“Heç bir dilənçi ona əl açmazdı, bilirdilər ki, faydasızdır” – VİDEOPosted by on


XIX əsrin sonunda Bakıda neft bumu yaşanırdı. Neftdən gələn gəlir hesabına Bakıda neftxuda-milyonçuların sayı artmağa başlayır.

Bakı milyonçularından biri də Ağa Musa Nağıyev (1849-1919) idi. O da başqa milyonçular kimi, amansız, istismarçı, üstəlik, həddindən ziyadə xəsis, malını yeməyən idi. Var-dövlətdə o, Hacıdan heç də geri qalmırdı. Hətta üstün idi. Axır vaxtlarda H.Z.Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin varı-dövləti yetmiş milyon manat qızıl pula çatmışdı.

Ağa Musanın adı gələndə Balzakın təsvir etdiyi Qobsek xatırlanır. Ağa Musa Avropa kapitalist tamahkarlığının və xəsisliyinin Şərq variantıdır.

Milyonçu Ağa Musa “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

Ağa Musa cavanlıqda adi hambal imiş, dalında palan biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış; neft hesabına milyonçu olmuş neftxuda idi.

Şəhərdə həm çoxlu mülk tikdirdi və həm də yenisini aldı; yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi idi, (Bakıda evi çox olanlara mülkədar deyirdilər).

O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında, Spaski (Qasım İsmayılov) küçəsi ilə Kimnazist (L. Tolstoy) küçəsinin tinində ikimərtəbəli binada yaşayırdı.

Evin tinindəki daş fanara – “Səng fanar” deyirdilər. Daş fanara qırmızı, yaşıl, abı, firuzəyi şüşələr salmışdılar; axşamlar ətrafa əlvan şəfəqlər saçardı. Uşaqlar toplaşıb “Səng fanar”a heyran-heyran, maraqla tamaşa edərdilər.

Təmtərağı sevən deyildi, şan-şöhrətdən məst olmazdı, artıq xərcdən, israfçılıqdan boyun qaçırardı.

Deyirlər İshak Qaraxanov adında bir dəllək hər həftə evə gəlib Musanın saqqalını qırxar, başını düzəldərdi. Dəllək bir dəfə yerə döşənmiş xalını göstərib deyir ki, xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə. Ağa Musadan görünməyən səxavət, işlər müdirinə tapşırır ki, bir belə xalı al ver ustaya.

Bir dəfə dənizdə bərk tufan olur, çoxlu gəmi batır, Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir ki, yükü və gəmini zorla xilas etmişəm, (bir qoyun) qurban kəsməyi nəzir demişəm, icazə ver… Ağa Musa bərk dilxor olur, kapitanı başlayır məzəmmət eləməyə: “Çox nahaq yerə, atam, atam, mənim hesabıma niyə qurban nəzir edirsən. Belə vaxtlarda əhd elə ki, bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm”. Gəmilərin komandası, səfər zamanı sahibkarın hesabına yeyib-içir, məvacib də alırdılar.

Bir nəfər neftli torpaq ələ keçirdib, quyu qazdırır. Neft isə çıxmır ki, çıxmır. Əlindəki var-yox qurtarır. Qohum-əqrəbadan borc alır, yenə neft çıxmır. Usta və fəhlələr işi yarımçıq qoyub gedir. Kimə ağız açır, pul verən olmur. Axırda məcbur olub gedir Ağa Musanın yanına, vəziyyəti ona danışıb, borc istəyir. Ağa Musa onun xahişini rədd edir. Əlacsız qalıb tanınmış ağsaqqallardan, sözü keçən ruhanilərdən bir neçə nəfər götürüb təzədən Ağa Musanın yanına xahişə gedir. Xeyli söhbətdən sonra gəlirlər mətləb üstə, Ağa Musa deyir: “Atam, atam, zəhmət çəkib gəlmisiz, bu cəncəl adama mən pul etibar edə bilmərəm… Desəm ki, yoxumdur, yalan olar. Varımdır. Amma vermirəm”. Axund söhbətə qarışır, üz vurur: “Ağa Musa, əl tutmaq Əlidən qalıb. Kömək elə, yazıq dara düşüb, müsəlman qardaşdır, əsirgəmə, bir-iki min manat borc ver, sözümüzü yerə salma”. Ağa Musa azca fikirləşib deyir: “Atam, atam, yaxşı, üz vurursunuz, sözünüzü yerə salmıram… Amma bir şərtim var. O şeyi ki, borcu istəyəndə pulumun əvəzinə mənə göstərəcək, qoy onu elə indidən göstərsin ki, sora mənə ağır gəlməsin”. Adamlar gülür. Axund danışmaq istəyəndə Ağa Musa onun sözünü kəsir: “Atam, atam, dedim qurtardı. Bir də deyirəm, indi görsəm sonra məni o qədər də ağrıtmaz…”.

Şəhərin mərkəzində tikdirdiyi binalar hazır olanda Ağa Musa müsəlman arvadını və uşaqlarını Tarqovı (Nizami) küçə ilə Marinski (Karqanov) küçəsindəki əzəmətli binaya köçürdür. Özü isə milliyyətcə gürcü olan ikinci arvadı ilə Telefonnı (28 Aprel) küçəsində yerləşən binanın ikinci mərtəbəsini tutur.

Məclislərdə gürcü qızını camaata təqdim edəndə rus dilində kələ-kötür deyərdi: “Наш жена…”. Zarafatcıllar daldada onu ələ salırdılar: “Nə olar, II Nikolay həmişə “я” əvəzinə “мы”, bir də: “Я и Россия”, “Мы и Россия” deyirdi Ağa Musa da “наш жена” deyir. Özünü çar Nikolaya oxşadır”. Ağa Musa arvadını мая Aмалия çağırırdı.

Ağa Musa Nağıyevin nəvəsi, Dilarə Ağamusa Nağıyeva-Muxtarova öz “Hər ömür bir tamaşa” kitabında yazır: “Bəhayi təriqətinə xidmət edən Cankorova Yelizaveta Qriqoryevnanın kimsəsiz uşaqlara kömək etmək məqsədilə cəlb etdiyi Ağa Musanın sonradan bu Cəmiyyətin fəal üzvünə çevrilməsində və ardıcıl olaraq bu xeyriyyəçiliyini davam etməsində çox böyük rolu olub.

Bunun müqabilində Yelizaveta ilə Ağa Musanın kəbini də məhz bu Cəmiyyətdə kəsilib. Təşkilata əvvəllər Şeyx Ələkbər Koçani, 1911-ci ildən isə Bala Kərimov sədr seçilir. Ağa Musa Nağıyev Cəmiyyətin Fəxri sədri seçilir.

 Bəhayi təriqəti Allaha, Qurana və müsəlman dininə inanan və itaət edən bir təriqətdir.

Gözəlliyi və açıq-saçıqlığı ilə Ağa Musanın ağlını başından çıxaran Amal (Ağa Musa onu belə çağırardı), birgə yaşadıqlarından yalnız 10 il sonra, 1907-ci il martın 28-də Bəhayi təriqətilə kəbinlərinin kəsilməsinə nail olur. Övladları olmur.

Ağa Musanın müsəlman qadını Ümmə Səlmə – İsmayıl və Ümmül Banunun anası ilə 1873-cü ildən “Hacı Qasımbəy” məscidində kəsilmiş kəbini isə ömrünün sonuna qədər də qüvvədə qalır.

P.S. Ağa Musa Nağıyevin Yelizaveta ilə böyük eşq macərası olub. Dörd qardaşın bir bacısı olan, 1882-ci il təvəllüdlü, milliyyətcə gürcü yəhudisi olan Yelizaveta, naməlum səbəbdən 1897-ci ildə Tiflisdən Bakıya gəlir və  48 yaşlı milyonçu Ağa Musa Nağıyev ilə müəmmalı şəkildə rastlaşır. Görünür ki, milyonlar bu gənc qızın gözlərini bağlayır və özündən 33 yaş böyük olan insan ilə bu zamandan başlayan məhəbbəti Ağa Musa dünyasını dəyişənədək, 22 il davam edir. Onlar Ağa Musanın Staropolitseyskaya küçəsi 14, indiki S.Vurğun küçəsinin B.Səfəroğlu küçəsilə kəsişdiyi ünvanındakı evində yaşayırlar.”

Mantaşev bir dəfə söhbət əsnasında öyünür ki, Parisdən yola düşməmiş Puankare mənim şərəfimə təntənəli raut düzəltmişdi. Ağa Musa soruşur: “O Raut Puankaranın neçə buruğu var? Nə qədər neft çıxardır gündə!”. “Raut adam adı deyil, qonaqlıqdır, məclisdir. Puankara neft çıxarmır. – Mantaşev izah edir. – O, Fransanın prizidenti, upravlyaşisidir”. “Əh! Nə böyük matah imiş pravlyaşi… Mənim hər mədən başı bir pravlyaşim var, – deyə Ağa Musa ağzını əyib, eyhamla gülür. – Gözləri elə əlimdədir; ömrümdə, dünyasında onlara qonaq getmərəm. Upravlyaşi nədir ki, ona qonaq da gedəsən?!”.

Ağa Musadan xoşu gəlməyən adam soruşanda ki, işlərin nesədir, qəsdən heç bir mənası olmayan: “İşlərim Nobelinki kimi – baca enli, güdəy, nə qədər istəsək qara tüstü, göz çıxardır…” cavab verərmiş.

Heç kim bilməzdi ki, mədənlərdən nə qədər neft hasil edir, bağlı fontan var ya yox. Çənlərdə, anbarlarda nə qədər neft var, haçan satacaq.

Əşyanı alanda qəpik təklif edərdi, satanda isə eyni şey üçün manat istərdi. Saçını rəngləmək üçün həna ilə basma qaranın girvənkəsinə (400 qram) bir şahıdan (5 qəpik) artıq verməzdi; deyərdi ki, 1870-ci ildə o qiymətə alırmış. Baqqallar da ona satdıqları hənaya, rəngi çox, hənanı lap az qatardılar.

Ağa Musa mədənə gəlir, görür ki, kontorun yanında divar hörən bənna və fəhlələr nahar fasiləsinə çıxıb, işə yaramayan taxtalardan ocaq qalayıb qızınır, çörək yeyir, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti alışdırıb yandırır. Ağa Musa deyir: “Bala, sabahdan işə çıxma, get kontora haq-hesabıvı al”. İş icraçısı çaşır: “Niyə, Ağa Musa?..”. Ağa Musa: “Ona görə ki, qabağında o boyda ocaq – papirosu yandırmırsan, nahaq yerə kibriti zay edirsən, öz maluvun qədrini bilmədiyin halda, mənim malımın qədrini heç bilməzsən”.

Bir dəfə milyonçuların arvadları “Cəmiyyəti xeyriyyədə” ziyafət düzəldirlər, bir-birinin bəhsinə geyinib, bəzənib gəlirlər… Deyilənə görə, həmin ziyafəti təsvir etmək mümkün deyilmiş, ləl-cəvahirat, platin-qızıl içində üzən qadınların gülüş və qəhqəhələri binanın möhtəşəm salonlarında əks-səda yaradırmış. Ağa Musanın gürcü arvadı, bəzəkdə, geyimdə, cəvahiratda birinci yeri tutur. O, başdan-başa zümrüd içində imiş, hamısı da güllər-çiçəklər, quşlar, pərvanələr şəklində; ayaqqabıları bərq vururmuş. Gürcü qızı foyeyə girəndə hamı heyrətdən içini çəkir, donub qalır. Bu əhvalat şəhərdə uzun müddət söhbət mövzusu olur.

Neftxuda Mantaşovun işlər müdiri Qriqori Aleksandroviç Qazarbekov deyirdi ki, birdən xəbər yayıldı ki, bəs Ağa Musa şəhərdə səkkiz əzəmətli bina tikdirir. Dördünü Telefonnı (28 Aprel) küçəsində, birini Kaspi (L. Şmidt) küçəsində. Bir mülk də Tarqovı (Nizami) küçəsi ilə Marinski (Karqanov) küçəsinin tinində, biri opera teatrının yanında, yeddi mərtəbəli “Novaya Avropa” (Göy-göl) mehmanxanası, Qarçakov (Malıkin) küçəsində, biri də şəhərin qırağında, indiki Semaşko adına xəstəxananı… Bu binaları tikməyi ev podratçısı Hacı Qasımova tapşırmışdı. Azərbaycanlı milyonçular evlərini tikməyi ona podrata verirdilər. Hacı Qasımovun özünün də şəhərdə bir neçə iri binası vardı. Bədxahlardan biri, aranı vurmaq, işi pozmaq üçün gedib Ağa Musaya xəbər verir ki, Hacı Qasımov sənin evlərinin hesabına özünə də Stanislav (Lenin prospekti) küçəsində Bakı texniki məktəbi ilə üzbəüz dörd mərtəbəli, böyük imarət tikdirir. Sənin səkkiz mülkünün hesabına doqquzuncunu özünə tikdirir. Ağa Musa gülüb deyir: “Atam, atam, məndən heç kəs, heç nə oğurlaya bilməz… Hacı Qasım o mülkü material aldığı adamların hesabına tikdirir; məndən səkkiz bina üçün aldığı pula, doqquz binanın materialını alır, hər səkkiz daşa bir daş, səkkiz dirəyə bir dirək, səkkiz mismara bir mismar… Bənna və əmələlərlə də eynilə. Mən mülklərimə sərf edilən şeyləri, hətta yivləri, mismarı əlimlə bir-bir yoxlamamış təhvil götürmürəm. Bunu podratçılar, mənimlə alver edənlər çox yaxşı bilir…”.

Hacı Qasımovun podratla bina tikmək kontoru ilə yanaşı böyük ticarət mağazaları vardı, hər növ inşaat materialı satırdı. Dünyanın hər yerindən mal gətirtdirirdi. Böyük mağazalarından birisi texniki məktəblə üzbəüz olan mülkün altında idi; cənuba baxan divarda böyük hərflərlə yazılmışdı; – Parket – Döşəmə.

Qriqori Aleksandroviç Qazarbəyov danışırdı ki, Mantaşov mənə tapşırmışdı ki, müsəlmanların, Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlı bütün xeyir-şər mərasimlərinə gedərsən və o məclislərdə pul əsirgəməzsən. Bir dəfə dəvətnamə aldım ki, müsəlman Cəmiyyəti-xeyriyyəsində mərasim olacaq. Qoltuq ciblərimdən birinə yüz manat, o birisinə isə 800 manat pul qoydum. Foyeyə girəndə mənə sarı gələn xanımın gözəlliyinə, üst-başındakı ləl-cəvahirata valeh oldum. Durduğum yerdən tərpənə bilmədim, elə bil məni ovsunlamışdılar. Bu, Hacı Zeynalabdinin arvadı Sona xanım idi; gözəllikdə və səxavətdə məşhur idi, xeyriyyə işlərinə çox kömək edərdi. Onu müşayiət edən iki qızın əlində məcməi vardı; birisində ipək lent parçaları, o birisində isə pul… Ləl-cəvahirat içində üzən Sona xanım məcməidən bir ipək lent nişanı götürüb döşümə taxdı; mən qeyri-ixtiyari qoltuq cibimdəki pulu çıxarıb, dəvətnamənin arasına qoydum və məcməiyə saldım. Bu vaxt Ağa Musa Nağıyev göründü. Sona xanım onun da döşünə bir nişan taxdı. Ağa Musa cibindən bir göy üç manatlıq çıxardıb əli əsə-əsə məcməiyə atdı. Sona xanım gülümsəyib dedi: “Ağa Musa, bir az əvvəl oğlun Ağa İsmayıl məcməiyə bir yüzlük qoydu, sən isə…” Ağa Musa xanımı sözünü tamamlamağa qoymadı: “Atam, atam, o verər, ona nə var, o mənim oğlumdur, milyonçu Ağa Musanın oğlu… Sona xanım, mən kimin oğluyam? Saman satan biləcərili Nağının…”. Qazarbəyov deyirdi ki, bayırda qoltuğumu yoxlayanda baxıb gördüm ki, xanımın gözəlliyinə, üst-başındakı cəvahirata valeh olub, çaşdığımdan 100 manat əvəzinə, məcməiyə 800 manat salmışam.

Rusiyada oxuyan azərbaycanlı tələbələr üçün pul yığanlar Ağa Musanın yanına gedirlər; o da çıxardıb üç manat verir. Deyəndə ki, Tağıyev 200 manat verdi, Ağa Musa cavab verir: “Hacı dövlətli adamdır, o, əlbəttə verər. O, beş yüz də verə bilər… Atam, atam, mən kasıb babayam, məndə o qədər tanxa hardan!”.

“Qış klubu” adlanan əzəmətli bina və ona bitişik “Astoriya” mehmanxanası da Musa Nağıyevinki idi, çoxlu mənfəət götürür, kirə alırdı. Ağa Musanın qardaşı oğlu Nağı Nağıyev bir gecə “Qış klubu”nu bağlatdırıb ziyafət vermişdi. Əliaçıq adammış; əmisi də xatirini çox istərdi. Ağa Musa bəzən qumar otağında həmişə oturduğu kresloda əyləşər, qumar oynayanlara baxar, arabir mürgüləyərdi; var-yoxunu uduzanlar, dəryada batan saman çöpündən yapışan kimi Ağa Musa oturan kresloya tərəf qaçar, ətəyindən tutub yalvarmağa başlardı. O isə, halını pozmadan bircə kəlmə ilə qərarını deyərdi. Hamı bilərdi ki, qoyduğu şərti göy yerə ensə də dəyişdirə bilməz. Bu yolla on minlərlə manat pul, iri imarətlər, neftli torpaq, mədən və zavodlar, gəmilər onda bir, iyirmidə bir qiymətinə dəyər-dəyməzinə Ağa Musanın polad caynağına, amansız pəncəsinə keçərdi. Qumar ayağında doğma qardaş belə dada çata bilmirdi.

Banket və məclislərdə hər kəs varına və nüfuzuna görə ayrılan yerdə, göstərilən stulda otururdu. Künclərdə dəllallar və iş düzəldənlər, yan tərəflərdə zavod sahibləri, ortada isə bankirlər, maliyyə nəhəngləri, neftxudalar əyləşərdilər. Hər stolun arxasına qoyulan stulların qoyuluşunda bir məna vardı. Salon özlüyündə iqtisadi xəritəyə oxşayırdı. Sərvətin artması və azalması ilə ildən-ilə bu xəritəyə əl gəzdirilərdi; birdən küncdəki, heç kəsin vaxtilə saymadığı nəzəri cəlb etməyən dəllal gözlənilmədən mərkəzə köçərdi və əksinə, mərkəzdə ən mötəbər yerdə əyləşənlər yoxa çıxardı. Bəzən xəritə hər an təshih olunar və yerlər dəyişərdi.

Öz yerində daimi oturanlar on-on beş nəfər idi; mövqeləri heç vaxt dəyişməzdi. Güzgülü salondakı girdə ziyafət stolunun dövrəsində ancaq nəhəng neftxudalar və bankirlər oturardılar. Qab-qacaq gümüşdən, billurdan və farfordan olurdu.

Ziyafət zamanı bir-birinin sirrini, planını, maliyyə gücünü və buraxılacaq aksiyanın miqdarını min bir yolla öyrənməyə cəhd edərdilər. Əli aşağı olan adamlar Ağa Musaya dövlət bankına veriləcək vekselə (zəmanət kağızına) qol çəkdirmək üçün əvvəldən bir balaca qumar məclisi düzəldər və Musaya beş-altı manat qəsdən uduzub kefini kökəldəndən sonra zəmanət kağızını imzaladardılar. Bəzən onu restorana qonaq aparırlarmış. Bir kənarda oturub, bir tikə çörək üstünə kotlet qoydurub yeyərmiş ki, atam, atam, mən toxam, iştahım küsüb.

Heç bir dilənçi ona əl açmazdı, bilirdilər ki, faydasızdır. Borc istəyənlərə deyirmiş ki, pul işinə mən baxmıram… Pravlyaşim Fətulla bəy baxır… Beləliklə, yaxasını qurtarırmış… 1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş. 1919-cu ildə varislər Musa Nağıyevin mirasını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Məhkəmə üç dəfə işə baxır. Ruhani cəmiyyəti də tələb edirdi ki, Ağa Musa şiə məzhəb olduğuna görə, sərvətin ondan biri məscidə verilməlidir, rəsmi iddia təqdim etmişdilər. Bu əhvalatdan varislər yaman narahat olmuşdular; ruhani idarəsinin iddiasını rədd etmək üçün, sübut elədilər ki, vaxtı ilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırdıb, Bəhayi kitabına əl basıb, qəsəm edib. Elə buna görə də o, vəfat edəndə məsciddən cənazəni müşayiət etməyə az adam gəlmişdi.

Yeri gəlmişkən qeyd edək ki, Bakıda Bəhayi məzhəblilər də vardı, onlar xüsusi məscid tikdirmişdilər. Bu minarəsiz məscid Çadrovı (Mirzağa Əliyev) küçəsindəki mülkdür, qapısı və iri pəncərələri mavi boya ilə rənglənmişdir. Bəhayi məzhəbi bu rəngi və rəngləri hesab edir. Məscidin həyət tərəfindəki şüşəbənd eyvanı da mavi rənglə boyadılıb. Küçədəki baş qapının üstündə pirani bir qocanın borelyefi də var. Təəccüblü orasıdır ki, bəhayilər Musa Nağıyev kimi ayıq, ehtiyatlı, hiyləgər bir adama məharətlə təlqin etmişdilər ki, bu məzhəbi qəbul eləcə ölməyəcək. İnanırdı da.

Bir dəfə Tağıyevin evində eyvana çıxır və Hacını da çağırır yanına, tikdirdiyi yeddi mərtəbəli “Yeni Avropa” (Göy-göl) mehmanxanasını (o zaman Şəhərdə yeganə yeddi mərtəbəli mehmanxana idi) göstərib deyir: “Zeynalabdin, əyər ölsəydim, mən o mülkü tikdirməzdim, o qədər xərc tökməzdim, mən ölməyəcəyəm”. Maraqlı orasıdır ki, İranda camaat arasında ölməyəcəyi elan edilmiş bəhayiləri İran Şahı tutdurub, meydanlarda, camaatın gözü qabağında dar ağacından asdırırdı və sübut edirdi ki, ölürlər.

Bəhayi qanununa görə sərvət ölənin arvadı, uşağı və nəvələri, qohumları və iyirmidən bir hissəsi maarif işləri üçün paylanmalıdır. Məhkəmə qabaqca çox çətinlik çəkir, axırıncı iclasda iki nəfəri – müsəlman və gürcü arvadlarını vərəsə təsdiq edir.

Dilarə xanım “Hər ömür bir tamaşa” kitabında yazır:”A.M.Nağıyev dövrünün ən iri neft sahibkarlarından olub, “Qafqazın ən varlı şəxsiyyəti” titulunu qazanmışdır. 100 il yaşayacağına güclü inamı olduğundan heç bir vəsiyyətnamə yazmayıb. Ağa Musa Nağıyev vəfat edir.

Vəfatından sonra qohumları onun işini davam edir, neft mədənlərini və sənaye müəssisələrini işlətmək üçün “Musa Nağıyevin varisləri” adlı Səhmdar Cəmiyyətini yaradırlar.

Cəmiyyəti əsasən Mirzə Əsədullayev (kürəkəni) və Tağı Nağıyev (qardaşı Ağa Əlinin oğlu)daxil olduğu qrup idarə edirdi. Cəmiyyətin fəaliyyətinə Bakıətrafı kəndlərdə: Binəqədi, Sabunçu, Zabrat, Bülbülə, Qala, Binə, Əmircan, Xırdalan, Digah, Masazır, Fatmayi, Biləcəri, Saray və Zığda olan neft mədənləri daxil idi. A.M.Nağıyevin varisi-həyat yoldaşı Ümmə Səlmə Kərbəlayi Cəfər qızı vəfat edənin əmlakına vərəsəlik hüququnu təsdiqləmək məqsədilə həmin il martın 8-də məhkəməyə müraciət edir.

Müsəlman qanunlarına-İslam dininə əsasən vəfat edənin dul qalmış həyat yoldaşına bütün əmlakının 8-də 1 hissəsi, 8-də 7 hissəsi bilavasitə varis hüququna malik olan digərlərinə çatırdı.

Bakı Dairə Məhkəməsinin 29 aprel 1919-cu il qərarına əsasən Ümmə Səlmə Kərbəlayi Cəfər qızının, başqa varislərin olmadığı haqda məhkəməyə təqdim etdiyi dəlillərə əsasən, varisliyi sübut olunur.

Lakin sonradan Yelizaveta Qriqoryevna Cankorova-Nağıyeva vərəsəlik hüququna malik olan ikinci şəxs qismində, yəni Ağa Musanın kəbinli arvadı olaraq hüquqlarının müdafiə olunması haqda məhkəməyə müraciət edir.

Təqdim etdiyi arayışa əsasən, 1907-ci il martın 28-də Bəhayi qanunu ilə molla Hacı Qulam Hüseyn Qələndar oğlunun kəsdiyi kəbin ona vəfat edənin qanuni arvadı sayılmağa haqq qazandırır.

Məhkəmə A.M.Nağıyev dünyasını dəyişənədək onun heç bir vəsiyyətnaməsi olmadığını da təsdiqləyir.

Məhkəmə prosesi zamanı Ümmə Səlmənin göstərdiyi bütün dəlillərə baxmayaraq, Yelizaveta Qriqoryevna da onunla eyni hüquq əsasında A.M.Nağıyevin əmlakına şərik çıxır. Məhkəmə kəbin sənədlərinə əsasən Ümmə Səlmə Kərbəlayi Cəfər qızının və Yelizaveta Qriqoryevnanın həyat yoldaşı olaraq Ağa Musadan sonra vərəsəlik hüququna malik olduğu qərarını təsdiqləyir və vərəsəliyin hər birinə olmaqla 16-da bir hissənin payına düşdüyünə qərar verir.

Ağa Musanın qardaşı Ağa Əli Nağıyev də məhkəməyə müraciət edərək, qanuni haqqını almağa iddialı olduğunu bildirmişdi.

Ağa Musa hələ 1899-cu ildə vəfat edən qardaşı Ağa Yusifin iki övladını – Rüqiyyəni və Sadığı himayəsinə götürmüşdü. Bu baxımdan məhkəmənin qərarı ilə onlara da vərəsəlik payı düşmüşdü.

Ağa Musanın vəfatından sonra gedən “Əmlak bölgüsü” məhkəməsinin protokolları olan arxiv sənədləri maraqlı faktları üzə çıxartdı. Belə ki, şəriət arayışlarından görünür ki, Ağa Musa cümə namazlarında və dini bayramlarda “Hacı Qasımbəy” məscidinə gedirdi.

Bir ildən artıq davam edən məhkəmə prosesi A.M.Nağıyevin Yelizavetanın xahişinə əsasən Bəhayi təriqətinə xeyriyyəçilik etdiyini, lakin dəfn mərasiminin “Hacı İmaməli” Məscidində keçirilməsi və 70-dək mollanın iştirakı ilə cənazənin yerdən götürülməsi, onun Bəhayi təriqətindən olmadığının sübutudur.

P.S. Vərəsəlik payını aldığından xəbər tutan Yelizavetanın qardaşları onun Bakıda qalmasının təhlükəli olduğunu bəhanə gətirərək, Tiflisə aparır, orada hiylə quraraq var-yoxunu əlindən alırlar. O, güvən yeri saydığı Bakıya qayıdır. Andrey Levanoviç Tumanov – kasıb bir yəhudi ilə ailə qurub, onun evində sığınacaq tapır. Uzun ömür sürür, 80 yaşında – 1968-ci ildə vəfat edir. 1966-cı ildə vəfat etmiş Andrey Tumanov Çəmbərəkənd qəbristanlığında yəhudilərə ayrılmş yerdə dəfn edilib. Yelizaveta da onun yanında dəfn olunub, hər ikisinə bir baş daşı qoyulub. Andrey Tumanov və Yelizaveta Nagıyeva-Tumanova yazılmış bu baş daşı ömrünü bu gün də yaşayır.

Yelizavetanı tanıyanlar onun nəzakətli və mədəni olduğundan söhbət açarkən, həm də gözəl olduğunu vurğulayırlar”.

Ona işləyənlərə maaş vermək üçün Ağa Musanın öz üsulu vardı. Kontorda divarda hər mədən, gəmi və mülk üçün iki torba asmışdı: gəlir torbası, çıxar torbası. Pul üçün gələnlər çıxar torbasına qoyulmuş pulu götürüb aparırdılar. Elə ki, mədən müdiri, kapitan, mülk müvəkkili gəlirdi, Ağa Musaya deyirdi ki, torbada pul yoxdur… – Atam, atam, deyə Ağa Musa onu qoymazdı ki, sözünü qurtarsın, – Gəlir torbasına pul salmısız ki, çıxar torbasından götürə biləsiz? Məndə havayı pul hardan?! Qazanc verin, atam, atam, xərclik alın.

Bir nəfər gəlib Musa Nağıyevə deyir ki, bir mis mədəni satırlar Zəngəzurda, onu alsan yaman qazanarsan. Ağa Musa soruşur: “Mis də, neft kimi fontan vurur?”. Adam təəccüblə deyir: “Mis də fontan vurar?! Əlbəttə yox!”. Ağa Musa: “Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə kor qaza-qaza mis axtarmaq karıma gəlməz” – deyə cavab verir.

Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələmişdilərsə də xeyri olmamışdı. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxardırlar, gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: “Min manat verə bilərəm, bir qəpik də artıq yox”. Ölümlə təhdid edəndə halını pozmadan deyir: “Atam, atam, öldürün. Bir mini də ala bilməzsiz, o da əlinizdən çıxar”. Nə qədər soyuqqanlı, səbrli, təmkinli olmaq lazımdır ki, belə dar ayaqda qorxub təşvişə düşməyəsən. Üç gün girov saxlayıb, yedirdib-içirdib, kart oynamışdılarsa da min manatdan artıq boynuna qoya bilməmişdilər.

Bibiheybətdəki mədənində bir quyu güclü fontan vurur; fəhlələrə yalvarıb deyirmiş ki, “Başınıza dönüm, qoymayın neft hədər yerə axsın, zay olsun; sizə xələt verəcəyəm. Yanğın baş versə hamımız dilənçi olarıq. Qonşular nasos qurub neftimizi anbarlarına vurarlar… Axı, bu sizin cibinizdən gedir”. Fəhlələr birtəhər fontanı bağlayırlar. İki gündən sonra Musadan vəd etdiyi xələti istəyəndə, o, boyun qaçırıb deyir: “Atam… Atam, hardan?! Hardan verim xələti?! Bir az neft çıxdı, onu da qonşular gözünüzün qabağında talan elədilər…”. Sabahı gün Musanın oğlu Ağa İsmayıl mədənə gəlir. Fəhlələr şikayət eləyirlər ki, atan verdiyi vədə əməl etməyir. Ağa İsmayıl iki araba kəllə qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd, beş manat pul paylatdırır. Bu vaxt Ağa Musa da gəlib çıxır. Əhvalatdan xəbər tutduqda, yüyürüb deyir: “Atam, atam, mənim də payımı verin. Fontanı bağlayanda məndən çox can yandıran olmayıb. Az qalmışdı canım ağzımdan çıxsın. Gedib o dünyanı görüb qayıtmışam”.

“Hər ömür bir tamaşa” kitabından: “A.M.Nağıyevin yeganə oğlu İsmayıl (1875-1902) xaricdə təhsil alıb. Neft işinə meyilli olduğundan buruqlara və zavodlara başçılıq edirdi. Savadlı olduğundan işin maliyyə tərəfini atası ona və mühəndis texnoloqu Fətulla Rüstəmbəyova tapşırardı.

Zövq ilə geyinən İsmayıl bəy mədəniyyəti və səxavəti ilə çoxlarının sevimlisinə çevrilmişdi. Səhər evdən çıxarkən qonşular vaxtı təyin edirdilər. Geyindiyi kostyumun rəngi isə həftənin neçənci günü olduğunu bildirirdi. Qəlbinin sadəliyi ilə bacarmayan İsmayıl bəy, çox vaxt vardövlətdən sui – istifadə edib, ehtiyacı olanlara mükafat olaraq əlavə pul paylayardı. Belə bir “səxavətin” əleyhinə olan Ağa Musa, oğlunun bu hərəkətini dəstəkləmirdi. Əlbəttə ki, bu xüsusiyyət onun vardövlətə çox çətinliklə çatmasından və qənaətcilliyindən irəli gəlirdi.

Məhz bu nöqteyi – nəzərdən milyonçuya “simic” damğası vursalar da, quru divarı mala tutmadığı kimi, gec də olsa, həqiqət üzə çıxdı.

Milyonçunun gördüyü xeyriyyəçilik işləri böyük bir elmi işin -dissertasiyanın yaranmasına təməl oldu.

1902-ci ildə Vərəmin (çexotka) ağır formasından heç cürə yaxa qurtara bilməyən 27 yaşlı İsmayılın dünyasını dəyişməsi Ağa Musanı vaxtsız qocaltdı.

İsmayılın tutulduğu sağalmaz və müalicəsi o vaxtlar mümkün olmayan vərəm xəstəliyinə xaricdəki müalicələr də kömək edə bilmədi.

İsmayıl xaricdən yazdığı məktublarının birində qeyd edirdi: “Qüruru heç vaxt sınmayan atam dərd çəkməkdən yumağa dönüb.”

İsmayıl dünyasını dəyişdikdən sonra Ağa Musanı görən dostlar və qohumlar onu tanıya bilmədiklərini bir ağızdan vurğulayırdılar. Ağır xəstəliyə düçar olan zamandan yerli və xarici həkimlərin dediklərinə əməl etsə də, xəstəliyin övladına yeddi il verdiyi əzaba Ağa Musa dözməli oldu.

İsveçrədə keçdiyi müalicə zamanı oğlu İsmayılı ziyarət edərkən, hər dəfə Qotik üslubda tikilmiş Palatso Kantarini sarayına həsrətlə baxır, tezliklə oğlunun sağalacağına ümidini üzmədən, onun şərəfinə Bakıda həmin binanın analoqunu tikdirəcəyinə özlüyündə qərar verir. Lakin çox təəsüf ki, yalnız bu gün də əzəmətini itirməyən “İsmailiyyə” İsmayılın xatirəsindən yadigar qaldı.

Gül passajı, Ekspertiziya məhkəməsi, “Sokar” və Lukoyl” neft şirkətləri, Elmlər Akademiyasının Rəyasət Heyətinin binası, Zabitlər evi, Diasporla iş üzrə Dövlət Komitəsi, “ÜNS” teatrı, “Azərittifaq”ın binası, Ağır Cinayətlər üzrə Məhkəmə, İqtisad Universiteti, Səhiyyə Nazirliyi, E.Əfəndiyev adına xəstəxana, Uşaq və Pediatriya İnstitutu, “Kirxa”, Sinaqoqlar üçün nəzərdə tutulmuş, sonradan qəddar düşmənlərimiz tərəfindən naməlum yol ilə zəbt edilmiş Kilsə, R.Rza küçəsində -keçmiş İncəsənət İnstitutu yerləşən binalar, həmin küçədə “Xaqani Ticarət Evi”- nin yerində keçmişdə fəaliyyət göstərən Tibb Universiteti və “Tənqid -Təbliğ” teatrının binası, M.Ə.Rəsulzadə küç. – keçmiş Qastronom, İctimai Yığıncaqların keçirilməsi üçün nəzərdə tutulmuş -Xaqani 58, Mərdəkanda “Abşeron Mədə-Bağırsaq Sanatoriyası” və beləcə 98 bina onun tikililərindəndir”. 

Ağa Musanın adı camaat arasında xəsis çıxsa da, yuxarıda qeyd edildiyi kimi, o, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.

397 Baxış

Unutmadıq

Comments are disabled.