Buxara əmirinə rədd zavabı verən mesenatPosted by on


Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Hacı Zeynalabdin Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur.

Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabriki işə düşür. O burada fəhlələr üçün məscid və onların uşaqları üçün xüsusi məktəb tikdirir və iki növbədə dərs deməyə öz xərcinə müxtəlif yerlərdən müəllimlər dəvət edir, eyni vaxtda fəhlələrin savadlanması üçün axşam kursları, dərmanxana və tibb məntəqəsi açır. Dəyirman tikdirir.

Fabriki işə salmaq o qədər də asan başa gəlməmişdi. Altı il ağır əmək sərf edilmişdi, 5.000.000 manat qızıl pul… Təkcə fabriki tikdirməyə icazə almaq üçün ətək-ətək pul xərclənmişdi.

Rus toxuculuq sənayesinin kralı hesab edilən Morozov başda olmaqla nəhəng fabrikantla üz-üzə gəlib mübarizə aparılmışdı. Onlar pambıq tarlalarının Bakıya yaxın olmasını nəzərə alıb məhsulun ucuz tamam olmasından, İran, Türkiyə, Türküstan bazarının əldən çıxmasından qorxur, rəqabətdən narahat idilər.

Qafqazın özündə bezin qiyməti birdən-birə neçə dəfə ucuzlaşırdı. Bu hesabdan Yaxın Şərq və Orta Şərq, müsəlman aləmi bazarlarında da eyni vəziyyət təkrar olacaqdı. Fabrikin dəzgahları İngiltərədən gətirilmişdi.

Buxara əmiri əhvalatdan xəbərdar olanda Tağıyevə təklif etmişdi ki, gəl fabriki Buxarada, ya da Səmərqənddə, Xivədə tik, nə qədər pambıq lazım olsa təmin edərəm. Hacı Zeynalabdin onun təklifini rədd edib demişdi ki,“Bizə fabrikin məhz Bakıda olması sərfəlidir”.

Peterburqda Yermolov adında ali rütbəli bir əyan fabrikin tikilməsinə icazə verilməsinə çox kömək etmişdi. Fabrik işə düşəndən sonra təxribatçılar gecə vaxtı yanğın törətmişdilər. Fəhlələr əl-ələ verib çox çətinliklə yanğını söndürə bilmişdilər, mal və avadanlıq xəsarəti olmuşdu.

Bu fabrik Rusiyada dövrünün ən müasir texnikası ilə təchiz edilmiş müəssisələrdən biri idi. Buraya Avropadan 2.500 maşın və dəzgah gətirilmişdi. Fabrik ildə otuz milyon arşın bez buraxacaqdı. Bu əmtəəni o zamankı pula çevirdikdə qızılla 1.700.000 manata bərabər idi. Fabrikin inşasına 1.600.000 manat xərc qoyulmuşdu. Bu fabrik o zaman Rusiyada mövcud olan 29 toxuculuq fabrikindən biri, Azərbaycan sənayesi üçün isə yeni sahə idi.

Təkcə Bakıda yox, o, ümumiyyətlə Qafqazda yeganə və ilk parça toxuculuq fabriki idi. Çox təəssüf ki, bu fabrikə yalnız bez buraxmağa icazə verilmişdi. Mərkəzi Rusiyadakı toxuculuq fabrikasının sahibləri qoymamışdılar ki, çit və digər parçalar buraxılsın.

İstehsal olunan parça ilk illərdə Qafqazda, Türküstan da və İranda satılırdı. Lakin üç-dörd il keçəndən sonra müsəlman məmləkətlərində ölülərin dəfni üçün, Ərəfə libası üçün Məkkəyə, həcc ziyarətinə gedən zəvvarlar, Kərbəla və Xorasan ziyarətinə yollananlar Tağıyev fabrikinin bezini alırdılar ki, onu müsəlman fəhlə və ustaları toxuyur, pakdır.

308 Baxış

Unutmadıq

Comments are disabled.