Türk admiralının xəritəsi və Amerikanın kəşfi haqqında söylədikləriPosted by on


Bu yaxınlarda görkəmli türk dənizçisi, donanma admiralı, coğrafiyaşünas, kartoqraf, şair və nasir Piri Rəisin “Kitab-i bəhriyyə” əsərinin rus dilinə tərcüməsi işıq üzü gördü.  

Onun ilk xəritəsinin tərtib edilməsindən 500 ildən artıq müddətin keçməsinə baxmayaraq, onun günümüzə gəlib çatan 2 xəritəsi və məşhur “Kitab-i bəhriyyə” əsəri öz əhəmiyyətini qoruyub saxlamışdır.

1453-cü ildə Konstantinopolun (İstanbul) fəthindən sonra sultan Mehmed Fateh üzünü Aralıq dənizinə çevirərək güclü hərbi-dəniz donanması yaratdı. Əsas silah anbarı İstanbulda, digərləri Gelibolu, Süveyş, Ruşuq, Birecik və s. şəhərlərdə yerləşirdi.

Belə şəhərlərin birində – Geliboluda, təxminən 1470-ci ildə Hacı Muh­yid­din Piri ibn Hacı Mehmed – Piri Rəis dünyaya göz açdı. Onun təhsili ilə əmisi, məş­hur türk dənizçisi Kamal Rəis məşğul oldu. 14 il əmisi ilə Aralıq dənizini səyahət et­di, bir çox ölkələrdə, liman şəhərlərində oldu, dəniz döyüşlərində gəmi kapitanı kimi iş­tirak etdi. Bütün bunlar Piri Rəisin əsərlərinin yazılması üçün zəmin idi. Onun dövlət xadimi kimi xidməti Sultan II Bəyazidin hakimiyyəti dövründən başlayaraq Sultan Səlimin taxtda olan bütün dövrünü və Sultan Süleyman Qanuninin hakimiyyət dövrünün bir hissəsini əhatə edir. Üç məşhur türk sultanının dövründə yaşamış Piri Rəis bir çox dəniz müharibələrində iştirak etmiş və dəfələrlə sultanlar tərəfindən mükafatlandırılmışdır. O, 1554-cü ildə təxminən 84 yaşında vəfat etmişdir (bəzi mən­bə­lərə görə ona qarşı təşkil olunan ədalətsiz intriqa və ittihamlar səbəbindən edam edil­mişdir). Bəzi tarixçilər onun bütün əmlakının və eyni zamanda kitabxanasındakı əlyaz­malarının da müsadirə  edilməsini qeyd edir və ümid edirlər ki, onun xilas olmuş əlyazmaları hazırda Misirdə saxlanılır.

Piri Rəis 1513-cü ildə Geliboluda ilk xəritəsini tərtib edib. 1517-ci ildə onu Misirin Fatehi Sultan Səlim Yavuza təqdim etmişdi. Rəngli xəritə (ölçüləri 90 x 60 sm) ceyran dərisi üzərində çəkilmişdir.

O, ikinci xəritəsini 1528-ci ildə tərtib etdi. Topqapı sarayı kitabxanasının 2754/49357 nömrəli kataloqunda qeyd edilən bu xəritənin üzərində aşağıdakı sözlər yazılmışdır: “Piri Rəis, mərhum Kamal Rəisin qardaşı, Hacı Mehmedin oğlu. Gelibolu şəhəri, 935-ci il”. Xəritə (ölçüləri 68 x 69 sm) dəvə dərisi üzərində 8 rəngdə çəkilmişdir. Xəritədə tam dəqiqliyi ilə göstərilən Qrenlandiyadan Floridaya qədər sahil xətləri və onların xüsusiyyətləri, Amerika və Atlantik okeanı sahilləri, Avropa, Afrika ölkələri bu günə qədər böyük maraq doğurur və XVI əsrdəki elmi-coğrafi biliklərin güman edilən səviyyəsini nəzərə alsaq, bunu bir möcüzə hesab etmək olar. Xəritələr üzərində yazılı mətnlər də verilmişdir.

Piri Rəisin ilk xəritəsini 1925-ci ildə İstanbul Milli muzeyinin direktoru Xəlil Ədhəm üzə çıxarmışdır. Burada Afrikanın qərb sahilləri, Cənubi Amerikanın şərq sahili və Antarktikanın şimalı təsvir edilmişdir. Məlum olduğu kimi, Antarktika yalnız 1818-ci ildə, Piri Rəisin xəritəsindən 305 il sonra kəşf edilmişdir. Xəritə yerin buz altındakı sahil xəttini göstərir. Geoloji tədqiqatlara görə Antarktika yalnız 6.000 il bundan əvvəl buzsuz olub. Bu ərazidə buz örtüyünün qalınlığı 1,5 km-dir. Bu məlumatların XVI əsrə haradan və necə gəlib çıxdığı məsələsi böyük maraq doğurur. Qeyd etmək istərdik ki, tarixdə Piri Rəisin xəritələrindən daha qədim bir çox xəritələrin olduğu məlumdur. İlk dəniz xəritəsi eramızın 150-ci ilində Ptolemey tərəfindən tərtib olunmuşdur. Piri Rəisdən həm əvvəl, həm də sonra gələn kartoqrafların İskəndəriyyə kitabxanasında yerləşən mənbələrdən istifadə etmələri ehtimal olunur. “Kitab-i bəhriyyə” əsərində Piri Rəis Misir kitabxanasındakı sənədlərdən istifadə etdiyini deyir.

T.S.Səidbəyevin “İslam və cəmiyyət” kitabında oxuyuruq: “Aralıq dənizi ərəb kapitanlarının təcrübəsi dəniz səyyahı Enrikeyə Portuqaliya gəmilərinin təchizatını təkmilləşdirməkdə çox böyük kömək oldu. Ərəblər tərəfindən tətbiq edilən üçbucaq yelkən böyük səyahətlər və kəşflər dövrünün mühüm texniki şərtlərindən biri idi. Ərəb dəniz terminologiyası, xüsusilə astronomik nomenklatura Avropa lüğətlərinə keçərək onları zənginləşdirdi. Ərəb dəniz xəritələrindəki məlumatlar Qərb ölkələrinə Şərq dənizləri və torpaqları haqqında aydın və dəqiq təsəvvürə malik olmaq imkanı verdi. Xristofor Kolumb Yeni Dünyanın mövcud olması fikrini ona müsəlman mənbələrinin xəbər verdiyini açıq söyləyirdi” (Т.С.Саидбаев. «Ислам и общество». Москва, 1984 г., стр. 53).

Piri Rəis “Kitab-i bəhriyyə”sində qeyd edirdi ki, Ame­ri­kanı kəşf edərkən Kolumb əlində olan kitab sayəsində haraya getdiyini yaxşı bilirdi:

Cenevizdə bir münəccim var imiş,

Namilə Kolon ana dirlər imiş.

Anun əlinə girər bir xoş kitab,

Qalmış İskəndərdən ol da irtiyab.

Cümlə dərya ilmini bir bir tamam,

Cəm idüb yazmışlar imiş ey hümam.

Ol kitab gəlmiş bu Efrenç ilinə,

Bilməmişlər likin anun hali nə.

Bulur okur bu Kolon anı, ey yar,

Varur İspanya bəginə, anı sunar,

Takrir idər cümləəhvali ana,

Ol dəxi gəmi virür sonra buna.

Ol kitab iləəməl idər, ey yar,

Varub Antilyeyi idər aşikar.

Piri Rəis yazır: Genuyalı astronom Kolumbun əlinə Böyük İskəndərdən qalmış kitab keçmişdi. Bu kitabda dənizçilik elmi haqqında məlumatlar toplanmışdı. Kolumb o kitabı oxumuş və onu əlində rəhbər tutaraq Antil adalarını (Amerika) kəşf etmişdi.

Piri Rəis qeyd edir ki, Böyük İskəndər bütün dənizləri gəzmiş və onlarla bağlı bü­tün məlumatları yığıb yazdırmışdı. Toplanan bu kitablar Misirdə mühafizə olu­nur­du. Daha sonra Piri Rəis yazır ki, avropalılar zamanla gəldilər Misir ölkəsinə dol­du­lar. Lakin 641-ci ildə Məhəmməd əleyhissəlamın səhabəsi məşhur ərəb sərkərdəsi Əmr bin Əs Misiri fəth etmək qərarına gələndə bir çox əyanlar Avropa ölkələrinə qaç­dılar və özləri ilə Makedoniyalı İskəndərin kitabını da apardılar. Bu kitabı öz dillərinə tərcümə etdilər və onların vasitəsi ilə neçə ellər fəth etdilər.

Bortolomye dirlər imiş bir kişi,

Tərcümə ol eyləmiş işbu işi- 

deyərək Piri Rəis bu kitabлары portuqaliyalı dənizçi Bartolomey Diasın (1450-1500) tərcümə etdiyini və avropalıların bunlardan istifadə etdiyini yazır.

Maraqlı bir faktı nəzərinizə çatdırmaq istərdik. Bundan əvvəlki fəsillərin bi­rin­də Atlantik okeanından bəhs edən “Məğrib dənizi” bölməsində Piri Rəis Ameri­ka­nın və Antil adalarının kəşf edilməsi tarixinin 1492 deyil daha əvvəl (1465-66) olduğunu göstərir:

Tarixi Hicrət bu yidi ol zamân,

Tâ səkiz yüz dəxî yetmişdi ol an.

İşbu tarixdə bulundu ol zəmîn,

İsminə Antilye dedilər həmîn.

Lakin Kolumbun səyahətlərinin elmə məlum olan ən erkən tarixi, bildiyimiz kimi,  1492-ci ildən başlayır. Antil adaları  Amerikada ilk kəşf olunan adalardır.

Əsəri ingilis dilinə tərcümə edən Robert Braqner izahatında yazır: “Ya Piri Rəisin verdiyi tarix səhfdir, ya da onda olan məlumatdan bizim xəbərimiz yoxdur.”

Piri Rəis möhtəşəm əsəri olan “Kitab-i bəhriyyə”ni 1521-ci ildə yazmağa başlayır və 1526-cı ildə bitirərək İbrahim paşanın vasitəsi ilə onu Sultan Süleyman Qanuniyə təqdim edir. Əlyazma 23 fəsildən ibarətdir.

Qeyd etmək istəyirik ki, 7-ci dənizi müəllif Bəhri-Kulzum adlandırır. Bu, bəzi alimlərin fikrincə Xəzər dənizi, digərlərinə görə isə Qırmızı dənizdir. Piri Rəis deyir ki, o başqa dənizlər kimi deyil, gölə bənzəyir və digər dənizlərlə birləşmir. Dənizin ümumi ölçüsünün 4.000 mil olduğunu qeyd edir.

“Kitab-i bəhriyyə”nin 30-dan çox əlyazma nüsxəsi məlumdur. Ən mükəmməl nüsxə Sultan I Mahmudun (XVIII əsr) Ayasofya kitabxanasına bağışladığı nüsxədir. Nüsxələrdən doqquzu Türkiyədən kənarda (Drezden, Boloniya, Paris, Vyana, Berlin, London, Budapeşt və s.), qalanları isə İstanbul kitabxanalarında qorunub saxlanılır. Əsərin 1525-ci ildə yazılmış orijinalı Fransa Milli Kitabxanası tərəfindən alınmışdır. “Bəhriyyə” kitabının faksimilesi ilk dəfə 1935-ci ildə Türkiyədə izahlar və təfsirlərlə nəşr edilmişdir. Sonrakı illərdə əsər dəfələrlə müxtəlif müəlliflər tərəfindən tərcümə və nəşr edilmişdir.

Əliyeva Tahirə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi işçi

 

326 Baxış

Maraqlı

Comments are disabled.