Paraşüt açılmadı, göydən gəlib düşdün yerə. Bəs uşaqlara kim baxacaq, hə?” – VİDEOPosted by on


O, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdı.

30-cu ilin əvvəlində Moskvada nəşr olunan “SSSR na stroyke”, yəni “SSRİ tikintidə” adlı jurnalda Leyla adlı gənc qızın fotosu dərc edilmiş və fotonun altında bu sözlər yazılmışdı: “Şərqdə ilk qadın-təyyarəçi”.

Leyla Məmmədbəyova həmin dövrün canlı əfsanəsi idi. Hələ çadradan başlarını çıxarmağa cəsarət etməyən qadınlar ona baxmağa gəlirdilər. Leyla fabrik və zavod sexlərində gənc qadın işçilərin qarşısında çıxış edirdi.

1931-ci ilin fevral ayı idi. Bakı aeroklubun kursantları, o cümlədən Leyla Məmmədbəyova yük maşınında aerodroma gedirlər. Onlar uçuş meydanında sıraya düzülürlər. Bir neçə dəqiqədən sonra Leyla Məmmədbəyova “U-1” təyyarəsində təcrübəli təlimatçı ilə birgə ilk dəfə havaya qalxır.

Həmin ilin iyul ayında təlimatçı kursantlara yaxınlaşıb, onlardan hər birini diqqətlə nəzərdən keçirir və bərkdən deyir:
– Bu gün uçuşa başlayırıq. Görürəm sevinirsiz. Ancaq xəbərdarlıq edirəm: uçuş heç də asanlıqla əldə edilmir. Zonaya uçuşla tanışlıqdan başlamaq lazımdır. Birinci Leyla Məmmədbəyova uçacaq.
Gənc qız təyyarəyə cəld minir. “Təkcə səhvə yol verməyim. Təkcə təlimatçı məni uçuşlardan kənarlaşdırmasın” – deyə Leyla sükan arxasında düşünür. O, təyyarəni uçuş xəttinə çıxarır. Ətrafına baxıb sol əlini qaldırır. Cavab olaraq startçı bayrağını yelləyir – uçuşa icazə verilir. Kabina titrəyir, təyyarə yerindən götürülür. Yer təyyarənin çarxları altından surətlə qaçır. Budur, təyyarə artıq səmadadır! Maşın getdikcə yüksəkliyə qalxır. Küləyin axını yanlardan kabinaya dolur, Leylanın yanaqlarını döyəcləyir. Təyyarəçinin qarşısında yeni mənzərə açılır. Leyla Məmmədbəyova sevinc içərisində idi. O özünü xoşbəxt hesab edirdi. İlk müstəqil uçuş uğurla başa çatır. Buraxılış uçuşundan sonra məktəbin rəisi gülümsəyib deyir: “Təbrik edirəm! Görünür, sən səma üçün doğulmusan, Leyla!”

Bir il ötdü. Leyla Məmmədbəyovanı yenidən hazırlıq üçün Moskvaya göndərirlər. Yenidən gərgin təhsil, təlim və uçuş günləri başlayır. Gənc qız “U-2” təyyarəsini əla öyrənir, məşhur təyyarəçilərlə, gələcəyin dünya şöhrətli kostruktoru H.Yakovlevlə tanış olur. Burada Leyla paraşütlə özünün ilk tullanışını həyata keçirir.

Azərbaycan Tarix Muzeyində Leyla xanım üçün çox əziz xatirə kiçik bir sənəd saxlanılır: “Təlimçi-pilot Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı 1933-cü il martın 17-də “U-2” təyyarəsindən “PT-1” paraşütlə tullanmışdır. Bu Sovet İttifaqında qadının paraşütlə tullanması ilə bağlı ikinci hadisə idi. Sovet İttifaqı Qəhrəmanı olmuş təlimçi P.Qolovin Leylanı fikrindən daşındırmağa çalışırdı. Amma Leyla qəti şəkildə bildirdi: “Mən tullanacağam!” Sözünün üstündə durur. 1934-cü ildə Zaqafqaziya respublikaları arasında keçirilən hava müsabiqəsində Leyla birinci yeri tutur.

Sovet Azərbaycanının 15 illiyi tamam olanda respublika nümayəndə heyətinin tərkibində Leyla Məmmədbəyova da Moskvaya getdi. O vaxtı SSRİ MİK-in sədri M.Kalinin ona “Şərəf nişanı” ordenini təqdim edərkən demişdi: “Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm”.

Böyük Vətən müharibəsi zamanı Leyla Məmmədbəyova cəbhəyə göndəriləcəyini gözləsə də bu baş vermir. Leyla xanımı cəbhəyə yollamırlar, çünki həmin vaxt onun dörd uşağı vardı. Bakı aeroklubu bağlanır. Aviasiya mayoru Leyla xanım Mir Cəfər Bağırovun qəbuluna düşür və bekar qaldığını söyləyir. Beləliklə də, Leyla xanım planer-paraşüt klubunun açılmasına çətinliklə də olsa müvəffəq olur.
Müharibə dövrü ərzində Leyla Məmmədbəyova 4000 paraşütçü-desant hazırlamışdı. Onun son uçuşu 1944-cü ildə olmuşdu. Çünki həkimlər onun səhhəti üçün narahatlıq keçirirdilər. Səmadan ayrılmaq çətin idi. Sonradan o özünə elə bir iş tapdı ki, nadir hallarda da olsa səma ilə görüşürdü. Leyla xanım DOSAAF-ın Bakı komitəsinin sədr müavini işləyirdi.
Leyla Məmmədbəyovanın müharibə və müharibədən sonrakı illərdə aldığı ali hökumət mükafatları arasında “Analıq medalı” da vardı. Altı uşaq böyüdüb tərbiyə etdiyinə görə layiq görülmüşdü.

Leyla xanım kinoşünas Aydın Kazımzadəyə danışdığı xatirələrində həmin dövrü xatırlayır: “Geriyə dönüb fikirləşirəm: həyat necə də sürətlə ötüb keçdi! Sanki həyatımda hər şey dünən baş vermişdir. Ancaq keçmiş günləri xatırlayarkən heç də qəm-qüssəyə batmaq istəmirəm. Yanımdakılar mənim gələcəyimdir: mən altı uşaq böyütmüşəm, indi isə mənim yeddi nəvəm, üç nəticəm var (söhbət 1984-cü ildə olub. Nəsildə artım bu gün də davam edir).
Mən çox erkən ərə getmişəm. O vaxtı mənim cəmi 14 yaşım, ərim Bəhram Məmmədbəyovun isə 19 yaşı vardı. O, fəhlə idi, amma təhsil alırdı. Biz evlənən kimi mənə dedi: “Sən həm oxumalısan, həm də işləməlisən!” O vaxtlar, yəni iyirminci illərdə şərq ailəsində belə söhbətlərə nadir hallarda rast gəlmək olardı. Lakin Bəhram öz sözünün üstündə durdu. Sonralar özü müxtəlif vəzifələrdə çalışdı, böyük hörmət sahibi oldu. Mən isə o vaxt çadralı gənc qadın Əbilov adına kluba getdim. Burada təhsil almağa başladım, özümə yaxşı rəfiqələr tapdım.

Mən artıq dünyasını dəyişmiş ərimi həmişə böyük minnətdarlıqla xatırlayıram. Çünki o, məni savadlı, qabaqcıl adamların sırasında görmək istəyirdi. 1928-ci ildə mən klubda çadramı çıxartdım. O vaxt mənim 19 yaşım var idi. Sonra öyrəndim ki, Osoaviaxim təyyarəçilər məktəbinə qəbul keçirir. Ərim o vaxtlar Dəvəçidə işləyirdi. Yazırdı ki, mən işləməyə gedim. Mən də qərar qəbul etdim. Həmin məktəbə 22 nəfər qəbul etdilər. Onların arasında bircə qadın – o da mən idim. Bizə hərbi kişi forması verdilər. Artıq mən oğlana oxşayırdım. Yalnız hörüklərim dizdən aşağı yellənirdi. Ərimə özümü göstərmək üçün yanına getdim. Bəhram qapını açdı və məni tanımadı. Sonra gülüb dedi: “Afərin sənə, uç!”

Elə sonralar da mən ərimə sürprizlər təqdim edirdim. Moskvada Tuşinsk aerodromunda təcrübə keçərkən mənə dedilər ki, təyyarəçi əsasnaməyə görə hörük gəzdirə bilməz. Evə qayıtdım, Bəhramla məsləhətləşdim. Onun qanı bərk qaraldı. Lakin hörüklərimi kəsəndən sonra o, mənə diqqətlə baxıb dedi: “Bilirsən, heç də pis deyil!”
Birgə yaşadığımız illər ərzində ərim bircə dəfə mənimlə mübahisə edib. 1933-cü il avqustun 17-də aerodroma paraşütlər gətirdilər. O vaxtlar bu, yenilik, əsl hadisə idi. Mən bunu eşidəndə sevincək oldum. Ərimə deyəndə ki, paraşütdən tullanacağam o, üstümə qışqırdı: “Bəsdir, uşaqları fikirləş!”

Mən təyyarədə uçanda bir söz deməsə də, o məndən ötrü çox qorxurdu. İndi də paraşüt məsələsi ortaya çıxanda o, ürəyində nə var idisə dedi. Necə deyərlər, açdı sandığı, tökdü pambığı. Əsəbi halda dedi: “Mən sənə dedim ki, get oxu, işlə. Demədim ki, get göyə çıx. Yaxşı, dinmədim. Gül kimi saçların vardı, onları da kəsib atdın, dinmədim. İndi də paraşütdən tullanmaq istəyirsən, paraşüt açılmadı, göydən gəlib düşdün yerə. Bəs uşaqlara kim baxacaq, hə?”

Mən dinmədim, amma sözümdə qəti idim. Artıq məni saxlamaq olmazdı. Beləliklə, 1933-cü ildə mən ilk dəfə olaraq paraşütdən tullandım. Mənə qədər Sovet İttifaqında cəmi 84 nəfər paraşütdən tullanmışdı. Mən ikinci qadın paraşütcü oldum. Sonra təyyarəçi-təlimatçı işləyirdim. Təyyarədə də çox uçurdum. Mənim şagirdlərim arasında iki Sovet İttifaqı Qəhrəmanı var: Adil Quliyev və Nikolay Şeverdyayev. Onlar Böyük Vətən müharibəsi illərində səmada alman faşistlərinə qarşı cəsarətlə vuruşmuşlar. Adil Quliyev müharibə dövründə Berlinə qədər şanlı döyüş yolu keçmişdi. Nikolay Şeverdyayev isə hücumçu təyyarəsi ilə Zapolyariyedə, Leninqrad yaxınlığında, Polşa və Almaniyada faşist işğalçıları ilə vuruşların iştirakçısı olmuşdur. Mayor Ağasəf Səmədov da bizim Bakı aeroklubunun yetirməsidir. Faşist yuvası Berlini birinci bombalayanlar arasında Ağasəf də olub, əsl igidlik göstərib”.

1933-cü ilin yanvarında Bakıda Əli Bayramov adına Qadın Klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirilir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi idi – çünki Səriyyə Xəlilova Azərbaycanda çadranı ataraq ictimai və iş həyatına qoşulan qadınlardan biri idi.

Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın (onu “Neft komandiri” də adlandırırdılar) qızı Rəbiyyə Sultanzadə xatırlayır: “Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirmişdi. Səriyyənin tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də”.

Kinorejissor və kinoaktyor Mikayıl Mikayılov həmin hadisəni “İsmət” filminin süjet xətti kimi götürür və bu kino əsəri Şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilir. Rejissor filmin yaranması ilə bağlı xatirələrindən: “Mən İçəri Şəhərdə yaşayırdım. Bu qala divarları arasında hüquqsuz qadınların min bir müsibətini görmüşdüm. Yaxşı yadımdadır. Bir gün qonşumuzda bir qadın neft töküb özünü yandırmışdı. Bu hadisəni mən öz gözlərimlə görmüşdüm. Və o vaxtdan sonra uzun müddət həmin qadının faciəsini unuda bilmirdim. Qadınlarımızın taleyi həqiqətən də acınacaqlı idi. Hətta bir gün rus şairi Sergey Yeseninlə İçəri Şəhərin küçələrində gəzərkən dediyi bu sözlər indi də qulaqlarımda səslənir: “Doğrudanmı, sizin qadınlar küçələrə çıxmır, üzü açıq gəzmirlər? Bu ki, faciədir…” Ancaq ən dəhşətli hadisə ilə mən bir az sonra qarşılaşdım. İndiki Səadət sarayında o vaxt qadınlar üçün kurs təşkil olunmuşdu. Kursa gələn Səriyyə Xəlilova adlı bir qadının vəhşicəsinə öldrüldüyünü eşitdim. Həmin matəm mərasimində mən də iştirak etdim. Orada qadınların başlarından çadranı çıxarıb ayaqları altına atdıqlarının şahidi oldum. Təxminən həmin dövrdə mən qəzetdə Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyova haqqında bir məqalə oxudum. Bundan sonra Leyla haqqında bir sənədli film də çəkdim. Lakin qala divarları arasında rastlaşdığım o dəhşətli hadisələri unuda bilmirdim. Nəhayət, “İsmət” filminin ssenarisi üzərində işləməyə başladım. Və bu mövzuların hər üçünü birləşdirdim. “İsmət” filmi hazır olduqdan sonra Moskvada onu məşhur kinorejissor S.Eyzenşteynə göstərdim. Çox bəyəndi”.

Filmdə belə bir epizod var: “İsmət iş yoldaşları ilə Leyla Məmmədbəyovanın uçuşlarına baxmaq üçün aerodroma gəlir. Ona təyyarəyə minməyi təklif edirlər. İsmət təyyarəyə əyləşib səmaya qalxarkən külək onun çadrasını başından atır. Rejissor öz xatirələrində bildirir ki, Azərbaycan qadınını azad görmək onun arzusu idi.

ABŞ-ın “Huffington Post” nəşrində müharibədə iştirak etmiş məşhur qadın pilotlar haqqında geniş məqalə dərc olunub. 

Nəşr həmin qadınlar arasında azərbaycanlı pilot Leyla Məmmədbəyovanın da adını çəkib.

L.Məmmədbəyova yalnız ölkəsinin ilk qadın pilotu kimi təqdim edilməyib.

Nəşr yazıb ki, azərbaycanlı Leyla Məmmədbəyova həm də bütün Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olub: “O, 1909-cu ildə anadan olmuş, 1931-ci ildə ilk uçuşunu həyata keçirmiş və 10 il müddətində Sovet ordusunda eskadrilyaya başçılıq edib”.

Məqalədə qeyd olunub ki, II Dünya müharibəsi zamanı o, minlərlə paraşütçünün və hərbi pilotun hazırlanmasına və onlara təlimlər keçirilməsinə cavabdehlik daşıyıb.

“O, həyatı ilə Azərbaycandakı – qadınların səsvermə hüququna ABŞ-dan daha erkən sahib olduqları ölkədə müsəlman qadınlar haqqında stereotipləri qırıb”, – deyə məqalədə vurğulanıb. 

mənbə

198 Baxış

Unutmadıq

Comments are disabled.