Müəllim olmaq onun uşaqlıq arzusu olub – FOTOPosted by on


Yeganə xanımın fikrincə direktor çox vaxt inzibatçı olmaqdansa yaradıcı olmalı, və uğura inanmalıdır, çünki, uğur həmişə uğur gətirir. Bu insanın öz gücünə inamını artırır və yeni uğurlar qazandırır.

Müəllim olmaq onun uşaqlıq arzusu olub. Anası Nəzakət xanım uzun illər Ana dili və ədəbiyyat müəllimi işləmişdir. Anasına olan böyük sevgi və məhəbbət onun peşəsinə olan məhəbbətə çevrilmişdir.

O, daim öz üzərində işləyir, müxtəlif treninq və kurslarda fəal iştirak edərək yeniliklərə yiyələnir, öz ustalığını və pedaqoji talantını artırır.

Əliyeva Yeganə Rafiq qızı 13 oktyabr 1969-cu ildə Siyəzən şəhərində anadan olub.

Siyəzən şəhərində orta məktəbi bitirdikdən sonra, 1989-cu ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika-psixologiya fakultəsinə daxil olmuş və 1994-cü ildə müvəffəqiyyətlə bitirmişdir.

Həmin ildən Siyəzən rayon Təhsil şöbəsində metodist və şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifələrində çalışmışdır.

2009-cu ildən Siyəzən şəhər 6 saylı tam orta məktəbə direktor təyin edilmişdir.

Qısa müddət ərzində Y.Əliyevanın rəhbərliyi ilə məktəb nəinki rayonun, hətta Respublikanın qabaqcıl təhsil müəssisəsinə çevrilmişdir.

2011-ci ildə Azad Həmkarlar İttifaqları Konfederasiyasının 5000 müəssisəsi arasında “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəsissəsi” devizi altında keçirilən Respublika müsabiqəsində ən yaxşı nəticələrinə görə, AHİK-nın Fəxri Fərmanı və qiymətli hədiyyəsi ilə təltif edilmişdir.

Lisey 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.

2016-2017-ci tədris ilində məktəbi qızıl medalla bitirən Baxşıyeva Nərgiz 693 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş və Ölkə Başçısının sərəncamı ilə Prezident Təqaüdünə layiq görülmüşdür.

2017-2018-ci tədris ilində Səfərli İlkin məktəbi qızıl medalla bitirmişdir. O, coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasında 3-cü yerə layiq görülmüşdür.

Ötən tədris ilində Y.Əliyevanın rəhbərliyi ilə lisey,”Təhsildə inkişaf və innovasiyalar birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə “Təcrübədən Səriştəyə doğru”-“Peşə seçək Peşəkar olaq” layihəsi ilə qalib olmuş və həmin layihəni uğurla həyata keçirmişdir.

Layihə çərçivəsində məktəbin şagirdlərinə müxtəlif peşələr haqqında məlumatlar verilmiş, treninqlər, ekskursiyalar həyata keçirilmişdir. Hər bayram ərəfəsində şagirdlər əl işləri hazırlamış və məktəbdə sərgi təşkil olunaraq həmin işlər nümayiş etdirilmiş, fərqlənənlər mükafatlandırılmışdır.

Məktəbdə şagirdlərdə vətənpərvərlik, səmimilik, dözümlülük, tolerantlıq, xalqa məhəbbət duyğularının aşılanmasını ön plana çəkilir.

Təhsil ocağında həyata keçirilən bütün tədbirlər bunun bariz nümunəidir.

Məktəbdə mütəmadi olaraq Qarabağ müharibəsi qaziləri ilə görüşlər təşkil olunur. Qarabağ müharibəsi haqqında stendlər hazırlanıb məktəbin dəhlizlərində yerləşdirilmişdir.

Məktəbə daxil olduqda hər şey göz oxşayır, burada hər şey bir məqsədə şagirdlərin keyfiyyətli təhsil alması üçün ideal şəraitin yaradılmasına yönəlmişdir.

Məktəbin həyətində Yeganə xanımın şəxsi vəsaiti hesabına bulaq inşa edilmişdir.

470 Baxış

Təhsil

Comments are disabled.