Kriminal məhəllədən çıxan “avtoritet”Posted by on


                                                Fuad Poladovun “Davam edən istintaqı”

Köhnə “Sovetski” Bakı tarixinə iki məqama görə düşüb. Biri kriminallığına görədirsə, ikincisi, bəlkə də yerlərini dəyişik də demək olar ki, mədəniyyət-ədəbiyyat adamlarına görədir. İndi haqqında söhbət açdığım sənətkar da həmin küçədə, məhəllədə yetişib. Bir tərəfdə qan-qan deyən “avtoritetlər”, bir tərəfdə teatra, mədəniyyətə, ədəbiyyata meydan oxuyan elm və sənət adamları. Bu mühitdə başqa necə yetişmək olardı…

Ona görə də yayı İsmayıllıda nənəsinin yanına gedib laləzarlıqda keçirsə də: “İsmayıllı rayonunda ana nənəmin yanında daha sərbəst, daha xoşbəxt idim. Hara istəyirsən gedirsən, nə istədin eləyirsən, nənə bir söz demir. Azacıq deyinə bilər, vəssalam. Haradasa 1-ci sinifdən 6-cı sinifə qədər hər yay nənəmin yanında, kənd həyatı məktəbi keçmişəm. At çapmaq, çayda üzmək, bütün çətinliklərə düşüb-çıxmaq… Belə qalıb xəyalımda. Uşaqlıq dövrüm daha çox kəndlə bağlıdır. Orada da axşamlar eyvanda pərdə çəkib tamaşalar göstərərdik uşaqlarla. Gündüzlər yenə çöl, meşə, camaat həyətinin məhsulunu bazara çıxarardı, mən də nənəmin həyətindən kartof yığıb qoşulardım onlara. Göyçaya kartof satmağa getmişəm…

Bir dəfə hətta çobanlıq eləmişəm, çoban xəstələnmişdi, dedilər ki, çoban sağalınca növbə ilə hər ailədən bir nəfər “nobata” getməlidir. Nənəmin də bir inəyi vardı. Adı indiyə kimi yadımdadır – “Sürməağız”… Bunlar hamısı çox yadda qalan şirin xatirələrdir.”

“Sovetski” isə ümumi həyat məktəbi idi: “Burda dram dərnəyinə gedirdim, sonra dərs yükü artdı, televiziyada uşaq verilişlərində iştirak edirdim. Belə-belə baş qarışdı şəhər həyatına.”

İlk dəfə hələ 10-cu sinifdə oxuyanda “İstintaq davam edir” filminə çəkilməklə həyat və sənət yolu müəyyən olunur. Belə gəlir Azərbaycan teatr və kino tarixinə Fuad Poladov adı. “Hə… İlk dəfə hələ 10-cu sinifdə oxuyarkən “İstintaq davam edir” filminə çəkildim, evə şəkilləri gətirmişdim. Atam gördü ki, bu məsələyə münasibətim ciddidir, şəkilləri götürüb cırıqladı. Onsuz da teatra marağımın ötəri olmadığını hiss eləmişdi.”

10-cu sinifdə oxuyarkən kinostudiyanın nəzdində yaradılmış aktyorluq kurslarına daxil olur. 132 nömrəli məktəbin şagirdi yaxınlıqdakı İncəsənət İnstitutu diplom işi müdafiə edən tələbələrin tamaşalarında da uşaq rollarında oynayardı. İnstitutun rektoru onu belə görüb təhsil almağa dəvət edir. Sənətə kinodan gəlmiş aktyor uzun bir müddət Akademik Milli teatra bağlanır. Tofiq Kazımov ilk dəfə İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında Savalan rolunu verir ona. Üstəgəl teletamaşalar. O dövrün hansı tamaşaçısının xəyalında Emin Bəxtiyarov obrazı qalmayıb? Aktyor özü isə: “Məni indi də bəzən küçədə “Alov”, “Atayevlər ailəsi” tamaşalarından tanıyırlar. Baxmayaraq ki, mən o obrazların hər ikisində oynamaqdan imtina etmişdim. Mərhum Lütfi Məmmədbəyov çox israrla mənə o rolları oynadıb. Televiziyada onlardan sonra, Ramiz Həsənoğlu ilə “Fatehlərin divanı” maraqlı oldu, bir də Mehriban Ələkbərzadə ilə “Cəza” maraqlı işlərdən biri idi.”

Filmoqrafiyasında 37 filmin adı var. Aktyor deyir daha çoxdur: “Doğrudan 37-dir..? Təəccüblü gəldi mənə, kinoda ondan çox az obrazın adını çəkə bilərəm. Onların çoxunu hesaba salmıram, birini rejissorun xatirinə oynamışam, başqa birini nəyinsə xatirinə. İndi eləmərəm e, o vaxt cavan olmuşam. Məsələn, elə “Ad günü”ndə Rasim Ocaqov birtəhər başımı tovladı, xahiş etdi ki, bunu ancaq sən edə bilərsən.”

Milli Dram Teatrının çox uğurlu tamaşalarından olan “Təhminə və Zaur”dan sonra Fuad Poladov uzun bir müddət o səhnəyə çıxmadı. Aktyor yalnız müxtəlif obrazlara girən, müxtəlif xarakterlər yaradan material deyil. O, həm də bütün insanlar kimi bir şəxsiyyətdir. O, da hansısa laqeyidlikdən inciyə, yaxud qısqanclıqdan yaxa qurtarmağa çalışa biləndir. Bəzən onu əhatə edən və sıxan mühitdən sadəcə baş götürüb gedə bilər. Susub gedər, yaxud üsyan ediban.

Fuad Poladov əslində qəlbində üsyan etdi, bəlkə də həmin məqamda bir-neçə kəlmə etiraz da ifadə etdi, amma hələ də o barədə susur. Bəzən susmaq da nələrisə çox gözəl şəkildə ifadə etməkdir.

Sevgisini də bu sənətin yollarında tapdı. Tapdı-itirdi. Sevdiyi özü kimi sənətin yollarında sevə-sevə addımladığı həmkarı idi. Amma Azərbaycan kişisinə xas xarakterə malik aktyorsənətkar Fuad Poladovun istədiyi sadəcə evə gələndə xanımının onu qarşılaması, gülərüzlə süfrə açıb qulluq göstərməsi idi. İki sənətkarın həyat yolu buna görə ayrıldı, amma sənətdə bu yol davam edirdi.

Ailədə adi məişət qayğılarından tutmuş iri həyatıvacib məsələlərə qədər hamısı Fuad Poladovun çiyinlərindədir: “Ailə başçısı kimi də yaxşı olmağa çalışıram, ata kimi də, sadəcə, səhnəni dəlicəsinə sevirəm”.

Yaratdığı saysız-hesabsız teatr rolları içərisində özünün sevdiyi Napaleon, Hamlet, Sezar, Bunin, Timonla, İblisdir.

Son illər çəkildiyi filmlər “Arxada qalmış gələcək”, “Ovsunçu”, “Günaydın, mələyim”, “Güllələnmə təxirə salınır”, “Küçələrə su səpmişəm”, “Aktrisa” filmləridir. Həmkarları ilə müqayisədə onun kino taleyi də rəngarəngdir. Kino az qala olmayan vaxtlarda belə Fuad Poladov kinosuz qalmayıb, çəkilib.

Son illərin ən çox sevilən obrazıdır “Güllələnmə təxirə Salınır”da Xan: “ Elədir. Mən o cür insanları görmüşəm, onlarla yaxınlığım olub. O vaxt bir məhşur “oğru” var idi, ümumittifaq miqyasda tanınırdı. “Sanka zver” ləqəbli – adı Cabir idi. Onunla ünsiyyətdə olmuşam, dəfələrlə. Yaxın tanıdığım insanlar olub. “Sovetski”də böyümüşəm, məktəb dostlarım da içərişəhərli uşaqlar olublar.

Bu böyük həyat məktəbidir. Əgər o obraz belə canlı alınıbsa, bunların böyük təsiri var. Həyatda keçdiyin yol var e, həyat universitetləridir. Onlar insana çox kömək edir. Hələ gənc ikən, uşaq ikən yan-yörəndə sınan, əyilən, tapdanan, əzilən insanları o qədər görürsən ki, eyni vəziyyətə düşməməyi öyrənirsən, bu situasiyalara düşəndə necə çıxmaq lazım olduğunu öyrənirsən.

Bir dəfə bir həmkarım başqa bir adam haqqında qəzəblə danışdı mənim yanımda ki, o qoymadı məni inkişaf etməyə, qolqanad açmağa. İntiqamımı mən almasam, oğlum alacaq, o, belə, o, filan… Üstündən az bir müddət keçmiş, müşavirədə bu adam durdu həmin adam haqda elə yüksək fikirlər dedi ki, mat qaldım. Çıxanda çalışıb onunla üz-üzə durdum ki, gözlərimin içinə baxsın. Baxdı… Qulağıma da pıçıldadı ki, “ə..siyasətdi də…”. Tutdum yaxasından, çəkib özümə tərəf mən də onun qulağına pıçıldadım ki, “hər şeyin öz adı var, bu siyasət deyil…”

Beləcə “Sovetski”dən başlayan “İstintaq davam edir”, istintaq yox, həyat və sənət yolu davam edir. Bu gün Fuad Poladovun 64 yaşı tamam olur. Bunu təbrik kimi qəbul edin, lütfən

Ramilə Qurbanlı

“33 pərdəli dram”

187 Baxış

Maraqlı

Comments are disabled.