Müəyyən bir dövrdə hər hansı anlaşılmaz, qəliz ibarələrlə zəngin olan dilə “quş dili” deyilib. Quş dili – terminlərlə və mənanı tündləşdirən qısa fikirlərlə yüklənmiş, yalnız az sayda insanlar tərəfindən başa düşülən nitqi (danışığı) ifadə edən frazeologizmdir.
İlk dövrlərdə Rusiyada yalnız şifahi nitqdə müxtəlif quşların səslərini təqlid edən səs siqnalları sistemini bu cür adlandırsalar da, tədricən “quş dili” ifadəsi yazılı dilə də keçmişdir. Əsasən, kəşfiyyatçılar və sərhəd patrulları düşmənin diqqət cəlb etməmək üçün bu siqnallar vasitəsilə əlaqə saxlayırdılar.
Belə ki, 1508-ci ildə yazılmış Moskva fərmanlarının birində belə bir göstəriş verilmişdir: “Krım ordusu hücuma keçərsə, bizə quş dili ilə xəbər ver”. Ukrayna Elmlər Akademiyasının müxbir üzvü Boris Larin bu cümləni belə izah edir:
– nümunədə göstərilən ifadə özünün ilkin peşəkar mənasına çox yaxın olsa da, frazeoloji metaforikliyi ehtiva edir, ümumiyyətlə, o deməkdir ki, “istənilən vasitəylə və mümkün olduqca qısa vaxtda bizə xəbər ver!”.
Şifahi xalq ədəbiyyatı nümunələrində – əfsanə, nağıl və dastanlarda quşlarladanışmaq, quşa çevrilmək motivi geniş yayılmışdır. Hətta yazılı ədəbiyyat incilərində də bəzən quşlar baş qəhrəmanın dostu, tanrının elçisi, qeybdən xəbər gətirən kimi qələmə verilir. Hətta, şamanların quş səsləriylə ruhlar aləminə girə bildikləri haqqında məlumat verilir.
Keçmişdə bəzi istedadlı insanların “quşlarla danışmaları” inancı və bəzilərinin “quşları təqlid edərək nəsə demək bacarığı” digər insanlar tərəfindən fərqli mənalarda izah olunmuşdur.
Mərmərə Universitetinin professoru Ərdal Şahin “Mədəniyyət tariximizdə gizli dillər və şifrələr” kitabında yer alan “Quş dili” adlı məqaləsində qeyd edir ki, XVII əsrin məşhur səyyahı Övliya Çələbi öz “Səyahətnamə”sində quş dilini bildiyini və bəzi mühüm məqamlarda dostları ilə quş dili ilə danışdığını qələmə almışdır:
“Cücümlece yocoldacaşlacarıcım sicilacahlacansucunlacar icihticiyacatecen ducursucunlacar” diye emrettim – yəni, yoldaşlarımız hamısı ehtiyatla dursunlar, silahlansınlar – deyə, əmr etdim”.
Qəliz ibarələrlə dolu bir sözə qulaq asandan sonra M.F.Axundov “Kəmalüddövlə məktubları”nda yazırdı: “Mən belə quş dilini necə anlayım?”
“Dədə Qorqud” dastanlarında “quzğun dili” ifadəsinə rast gəlirik: “On altı min üzəngili, keçə börkli, azğın dinli, quzğun dilli kafir (Qazanın önünə) çıxa gəldi”.
“Azərbaycan gəncləri” qəzetinin 14 dekabr 1971-ci il tarixli nömrəsində dərc edilmiş “Quşlar qədim dillərdə danışırlar” başlıqlı yazıda deyilir:
“Məlumdur ki, tutuquşular insan danışığını təkrar edə bilirlər. Bundan başqa, onlar uzun ömür sürmələri və yaxşı yaddaşları ilə fərqlənirlər. Belə ki, bu quşlar körpəlikdə eşitdikləri sözləri bütün ömürləri boyu xatırlayırlar. Lakin, bəs nə üçün bu istedad başqa quşlara deyil, ancaq tutuquşlarına məxsusdur! Rio-Vriodakı tutuquşuşünaslıq institutu bu məsələ ilə məşğul olur. Məlum olur ki, çox qədim zamanlarda bütün quşlar o vaxt mövcud olan dilləri qavrayırmışlar. Lakin zaman keçdikcə bu qeyri-adi istedad ancaq tutuquşlarda və müəyyən dərəcədə də sağsağanlarda qalır. Bundan başqa, aydınlaşır ki, bütün müasir quşlar öz əcdadlarının yaşadıqları ərazinin qədim dillərində “danışırlar”. Belə ki, sərçələr hindlilərin qədim əcdadı olan çerok qəbilələrinin danışıq dilinə uyğun cikkildəyir”.
Bülbüllər və sarı bülbüllər şübhəsiz, öz mahnılarında indiki italyanların qədim əcdadlarının musiqi dilini saxlayırlar. Qarğalar Şimal Qərbi Avropanın ilk sakinlərinin boğaz səsi dilini, qartallar isə qədim dağlıların dilini min illik keçmişdən bugünkü günlərə gətirib çıxarırlar.
Tutuquşulara gəldikdə isə onlar bu qiymətli kəşfi təsdiq edirlər. Amazonka çayı deltasında tutulmuş erkək və dişi tutuquşlar (onların təxminən 400-406 yaşında olduqları təyin edilibdir) bu yaxınlarda alimlər tərəfindən Cənubi Amerika cəngəlliklərində təsadüf edilmiş qəbilələrin dilində “danışırlar”. Halbuki hələ son vaxtlaradək bütün orintoloqlar belə hesab edirdilər ki, tutuquşlar mənasız səslər çıxarırlar”.
Qonşu Türkiyə Respublikasında isə, “quş dili” ifadəsi daha çox Qara dəniz sahillərində dağlıq ərazidə yerləşən Kuşköy kəndi əhalisinin adı ilə bağlıdır.
Əlbəttə hər birimiz kiçik yaşlarımızda fit çalmışıq, hətta fit vasitəsilə hansısa mahnıları da zümzümə etməyə çalışmışıq.Ancaq planetimizin bəzi ərazilərində fit azyaşlı uşaqların əyləncə vasitəsi deyil, əksinə həmin ərazidə yaşayan insanların ən mühüm ünsiyyət vasitəsidir.
Bu qeyri-adi ünsiyyət vasitəsinə Fransanın Pireney dağları ərazisindəki Aas kəndində, Yunanıstanın bəzi azsaylı əhalisi olan kəndlərində, Braziliyanın Amazon cəngəlliklərində yaşayan Pirahan xalqı, Cənubi və Şərqi Afrikada, hətta, Vyetnamda, Nepalda yaşayan çepanq xalqı arasında, Birmada rast gəlinsə də, bu ünsiyyət vasitəsi daha çox Meksikanın Oahaka ştatında yaşayan hindu əsilli mazateklər, İspaniyanın La Gomera adası sakinləri arasında və qonşu Türkiyə Respublikasının Qara dənizin dağlıq ərazisində yerləşən Kuşköy kəndində daha çox istifadə olunur.
Bəşər tarixində ünsiyyətə, rabitəyə hər zaman mühüm ehtiyac olub. Tarixin ayrı-ayrı dövrlərində insanlar əlaqə yaratmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, hansısa xəbəri bu gün sülh rəmzi kimi tanıdığımız göyərçinlərin vasitəsilə, yüksək bir yerdə tonqal yandırmaqla və başqa bu kimi formalarda çatdırırdılar
Sonralar yazı, məktub, qasid və s. meydana gəldi. Hətta uzaq məsafədən bir-birləri ilə ünsiyyətdə ola bilmək üçün quşlardan da istifadə ediblər. XIX əsrin yarısına qədər xəbərləşməəsasən hərbi-dövlət məqsədlərlə bağlı idisə, sonralar şəxsi məqsədli rabitəyə də ehtiyac yaranıb. İnsanlar məktub, teleqraf və telefon xidmətlərindən istifadə etməyə başlayıblar.
Zaman-zaman insanlar arasında ünsiyyət verbal və qeyri-verbal ünsiyyət vasitələri olmaqla müxtəlif tiplərdə özünü göstərməyə başladı. Ekspressiv-mimik hərəkətlər, yəni, üz mimikası, him-cim, tərs baxış, təbəssüm, hətta əl və bədənin ifadəli hərəkətləri və digərləri hər birimizə tanış olan ünsiyyət vasitələridir. Qeyri-verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxuyurlar.
Dilçi alimlərin diqqətini çəkən mühüm məqamlardan biri də cəmiyyətdə bir qrup insanların öz aralarında istifadə etdikləri, hər kəs tərəfindən asanlıqla anlaşıla bilməyən gizli dillərdir. Yer üzərində yaşayan insanların ayrı-ayrı dillərdə danışmaları onların bir-biri ilə ünsiyyətində ciddi maneələr yaradır. Bu səbəbdən zaman-zaman dünyadakı insanların hər birinin anlaya biləcəkləri süni bir dil yaratmaq cəhdləri olmuşdur.
Polşalı oftalmoloq və linqvist Lüdviq Lazar Zamenhof 1887-ci ildə “Esperanto” adlı süni dil bir yaratmışdır. Onun 1905-ci ildə çap etdirdiyi “Fundamento de Esperanto” adlanan kitabında sözügedən dilin qrammatikası və əsas müddəalarına yer verilmişdir.
Dilçilərin “qrup dili” və ya “xüsusi dil” adını verdikləri dillər cəmiyyətdə, fərdin içərisində olduğu sinfə, yaşa, xüsusilə də peşəyə görə müəyyənləşdirilən dillərdir.
Mütəxəssislərin rəylərinə görə dil öyrənən zaman beynin sol yarımkürəsi sağ tərəfə nisbətən daha cəld məlumatı qavrayır. Sağ yarımkürəsi isə, səs və melodiyaların işlənib qavranılmasında böyük rola sahibdir.
Fit dili fenomeni: Almaniya Neyroelmi İnstitutunun biopsioloqu Onur Güntəkin fit dili ilə bağlı maraqlı araşdırmalar aparmışdır. O, fitlə danışıq prosesində melodiya da özünəməxsus rol oynadığı üçün beynin sağ yarımkürəsinin bu prosesdə iştirak edib-etmədiyini öyrənməyə çalışırdı. Onur Güntəkin öz həmkarları ilə birlikdə “ba” və “da” səsləri üzərində öz araşdırmalarını aparmışdır. Onlar qulaqlıqdan istifadə edərək eyni anda hər iki səsin eksperiment iştirakçısının sağ və sol qulağına ötürdülər. Sonra iştirakçılardan hansı səsi ilk eşitdiklərini soruşduqda məlim oldu ki, fit dili beynin sağ və sol yarımkürəsinə bərabər şəkildə təsir edir.
Güntəkinin sözlərinə görə, “ba” hecası əgər sol qulağa verilibsə, əksər insanlar “da” yerinə “ba” eşidəcəklər. Bu sağ qulaqdakı eşitmə sinirlərinin siqnalı beynin sol tərəfinə və oradakı dil işləmə mərkəzinə ötürməsi, lakin sol qulağın beynin sol tərəfindəki eşitmə mərkəzinə ötürmədən ilk əvvəl sağ tərəfə ötürməsi ilə əlaqəlidir.
Fransanın Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin bioakustika və linqvistika üzrə mütəxəssisi Jülyen Meyerin qənaətinə görə, fit səsin əsas akustik əlamətlərini özündə təqlid edir.
Bəzi mənbələrdə fit dilinin 500 illik tarixi olduğuna rast gəlsək də, bir qrup mənbələr bu dilin yaranma tarixinin maldarlığın yaranması və inkişafı ilə başladığı barədə mülahizələr irəli sürürlər.
Mazateklərin fit dili: Meksikanın cənubunda yerləşən Oahaka ştatının şimal hissəsində Syerra Madre de Oahaka adlı dağlıq ərazidə yaşayan hindu mənşəli 200 000 nəfər yerli mazatek bir-birləri ilə fit vasitəsilə ünsiyyət saxlayırlar. “Yerli xalqların dil hüquqları haqqında ümumi qanun”a əsasən fit dili Meksikanın digər yerli dilləri və ispan dili ilə yanaşı “milli dil” statusu qazanmışdır.
Mazateklər bu qeyri-adi ünsiyyətdən istifadə edərkən söz və ifadələrin tonallığı fit səsi vasitəsilə ötürülür. Mazateklərin dilinin fit səsinə asanlıqla uyğunlaşa bilməsinin səbəbi onların ana dilinin qrammatikasının və semantikasının yüksək funksionallığıdır. Fit dili mazatek gənclər arasında daha geniş yayılıb. Azyaşlı uşaqlar isə fitlə ünsiyyəti öz ana dilləri ilə paralel öyrənirlər. Mazateklər fit səsindən əsasən uzaq məsafədən ünsiyyət zamanı istifadə olunur. Hətta alış-veriş və bu kimi maliyyə əməliyyatlarını da fit səsi ilə ünsiyyət vasitəsilə apara bilirlər.
El silbo. İspaniya ərazisində yerləşən Kanar adalarının ərazi etibarilə ən kiçiyi hesab olunan La Gomerada artıq neçə əsrlərdir ki, fit dilindən istifadə olunur. Bu dilin yaranması barədə əlimizdə dəqiq məlumatlar olmasa da, deyə bilərik ki, XV əsrdə avropalılar La Gomerada məskunlaşmağa başlayanda adanın Şimali Afrika mənşəli sakinləri fit dilindən istifadə edirdilər.
İspanlar özləri bu qeyri-adi danışıq dilini silbo, bu dillə danışan insanları isə silbador adlandırırlar.
Göründüyü kimi səs çıxarma orqanlarının əsas vəzifəsi havanı heç bir yerdən sızdırmadan sadəcə dil ucundakı yarıqdan çox böyük enerji yükü ilə sürtünüb keçməsini təmin etməkdir. Bu zaman elektromaqnit radio dalğalarının yayılma formasına bənzər vəziyyət nəzərə çarpır. Radio dalğalarında olduğu kimi, müəyyən bir tezliyə sahib olan saf bir tonu müşahidə etmək mümkündür. “Daşıyıcı dalğa” adlanan bu saf tezlik danışıq səslərinin yaratmış olduğu elektrik rəqsləri ilə dəyişməkdə, yəni, modulyasiyaya uğramaqdadır.
Məşhur fransız səyyahı Andre Klass bir neçə ay bu adada yaşamış və fit dilini dərindən öyrənməyə çalışmışdır. Cəmi 3 ay ərzində silbo vasitəsilə ünsiyyət qurmağı mükəmməl şəkildə öyrənən fransız səyyahın sözlərinə görə, bu ünsiyyət vasitəsindən istifadə edən insanlar çox güclü fit çalırlar. Silbadorlar 5-6 km-lik məsafədən, hətta bəzən 11 km uzaqlıqdan da bir-birlərini eşidə və anlaya bilirlər. Bəli bu fikir bəzilərimizə qəribə gələ bilər. Ancaq fitin gücünü və dağlıq regionların akustik şərtlərini nəzərə alsaq bunun mümkünlüyünü asanlıqla təsəvvür edə bilərik. İlk baxışda bu fikir qəribə gəlsə də, fitin gücünü və dağlıq regionların akustik şərtlərini nəzərə alsaq bunun mümkünlüyünü asanlıqla təsəvvür edə bilərik.
Fit dilinin mexanizmi
Fit ciyərlərdən gələn havanın yuxarı qalxaraq burun yolundan və ya dilin yanlarından çıxmasına fürsət vermədən dil ucunda yaradılmış dar bir yarıqdan şiddətli formada çıxarılması ilə meydana gəlir.
Bu zaman danışıq orqanları bu formada olur: yumşaq damaq yuxarı qalxaraq burun yolunu tutur. Dilin ucu alt dişlərə sıxılır, yan dişlər dilin iki tərəfini yüngülcə dişləyirmiş kimi örtür. Dodaqlar yüngülvari dartılır, dodaq ucları dilin kənarlarına toxunaraq havanın yan tərəflərədn çıxmasına mane olur. Eyni zamanda alt dodaq alt dişləri örtəcək şəkildə içəri bükülərək dilin ucundakı yarığı yan tərəflərdən örtür.
Beləliklə, danışan şəxs dilin ucunu dişlərinə sıxaraq fit çalmağa başlayır və eyni zamanda da sözləri tələffüz etməyə çalışır. Bəzi silbadorlar bu zaman bir və ya iki barmaqlarını ağızlarına yaxınlaşdırırlar. Hətta bəziləri ovuclarının içərisini səsgücləndirici kimi də isitfadə etməyə cəhd edirlər.
Türkiyənin Kuşköy kəndində insanların əsasən fit vasitəsilə ünsiyyət qurmalarının başlıca səbəbi ərazinin coğrafi mövqeyidir. Ərazisinin çox narahat və sərt qayalıqlardan ibarət olması, eləcə də, Çanakçı dərəsinin kəndi tam ortadan iki yerə ayırması kənd sakinlərinin evlərinin bir-birindən xeyli aralı düşməsinə səbəb olmuşdur. Eyni zamanda dərənin səsi xeyli gur olduğu üçün insanlar adi nitqlə danışdıqları zaman nə söylədiklərini anlamaq mümkün deyil. Bu səbəbdən kənd əhalisi dərənin gur səsini basdırmaq üçün ondan daha kəskin səs olan fit səsindən istifadə etmək məcburiyyətində olmuşlar. Beləliklə, kənd əhalisi “fit dili”ni yaradaraq bir-birlərilə ünsiyyət qura bilmişlər.
Ümumiyyətlə, fit dilində danışan insanları bu qeyri-adi ünsiyyət vasitəsilə əlaqə saxlamağa vadar edən başlıca səbəb onların yaşadıqları ərazilərin təbii şəraitidir. Əlbəttə, dağların arasında çay sahilində yerləşən vadidə yaşayan insanlar üçün hər dəfə təpələrə çıxmaqdansa fit vasitəsilə bir-biriləri ilə ünsiyyətdə olmaq daha rahatdır.
Apardığımız araşdırmalar onu göstərir ki, 80% hallarda fitlə danışanın qadın və ya kişi olduğunu eşidilən səsdən müəyyən etmək olur. Ancaq fit çalanın yaşını müəyyən etmək elə də asan deyil. Qadın və uşaqların fitlə danışığını bir-birindən ayıra bilmək elə də asan deyil. Yalnız mütəmadi olaraq fit dili ilə ünsiyyətdə olan insanlar öz yaxınlarının fit üzərindəolan danışıqlarını tanıya bilirlər.
Fit dilində nitqin transpozisiyası (yerdəyişməsi)
Fitlə danışıq zamanı yalnız danışıq tonu saxlanılır. Lakin, artikulyasiya və fonasiya, yəni tələffüz prosesi kimi xarakterik xüsusiyyətlər itirilir. Bu xüsusiyyətlər vurğu və ritmik fərqliliklərlə əvəz olunurlar.
Aşağıda təsvir edilən şəkildə sözün adi nitqlə və fitlə danışıq zamanı epenteza, yəni səs törəməsindən ortaya çıxan spektroqramların müqayisəsi göstərilmişdir:

Səs dalğalarının forması (üstdə) və spektroqramları (altda).
Sarbonna Universitetinin fonoloq alimi Enni Rialland öz məqaləsində bu şəkli belə şərh edir: sözün adi qaydada tələffüzü sol tərəfdə, fit üzərində tələffüzü isə sağ tərəfdə göstərilmişdir. Solda göstərilən spektroqramlar, saitlərin formant quruluşunu, davamlılığı, nisbi intensivliyi və bu kimi digər məlumatları göstərir.
Meksikada və La Qomerada istifadə olunan fit dilində ispan dilinin təsiri açıq-aydın hiss olunur. İstanbul Universitetinin professoru Özcan Başkanın fikrincə, Türkiyənin Kuşköy kəndi əhalisinin danışdığı quş dilinin XVI əsrdə İspaniyadan Türkiyəyə köç etmiş yəhudilərin vasitəsilə gətirildiyini düşünmək olar. Lakin bu mülahizə zamanla özünü doğrulda bilməmişdir. Kəndin yerli əhalisi də bu dilin yaranma tarixi haqqında səhih məlumat verə bilmirlər. Fit dilindən Kuşköyün ətrafında yerləşən kəndlərdə də istifadə edilir.
Fitlə danışıq zamanı məlumatın ötürülmə sürətinə danışanın kişi, qadın və yaxud uşaq olmasının hec bir təsiri yoxdur. Yəni, aparılan təcrübələr göstərir ki, hər cins və hər yaşda olan insan fit vasitəsilə asanlıqla istədiyi məlumatı uzaq məsafəyə ötürə bilər.
Kəndin öz sakinləri arasında aparılan təcrübələr zamanı onların fitlə danışan şəxsin kişi və ya qadın, cavan və ya yaşlı olmasını asanlıqla ayırd edə bildikləri, hətta fit vasitəsilə danışanın kim olduğunu dəqiqliklə anlaya bildikləri müşahidə olunmuşdur. Bu da onu göstərir ki, hər bir şəxsin adi nitqdə özünəməxsus danışıq tərzi olduğu kimi fitlə danışıqda da hər kəsin özünəməxsus səsləndirməsi, tələffüz etmə sürəti, səsi çatdırma məsafəsi vardır.
Türkiyəli alim Əminə Gursoy Naskalının “Mədəniyyət tariximizdə gizli dillər və şifrələr” kitabında deyilir ki, quş dili ilə danışmağı öyrənmək çox asandır. Hətta uşaqların beyni bunu ilk mərhələdə zəka oyunu kimi qəbul edir.
İkinci Dünya müharibəsindən sonra yaranan iqtisadi çətinliklər fit dilinə də öz təsirini göstərmişdi. Yaranan iqtisadi çətinliklər üzündən yerli əhali La Qamera adasını tərk etməyə başlamış, beləliklə də, quş dilinə olan maraq tədricən azalmağa başlamış, hətta 1970-80-ci illərdə adada bu qədim ünsiyyyət vasitəsinə sahib olan cəmi bir neçə adam qalmışdı.
Lakin son dövrlərdə bu qədim ünsiyyət vasitəsinə yenidən maraq artmış, hətta İspaniyanın orta məktəblər üçün tədris proqramında Silbo Gomeranın tədrisinə başlamışlar.
Fit dilinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün Türkiyə Respublikası 2017-ci ilin dekabrında təklif irəli sürmüşdür. Hətta quş dilinin əlifbasının yaradılması məqsədilə Türkiyənin Girəsun Universitetində işlər də başlayıb. Artıq bu dilin öyrənilməsi həmin universitetin tədris proqramına da salınıb.

Günel Çingiz qızı Məmmədova
Azərbaycan Milli Elmlər Akademiyası
İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi