Rəssam Cəmaləddin Dərbəndli – FOTOPosted by on


Rəssamlığın ən çətin sahələrindən biri də batal janrıdır.

Batal (fransızca bataille – döyüş) janrı təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunur.

Bu janrda qanlı savaşlar, döyüş səhnələri olduğu kimi təsvir edilir. Xalq qəhrəmanları, tarixi şəxsiyyətlərin döyüş zəfərləri sənətin bənzərsiz gücüylə tərənnüm edilir.

Azərbaycan rəssamlığında da batal janrı ayrıca yer tutur. Bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini canlı şəkildə, böyük ustalıqla təsvir ediblər.

Hələ, ortaçağ Azərbaycan kitab miniatürlərində, eləcə də XVIII əsrin milli memarlıq abidəsi olan Şəki Xan sarayının divar rəsmlərində döyüş səhnələri geniş yer tutur. Sarayın əsas tərtibatçısı-rəssamı nəqqaş usta Abbasqulu olub. 
Böyük Vətən müharibəsi illərində (1941-1945) demək olar, rəssamların çoxu müharibədə sovet ordusunun qələbəsini tərənnüm edən əsərlər yaradıblar. Həmin fırça ustalarının çoxu müharibədə düşmənlə mübarizə aparmış, savaşın dəhşətlərini öz gözləriylə görmüşdülər. 
Məşhur rəssam Əbdül Xalıqın Xürrəmilər hərəkatının Babəkə həsr etdiyi “Xalq qəhrəmanı”, Xalq rəssamı Səttar Bəhlulzadənin eyni mövzuda çəkdiyi “Babək”, Sadıq Şərifzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadənin birlikdə yaratdıqları “Babəkin yürüşü” əsərləri diqqətəlayiqdir. Xalq rəssamları Tağı Tağıyevin “Koroğlunun döyüşü”, Tahir Salahovun “416-cı diviziya döyüşdə”, Cahangir Rüstəmovun “Müharibə illəri” əsərləri də Azərbaycan təsviri sənətində batal janrının gözəl örnəkləri kimi məşhurdur. 

Çağdaş Azərbaycan rəssamlığında da bu janra müraciət edən fırça ustalarımız az da olsa, var.

Onlardan biri də, məşhur rəssam Cəmaləddin (Dərbəndli) İsmayılovdur.

O, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin tələbəsidir. 

Əslən “Dəmir qapı” Dərbənddən olan, Cəmaləddin Xəlil oğlu İsmayılov 1957-ci ildə Qusarda, hərbiçi ailəsində anadan olub.

1974-cu ildə Qusar səhər 1 № li orta məktəbi bitirib.

1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Sənaye qrafikası” fakültəsinə daxil olub.

1988-ci ildə, İnsitutu bitirdikdən sonra poliqrafiyada və paralel olaraq rəngkarlıq sahəsində calışıb.

Təhsil Nazirliyində baş rəssam kimi çalışıb. Nazirliyin nəzdində dərslik və bədii kitabların tərtibatı ilə məşğul olub. Orta məktəb dərsliklərinin (I-XI sinif daxil  olmaqla)  tərtibatını verib.

Prezidentin Sərancamı ilə dünya ədəbiyyatının Latın qrafikası ilə yenidən nəşr olunmasında yaxından iştirak edib.

Azərbaycan  Dovlət Ensiklopediyasının tərtibatinda yaxından iştirak edib.

Azərbaycan Kinostudiyasinda tərtibatçı rəssam kimi çalışıb.

Uzun illər Azərbaycan Dövlət İncəsənət Universtitetində rəssamlıqdan dərs deyib. 

Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar  keçirılən sərgilərdə yaxından istirak edib. Sərgidə iştirak edən Ulu Öndərimiz Heydər Əliyey onun əsərlərini yüksək qiymətləndirmişdir.                        

Dədə Qorqudun yubileyi zamanı, Dədə Qorqudun portretini işləmiş  və yubiley munasibəti ilə çap olunan “Kitabi-Dədə Qorqud” kitabına nəfis tərtibat verib.                                                                           

Heydər Əliyev Fondunun təskil etdiyi bir cox layihələrdə yaxından iştirak edib.

Tərtibat verdiyi “Heydər Əliyev İşığı-İpək yolu” kitabını şəxsən Heydər Əliyevə təqdim edib.

“Dədə Qorqud şeri”,”Dəli Kür”,”Sonuncu Magikan”,” Kapitan Qrantın Usaqları”,”Xəmsə”, “Koroğlu” və s. kitablara nəfis tərtibat verib.   

1988-ci ildə Polşada təşkil olunmuş plakat sərgisində iştirak edib. 

1992-ci ildə YUNESKO-un xətti ilə kecirilən Nizami Gəncəvinin yubileyi ilə əlaqədar sərgidə istirak edib.                                

1996 -cı ildə Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adina Ədəbiyyat muzeyində fərdi sərgisi təşkil olunub.                     

2000-ci ildə YUNESKO-un xətti ilə kecirilən Dədə Qorqud  yubileyində, AYB sədri, yaziçı Anar tərəfindən Prezident Aparatında təşkil olunmuş sərgidə iştirak edib.                         

2005-ci ildə təşkil olunmuş poligrafiya sərgisində iştirak edib.

2010-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının təşkil etdiyi, I və II Beynəlxalq Elm Festivalında yaxından iştirak edib. 

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yubileyinə həsr olunmuş, SOCAR Azərbaycan tərəfindən təşkil olunmuş sərgidə iştirak edib.      

Əsərləri  Bakıda bir neçə muzeydə sərgilənir və Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.                                                                                                                                   

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əsərlərində əsasən batal janrına üstünlük verən fırça ustası ilə onun kiçik emalatxanasında-bir otaqlı evdə görüşdük. Rəssamın yeni əsəri, KİV-də səs salmış “Renessans” (İntibah) rəsm əsəri ilə tanış oldum. Bu sənət əsəri insana, fırça sahibinin zəngin daxili dünyasının aynası təsirini bağışlayır. Eyni zamanda, “Qavqamela döyüşü”, “Taçlar”, “Mələk” kimi əsərləri seyr etdim. Hər bir əsər haqda geniş məlumat verən diqqətcil müsahibimlə söhbətim səmimi notlar üzərində quruldu. Giley-güzarı sevməyən rəssam öz gələcək layihələrindən, sərgilərdən söz açdı. Gələcəkdə,Tomris hökümdarın rəsmini batal janrında təsvir edəcəyindən, həttda buna artıq prototipin gözaltı etdiyini də qeyd etdi.

Qeyd etmək yerinə düşərdi ki, rəssamın əl işlərinin çox az hissəsi bu emalatxanada yerləşir. Məkanın balaca olması səbəbindən bütün rəsm əsərlərinin burada cəmlənməsi imkansızdır.

Bu baxımdan, müvafiq təşkilatların rəssam C. İsmayılovun parlaq sənətinə qiymət verib, ona lazımi iş şəraitinin (emalatxana) yaradılması zəruriyyəti vardır.

“Renessans” adlı rəsm əsəri 

Cəmaləddin İsmayılov (Dərbəndli) öz əsərində bütün dünya incilərini bir araya toplayıb. Əsər çox canlı və baxımlıdır. Rəssam bu əsərində sanki, tarixi-fəlsəfi bir kitabı oxucuya təsviri formada çatdırır.

Fırça ustası deyir ki, “İntibah dövrünü yaşamış hər bir xalqın nümayəndəsi bu əsərdə özünü tapa bilər. Mən burada intibahın şərqdən, qərbə keçidini, bütün dövrlərin məşhur sənət əsərlərini bir araya gətirdim. Azərbaycanımıza aid hissədə, Dədə Qorqudun rəsmi, Nizami Gəncəvi və Çingiz Abdullayevin kitabı, qədim musiqi alətlərimiz qopuz, tar, dəf, ustadım Mikayıl Abdullayevin rəsm əsərini təsvir etmişəm”

Rəssam öz əsərində Jan Pol Marat, Napoleon Bonaparta həsr olunmuş rəsmləri, “Mona Liza”nı (Cokonda) və digər mədəniyyət nümunələrini təsvir edib. Həmçinin, əsərdə təkallahlı dinləri (islam, iudaizm və xristianlıq) özündə əks etdirən hissə var.

“Qavqamel döyüşü” rəsm əsəri

Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında “Qavqamela vuruşması” qədim dövrün ən iri vuruşmalarından biri sayılır. Bu döyüş makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir.

Döyüşdə III Daranın ordusu məğlub edilib.

“Taclar” rəsm əsəri

“Mələk” rəsm əsəri

Əsər hal-hazırda Böyük Britaniyada sərgidə nümayiş olunur.

Əsər Türkiyədə şəxsi kolleksiyada saxlanılır

Bəxtiyar Vahabzadənin portireti (AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Dövlət Ədəbiyyat Muzeyi)

 

Fikrət Qabiloğlu

 

 

270 Baxış

İncəsənət

Comments are disabled.