Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi – FOTOPosted by on


Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış bu təhsil ocağı görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır.

Bütün müsəlman aləmində tanınmış milyonçu-neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər.

İmperator III Aleksandr sağ olanda Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa icazə istəyir.

III Aleksandr bu xahişi rədd edir. O, öləndən sonra II Nikolay taxta çıxır. Tacgüzarlıq mərasimi münasibətilə Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı verilsin. Eyni zamanda qız məktəbinin xərcini ödəmək üçün banka 150.000 manat qoyur, bu da beş faizdən ildə 7.500 manat gəlir gətirəcəkdi və bununla da məktəbin xərc-xərasatı artıqlamasilə ödəniləcəkdi.

İki ildən sonra 1896-cı ildə qız məktəbi açmağa icazə verilir. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslavskiyə tapşırır. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur, 184.000 manata başa gəlir. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.

Tağıyev, müsəlman qaragüruhçuları işə mane olmasın deyə, onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün iki nəfərə məktub, pul və qiymətli hədiyyələr verib, müqəddəs hesab edilən yerlərə – Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstambula, Tehrana və sair yerlərə göndərir və tapşırır ki, oradakı mötəbər, rəsmi din xadimlərindən, müctəhidlərdən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsınlar ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər, burada heç bir xilaf şey yoxdur.

Lakin müsəlman qızları üçün müasir məktəbin açılacağı xəbəri şəhərə vəlvələ salır, məclislərdə, bazarlarda, dükanlarda, toyda, yasda bu barədə söhbət gedir. Məhəllələrin başçıları, şəhərin ağsaqqalları iki dəfə Təzəpir məscidində toplaşıb qız məktəbi haqqında danışmaq istəmişdilərsə, nəticəsiz qalmışdı, dava-mərəkə düşür, məclis baş tutmur. Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar, tapançalı-xəncərli qoçular ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırıb, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırlar. Hacı Zeynalabdin Tağıyev müsəlmanların müqəddəs ziyarətgahlarındakı müstəhid və din xadimlərinin imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və şəhadətnamələri oxutdurub camaatı başa salmağa cəhd edirdi ki, qızların elm oxumalarında heç bir xilaf iş yoxdur, əksinə bu, çox vacib və lazımdır, bundan sonra qaragüruhçular təzədən soşurlar. Tağıyev məclisdə iştirak edən ən mötəbər iki din xadiminə: Bakı quberniya qazisi Mir Məhəmməd Kərimə və Mirzə Abutürab Axunda Quran ayələri oxutdurub tərcümə etdirir ki, müslüm (müsəlman kişiləri) kimi müslümələr də bütün biliklərə yiyələnməyə borcludur. Yenə etiraz səsləri ucalır.

Bu dəfə Hacı Zeynalabdin özü danışmağa başlayır: Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar… İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın, hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər; əcnəbi arvadlardan doğulan uşaqlar özözünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə atababa ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur.

Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylü-qal qopur, qoçular küçələrə tökülüşüb dikdaban ayaqqabı geymiş müsəlman qadın və qızlarının tufli və çəkmələrini çıxardıb, zorla nəleyin geyindirirdilər; azca üzü açıq olanların başlarına iri, qara çadra örtürdülər; mane olmaq istəyənləri, danışanları döyür, ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə göndərənlərin evlərinə soxulub öldürürdülər; o cümlədən, içərişəhərli Axund molla Ruhullanın evinə zorla girib namaz üstündə kişini qətl etmişdilər ki, birdən-birə iki qızını «şkola» yollayıb.

Hökumət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər ki, biz din-məzhəb məsələlərinə qarışmırıq.

Qızlara belə məsləhət görürlər ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin.

İki gündən sonra Aleksandra Fyodorovna qızlara teleqramla cavab yollayır, yeni açılmış məktəbdə əla oxuyub Vətənə və cəmiyyətə faydalı olmalarını, həyatda xoşbəxt yaşamalarını arzu edir. Bu teleqramla bütün mübahisələr və müsəlman qız məktəbinin taleyi bir dəfəlik həll edilir. …Məktəbə 58 qız qəbul edilmişdi; onlardan 35 nəfəri kasıb ailələrdən idi, təhsil haqqından azad edilmişdilər, geyim və yemək-içməklərinin xərcini Tağıyev ödəyəcəkdi (Əvvəldən 20 nəfər kasıb qızın pulsuz götürülməsi nəzərdə tutulmuşdu, sonra Hacı bu siyahıya 15 nəfər də əlavə edir).

Bu məktəb pansion və qapalı idi; qızlara həftədə bir dəfə, cümə günləri səhər saat 10-dan 17-yə qədər evlərinə getməyə icazə verilirdi. Məktəbdə dərslər 1901-ci il sentyabrın 7-də başlanmışdı. Sentyabrın 9-da dərsin açılışını bayram edirlər. Krımdan, Özbəkistandan, Peterburq və başqa yerlərdən çoxlu təbrik teleqramı gəlir. Bu şənlik münasibətilə öz sevincini bildirənlərdən biri Həsənbəy Zərdabi idi.

Bakı müsəlman qız məktəbinin şagirdləri üçün Dağıstan qızlarının geyimi rəsmi libas kimi qəbul edilmişdi.

Həmin geyim 1909-cu ildən rus qız məktəblərinin rəsmi paltarı ilə əvəz edildi – abı rəngli parçadan don, ağ önlük, bir də pelerina; gündəlik geyimdən başqa bayram və mərasim libası da vardı; imtahan vaxtı, bayram günləri, teatr və gəzməyə gedəndə mərasim libasını geyirdilər.  4 illik məktəb iki ildən sonra oldu 5 illik, sonra 6 illik, axırda da seminariya.

Hacı banka 100.000 manat 5 faizli qızıl pul verib məktəbi seminariyaya çevirtdirmişdi. Onu da qeyd etmək vacibdir ki, təkcə məktəb binası tarixi sənədlərə görə 183.533 manat qızıl pula tamam olmuşdu, tədris avadanlığına əlavə qızıl pulla 29.000 manat xərclənmişdi. Bankda da 125.000 manat toxunulmaz kapital 5 faiz gəlirlə saxlanılırdı ki, məktəbin xərclərini təmin etsin. Məktəb seminariyaya çevriləndən sonra vəsait 225.000 manat olmuşdu.

Binanın zirzəmisi Orucov qardaşlarına mətbəə üçün kirayəyə verilmişdi ki, buradan da əldə edilən neçə min manat pul yenə qız məktəbinin ehtiyacına sərf edilirdi. Həmin məktəbin nəzdində qadın müəllimlər üçün ikiillik hazırlıq kursu açılmışdı. Qız məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb. Məktəbi ilk dəfə qurtaran qızlara Azərbaycan dilinə tərcümə edilmiş Quran, Lev Tolstoyun, Puşkinin, Qoqolun, Lermontovun əsərlərindən nüsxələr, təzə libas və başqa hədiyyələr verilir və bundan sonra hədiyyə vermək ənənəyə, adətə dönür. Qız məktəbinin birinci müdirəsi Hənifə xanım Məlikova (Həsənbəy Zərdabinin həyat yoldaşı) idi.

İran şahı yolüstü Bakıda olanda, arvadı qız məktəbinə gəlir və hər şagirdə qızıl zəncirdən asılmış bir onluq qızıl bağışlayır; qızlar da bu bəxşişi həmayil kimi boyunlarından asırlar.

Mənbə: Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”

 

240 Baxış

Unutmadıq

Comments are disabled.