kürgünü çiyninə salır və deyir: “Gedək, rəiyyət padşah arabasına oturmaz, padşahın arabası qabaqda gedər, rəiyyət də onun dalınca piyada… Bunun özü böyük şərəf, böyük fərəhdir…”.

Bakıdakı “Metropol” mehmanxanasını hərraca qoyurdular. Hərracın Tiflisdə olacağı xəbər verilirdi, Hacı Hacağa gedir ora. Bədxahlar onu ələ salıb soruşurlar ki, Hacı, burda nə gəzirsən? Sən yumşaq rezin çarxlı faytona bir abbası verib minmirsən ki, bahadır, üç şahılıq dəmir təkərli, köhnə faytonda gedirsən. Hərracda əlli-altmış min manat söhbəti olacaq. “Tamaşaya gəlmişəm” deyir.

Hərracda mehmanxanaya əlli min manat qiymət elan edilir və yavaş-yavaş qalxır altmış min manata: Hacı Hacağa qışqırır: “Yetmiş min!”. Ehtiraslar təzədən soşur. Qiymət qalxır doxsan min manata. İkinci zəng çalınanda Hacı Hacağa qışqırır: “Doxsan doqquz min manat!” Çaxnaşma düşür. Mehmanxananı Hacı alır.

Küçədə bədxahlar soruşur ki: “Hacı, bu qədər pul hardan?” Cavab verir ki, “Faytonlara vermədiyim şahılardan!” Başqası xəbər alır: “Hacı, bəs niyə yüz min manat demədin!” “Axı min manatla beş min dəfə faytonda getmək olar”.

Hacı Hacağanın evinə təzə qulluqçu götürürlər. Qaş qaralanda qulluqçuya deyirlər ki, çıraqları yandır. O da pəncərədəki çıraqların şüşəsini bir-bir çıxardır, kibriti alışdırıb yandırır. Hacı bunu görəndə cəld qulluqçunun başının üstünü alır: “Dayan! Dayan! Əvvəlcə çıraqların şüşəsini çıxar, düz yanyana”. Qulluqçu onun dediyinə əməl eləyir. Hacı bir kibrit alışdırıb çırağın beşini yandırır, sonra da bir parça kağız götürüb alışdırır, çıraqların o birilərini də yandırır və qulluqçuya deyir: “İndi şüşələrini tax, hər gün bax, belə edərsən. Yoxsa hər çırağa bir kibrit çöpü yandırsan məni müflis edərsən…”

Hacı Hacağanın qəribə bir xasiyyəti də varmış. Xoşu gəlməyən adam ona salam verəndə, “Xudahafiz” deyə uzaqlaşarmış.

Manaf Süleymanov, “Eşitdiklərim, Gördüklərim, Oxuduqlarım”

292 Baxış

Maraqlı

Comments are disabled.