Bakı 1919 – Canilər məskəni, meyxanələr məhəlləsiPosted by on


Hər addımda cavanların həyatını zəhərləyən bir görüş evi, onun yaxın səmtində bir şərabxana var. Axşam düşəndə, şəhərin başqa yerlərində görünməyən məxluqat burada peyda olar.

                                                      Xəstə bir məhəllənin azarı və dərdləri

Kübarlar, bankirlər, maliyyə, ticarət maqnatlarının və neftxudaların yaşadıqları məhəllələr istisna ediləndən sonra, qalan məhəllələr çox cəhətdən bir-birinə oxşayır. Haqqında söhbət gedən məhəllə şəhərin mərkəzindədir.

Tatarski (Krupskaya), Gimnaziya (Lev Tolstoy), Karantini (Həzi Aslanov), Aziatski (Pyotr Montin), Kamenisti (Şors) küçələrini əhatə edən bu məhəllə və onun ətrafı şəhərdən tamamilə ayrılmışdır, bu aralar özgə bir aləmdir; bu məhəlləyə kimsə etina etməz, buralar kimsəni tanımaz.

Burada adamlar anarxiya halında yaşayar, kim nə istəsə onu edər. Şikayətə qulaq asan yox, camaatın halına yanan yox. Hər addımda cavanların həyatını zəhərləyən bir görüş evi, onun yaxın səmtində bir şərabxana var…

Axşam düşəndə, şəhərin başqa yerlərində görünməyən məxluqat burada peyda olar. Axşamdan bir qədər keçdikdən sonra hər tində bir neçə sərxoş, hər bucaqda iki-üç nəfər şübhəli şəxs görünər. Və səhərə qədər qovğa, qeylüqal ara verməz, heç kim evində istirahət edə bilməz. Bakının görkəmli cavanları bu qapıdan çıxıb, o birisinə girərlər. Az-çox huşyar gələnlər dəli-divanə olub gedərlər. Şikayətə baxan yox. Polis tapılmaz. Tapılanda da hər dəqiqə ucalan nalə və qışqırığa qulaq verməz, baş verən hadisələrə gözucu belə baxmaz, hər şeyə laqeydlik, etinasızlıq…

Nikolay vaxtı şərabxana, məscid, kilsə və məktəbdən 50 sajen (təxminən 130 metr – M. S.) uzaqda olmalı idi, indisə şərabxana məktəblə, məscidlə yan-yanadır. Şərab satmaq mədaxil mənbəyinə çevrilib. Şəhərin bu məhəlləsi Şerlok Holms hekayələrini və macəralarını xatırladır. Əski London və Nyu-York məhəllələri buranın yanında sönük bir şey…

Canilər məskəni, meyxanələr məhəlləsi… Təbibsizlikdən nəzafət, zibil, çirk, xəstəliklər bu məhəllədə tuğyan edir. Bunlar heç kəsi maraqlandırmır, narahat etmir. Üfunət məskəni və cəfalətlər məhəlləsi. Polis caniləri, sərsəriləri tutub, cinayətin qarşısını almır, buralara qəti nəzər salmır. Cinayət şaxələri və rişələri buralardan bütün şəhərə yayılır.

Qaçqınlar və dilənçilər. Birinci dünya müharibəsinin dəhşətləri, 1918- ci il mart hadisələri, Denikin qaragüruhçularının şimaldan hücumu, aclıq, 180 cəfalət nəticəsində min bir xəstəliyə mübtəla olanlar hər tərəfdən – Şamaxıdan, Qarabağdan, Zəngəzurdan, Üçkilsədən, Dağıstandan, Həştərxandan, bir sözlə hər yerdən Bakıya qaçırdı.

Bakı qaçqınlar və ac-yalavaclar şəhərinə çevrilmişdi. Küçə və meydanlarda, bazar və döngələrdə yetim uşaqların, xəstə adamların əlindən tərpənmək olmurdu, cındır, çirkli paltarlarının altında bədənləri görünür, xəstəlikdən saralmış sifətlər, çuxura düşmüş gözlər adamı dəhşətə gətirirdi. Qaçqınları «Səfa» məktəbində və «Edison» kino binasında yerləşdirirdilər.

* * *

 «Al bayraq» qəzeti tez-tez İran konsuluna müraciət edirdi: «Axşamlar Bakı küçələrindən keçmək mümkün deyil. Ac-yalavac, çılpaq iranlı balaları divarlar dibində, səki qırağında, xəstə-xəstə can verirlər. Bu zavallı uşaqlara heç yerdən kömək yoxdur. İnsaniyyət naminə qırğının qabağını alın!».

* * *

 «İran tacirləri və konsulu! Nəzər-diqqətinizi Bakı küçələrindəki iranlı ac-yalavac və xəstələrə cəlb edirik. Bu bərədə bir neçə dəfə yazıb göstərmişik. Heç bir nəticə yoxdur. Ta uşaqlar küçələrdən yığılana qədər hər gün, iri hərflərlə yazacağıq, Binəva uşaqları yığın!». «Birdən İran tacirləri bir-iki yüz manatdan keçib, uşaqları küçələrdən yığdırıb dənizə tökdürərlər. Məsləhət görmürük. Uşaqların sayı məlumdur».

* * *

 Başqa bir yerdə yazılırdı: «Şəhər əhalisinin 80 faizi kasıblardır. Aclıq qılıncını siyirib bu biçarələri amansızcasına qırır. Evlərdə satılası əşya qalmayıb. Xəstəlik bütün evlərə baş soxub, nə dərman var, nə çarə, həlak olurlar. Yatalaq, qoturluq hökmü-fərmadır; küçələr, darvazaların ağzı meyitlə doludur. Şəhərdə zibil aşıb-daşır».

* * *

 Dövlətlilər isə başda on girvənkə (4 kiloqram) qoz sındırmaqdan, bir oturuma bir təşt halva, on çörək yeməkdən mərcləşirlər.

* * *

 Belə qıtlıq, aclıq, dilənçilik hökm sürdüyü bir şəhərdə qəzetlərdə və afişalarda firavanlıqdan, naz-nemətdən xəbər verən çoxlu elan oxumaq olardı: «Elbrus lokantası sizi təcrübəli, püxtə aşpazların hazırladığı Avropa və Asiya ləziz xörəkləri yeməyə dəvət edir. Nahar və şam vaxtı Rumıniya orkestri çalır, məşhur və mahir qaraçı qızlar oxuyur, rəqs edirlər. Əlahiddə kabinələr də var…».

* * *

 «Nikolayevski (Kommunist) və Bazar (Hüsü Hacıyev) küçələrinin küncündə «Mübarək» lokantası açılıb. Məşhur aşpaz Kazım çox ləzzətli 181 yeməklər hazırlayır. Qiymət münasibdir. Təşrif buyurun, məmnun olarıq, razı qalarsız».

* * *

 «Vaxtı xoş və təntənəli keçirmək üçün «Dardanel» lokantasında hər növ ləziz təamlar mövcuddur. Təşrif buyurun. Keçəçi Məmməd oxuyacaq, musiqi çalınacaq».

* * *

 «Tamaşaya tələsin! hökumət teatrosunda (Sabiq Mailov) məşhur Hindistanlı Sahir (Qəzali Ərs) qədim şəhərlər nümayən edir, meyvə ilə dolu ağaclar görünür. Hünər və fənn nümayiş edilir. Ziyafət süfrəsi öz-özünə açılır. Hər cür xörəklər mövcud olur. Göz qabağında bir övrət yoxa çıxacaq. Sahiri Avropa və digər ölkələrdə təltif ediblər, çoxlu medalları var».

* * *

 «Liza xanım Hacınskaya itirdiyi medalyonunu kamodun altından tapıb. Qiyməti 50.000 manatdır».

* * *

 «Möhtəkirlərin allah ömürlərindən kəsib insaflarına calasın».

* * *

 «Aclara – çörək, yersizlərə – torpaq, işçilərə – mükafat, müftəxorlara – cəza».

* * *

«Bağlı darvazaları axşam saat altıdan daldan qıfıllayın, bərkidin!».

* * *

 «Şəhərin mərkəzində, Duma ilə yanaşı, sabiq realnı məktəbinin binasında yerləşən ingilis zabit və əsgərləri olmazın rəzalət və biabırçılıq edirlər, döngədə, bağça-bağda zabit və əsgərlər, yoldan keçənlərin gözü qarşısında pis əməllərlə məşğul olurlar. Bu da ingilis mədəniyyəti nümunəsi».

* * *

 «Məşhur neftxudalardan biri olan Nəcəfqulu Məhəmmədovu gecə vaxtı Vrangelski (Qarayev) küçəsindəki evində öldürüblər. Mənzilin başqa bölmələrində ailəsi olurmuş. Gündüz kantorada deyibmiş ki, sentyabrda öldürülmüş dostu Teymurbəy Qulubəyovun naminə məscid və xəstəxana tikdirəcək, yarım milyon pul buraxacaq. Gecə yarısı qonşular səs eşidirlər. Sübh vaxtı Məhəmmədovun kəsilmiş başı otaqdan tapılır».

* * *

«57 dəvədən ibarət karvan oğurluq neft apararkən yolda tutulub».

* * *

«Bez baha olduğundan ölənləri öz cındır libasında basdırırlar».

* * *

«Fəhlələr əsgərlər təki Vətənin sütunudur, dayağıdır. Fəhlələrin hüququna təcavüz edən əllər kəsilməlidir. Cahana bərabərlik, qardaşlıq, ədalət şüarını atan fəhlələrdir. Cəfalət və aclıq bəlası fəhlələri məhv edir. Xəstələnir, müalicə yeri yoxdur. Dərmansız-davasız ölürlər. Çox yerdə 8 saat əvəzinə 14 saat işləyirlər. Elə şeylər var ki, adam eşidəndə tükləri biz-biz olur».

* * *

Müharibəni udmaq üçün həzrəti Əyyubun səbri, Rüstəm Zalın dəmir əsəbləri, bir də həzrət Süleymanın xəzinəsi lazımdır. Gecələr polis paltarında evləri qarət edirlər. Üç nəfər tutulub, edam ediləcəkdir».

* * *

«Neft alış-verişi və bez alıb-satmaq tif xəstəliyi olub bütün Azərbaycanı bürümüşdür. Tacir, məşədi, həkim, vəkil, müəllim, xan, dəllək, seyid, kərbəlayı, baqqal, şair, dəllal, hacı, məmur, bəy, hamı və hər kəs ticarətə qoşulub».

* * *

«Şəriət müəlliminin savadı xarici dildədir, nə türkcə, nə farsca və nə də ərəb dili və hürufatı bilir, özü də kefli, görəsən şəriətdən nə dərs deyir?». * * *

«İngilis gəlir və polkovniklərinin, bağça-bağla üzbəüz atları saxlanan tövlələrdəki axurlardan ac uşaqlar şokolad və kişmiş götürmək istədikdə, soldatlar tutub bərk kötəkləyiblər».

* * *

«Yağış vaxtı küçələrdə palçıq xirtdəyəcən çıxır. Dörd at bir boş faytonu çəkə bilmir. Arvadları hamballar dallarında bir səkidən o biri səkiyə zorla, çətinliklə keçirdirlər».

* * *

 «Yasovuldan valiyə, nazirə qədər hamı rüşvətxordur. Nazirin rüşvət aldığı əynindəki paltar bəxşişdir, cibindəki pul mükafatdır».

* * *

«Maaş müəllimə çatana qədər pul qiymətdən düşüb, zibilə dönür. Müəllimlər ziyadə acı və məşəqqətli həyat sürürlər».

* * *

 «Qroznıdakı yanğından neft yanıb 10 milyon manat qızıl pulla xəsarət vermişdir».

* * *

«Xarici dil bilməyən müsəlman dövlətliləri saxladıqları xarici qadınlara (aşnalarına) görəsən eşqlərini necə əyan, izhar edirlər?».

* * *

 «Ehtikar: valyuta, qızıl, gümüş, parça, ərzaq adi qiymətlərindən birəyüz baha satılır. Mənzil kirayəsini evdarlar 10 dəfə, 20 dəfə artırıblar. Sərqıfıl dükanı kirayəyə götürəndə, əvvəldən verilən pul – M. S.) 10 min, 20 min manat. Dünən bir ayağında çust, bir ayağında başmaq, ya da qaloş olanlar, bu gün milyonçu olub mülk alırlar».

* * *

 

«İran şahı Bakıya gəlib Avropaya müalicəyə gedir. Hər növ çıxış qadağandır». Şahın gəlməyini və getdiyini görən bir adam nəql edirdi ki, Ənzəlidən gələn gəmi Qafqaz – Merkuri körpüsünə yan aldı. Şah və məiyyəti düşdülər. Şaha baxanda adam dəhşətə gəlirdi. O cavanlıqda, o köklükdə kişiyə hələ rast gəlməmişdik. Elə bil ət və piydən kötük qayırıblar. İri, girdə sifətindən xəstəlik yağırdı. Başında iranlı papağı vardı; qara libas geymişdi. Pencəyin boyunluğundan qat-qat ət sallanırdı. Şəhərdəki İran tacirləri dükanlarını şiri-xurşidli bayraqlarla bəzəmişdilər. Şahı qarşılamağa çoxlu tacir gəlmişdi. İyirmiyə qədər adam əlahəzrəti müşayiət edirdi, kamerqer libasında idilər; üzdəniraq libaslarındakı baftalar yağlı, çirkli görünür, yəqin ki, əl ilə boz-baş, plov yedikcə üstlərinə tökülüb əllərilə siliblər. Körpüdən birbaşa vağzala yollandılar. Biz çatanda şah salon-vaqonda idi, o yoğunluğunda adamın vaqona necə girdiyini təsəvvür edə bilmədik. Məiyyəti şahın əşyasını salon-vaqona daşıdıqca elə səs-küy salırdılar ki, elə bil bazardadırlar. Vaqon Batumiyə yollandı. Konsul gedəndən sonra adamlar başladılar şəbədə deməyə, gülməyə. «Nırx qoyulan kimi ərzaq bazardan yoxa çıxır. Füqəranın halı daha da fənalaşır; dəyirman öz işində, çaxçax baş ağrıdır».

* * *

Bir lövhə: «Ətraf xərabəlikdir. Binaların çoxu yandırılıb. Bu vəhşilik anarxiya vaxtı baş vermişdir. Yüz illik xərabələrə oxşayır. Kərpic yığınları, oyanmış dirəklər, kəsəklər… Palçıq dizə qalxır… Xərabələr aləmi… Yaxınlaşdıqda ətrafın görkəminə uyğun insan sifətindən çıxmış coluq-cocuqlar insanı sarsıdır. Üzlər qaralıb, dəri sümüyə yapışmışdır. Torpaq üstündə, rütubətdə yatdıqlarından rəngləri torpaq rənginə çalır. Elə bil insan sifəti deyil, yanıb ərimiş şamdır. Yırtıq paltarlardan əzalar görünür. bu ayaqyalın, başıaçıq, cır-cındır içində qaralan -məxluqlara baxanda göz yaşı axıtmamaq qeyrimümkündür. Günlərlə ac qalıblar. Son günlərdə onlara bircə dəfə ət şorbası və əl boyda bir parça çörək verməyə başlayıblar. Yaşadıqları binalar bayquş yuvasından da pisdir. Nə qapı, nə də pəncərə var… Tavan uçmuş, döşəmə yaş torpaq… daş… Hər yer zibil və üfunət. Yağışlar və qar yağanda bu zavallıların halı necə olacaq? Bir kənarda da qaçqınlardan bir məzarıstan əmələ gəlmişdir…».

 

«Seyid Əzim dövri ədəbi-şer məktəbinin son nümayəndəsi Dərbəndli Mirzə Səməndər maşın altında qalıb vəfat etmişdir. Şiddətli şaxta, qar və çovğunlu bir gündə məruf, qocaman şairin cənazəsini son iqamətgahına yola salmağa çox adam gəlmişdi. Qəbiristanda, cənazə üstündə şair Salman Mümtaz atəşin lisanla danışdı, məşhur həcvnəvis şairin tam bir Şərq şairi həyatı keçirib, Suriyaya, İrana, Türküstana səyahət edib, yazıb-yaratmasını nəql etdi. Ədib Seyid Hüseyn də şairə vida sözləri dedi».

* * *

 «Dolandırıcı bir dəstə, azyaşlı oğlanları dövlətlilərin evinə qulluqçuluğa düzəldirlər, sonra de gecə yarısında çapqına gəlirlər, uşaq qapını açır».

* * *

«Dövlətli balaları əsgər getmir, rüşvət verirlər. Əsgər gedən kasıblardır».

* * *

«Anbarlarda 250 milyon put neft aşıb-daşır…».

* * *

 Qəlp pul karxanaları, gecə oğruları və silah anbarları. Fevral inqilabından sonra, ta 1920-ci ilin ortalarına qədər hər ay Bakıda saxta pul karxanası kəşf edilirdi. Bayılda altı kişi qəlp pul kəsdikləri yerdə, cinayət üstündə yaxalanırlar. İki litoqraf daşı, birində 40 manatlıq Kerinski pulu dərc edilib. 3.000.000 manat hazırlanmış pul tutulub. Canilər 40 nəfərdən ibarətdir; aralarında bir dəstə Bakı əyanı da var.

Başqa yerdə 25 manatlıq kəsən digər «fabrika» kəşf edilib. Parapet (Quru bağ) qarşısında olan erməni kilsəsi altındakı anbardan külli miqdarda hərbiyyə ləvazimatı – soldat libasları, xəstəxana avadanlığı gizlədildiyi kəşf edilmişdir. Axtarış zamanı çoxlu əsləhə, pulemyot, çoxlu patron və qeyri şeylər tapılmışdır. Həmən şeylər arabalardan, kilsədən başqa yerə aparıldıqda görülüb və lazımi yerə bildirilmişdir.

* * *

 İlyazar adında həbs edilən bir şəxsin mənzilində, çarpayıda 100.000 manat pul, böyük brilyant qaşlı çoxlu üzük tapılmışdır. Beş nəfər tutulub, 22 milyon köhnə Nikolay pulu üstlərində.

* * *

Bir evdə saxta pul kəsənlər tutulub. Təhqiqat vaxtı məlum olur ki, gündə yalnız yemək – içməklərinə lazım olan miqdarda pul hazırlaya bilirlərmiş.

* * *

 Armiyanski (Qorki) və Kamenisti (Şors) küçələrinin tinindəki binada qəlp pul qayıranlar yaxalanıb.

* * *

Merkuri (Şaumyan) və Budaqov (l. Şmidt) küçələrinin tinində 400.000 manat pul aparan arabanı əli silahlı adamlar araya alıb, pulları tələb ediblər. Pul taxta qutuda imiş. Rabitə işçisi məktublarla dolu ağzıbağlı, surquclu çantanı canilərə göstərir. Onlar cəld torbanı götürüb, aradan çıxırlar. Pul qutuda salamat qalır.

* * *

 Naberejnı (Neftçilər) küçəsində tərsanə ilə üzbəüz binada səkkiz nəfər naməlum şəxs, cinayət polisi məmuru libasında gəlib axtarış icra etmişlər; onlar gedəndən sonra ev xanımı kəşf etmişdir ki, həriflər cəvahirat və qızılı qarət edib aparmışlar,

* * *

Azərbaycan məhkəmə palatası prokuror həzrətlərinə. Həmin 1919-cu il, iyun ayının 10-da, gecə, Bayıl küçəsində mənzilinə gələn iki nəfərdən biri özünü təhriri polis rəisi qələmə verib və pulemyot axtaracaqlarını söyləmişdir. Dediyini sübut etmək məqsədilə fotoşəkil yapışdırılmış vəsiqə təqdim etmişdir. Axtarış vaxtı ev xanımını silahla təhdid edərək kassanı zorla açdırıb, qızıl pulla 2.000.000 manatlıq qiymətli əşya və qızıl pul götürüb aparıblar. Və tapşırıblar ki, şeylərin və pulun məsələsini ayırd etmək üçün səhər cinayət polis idarəsinə gəlsin. İstintaq vaxtı müəyyən edilib ki, soyğunçuluğu Səid Baba Mir Dadaş oğlu təşkil edib.

Çapqında aşağıdakı adamlar iştirak ediblər: Bağır Nəcəf oğlu, Nəriman Məşədi Rəhim oğlu, Əliyev Mir Əhmədəli Mir Kərim oğlu, Əli Muxtar Piri oğlu, İsgəndər Hacı Dəmir oğlu, İsmayıl Əlixan oğlu, Əliağa Ağamalı oğlu, bir də Mehdi Ramazan. Qeyd etmək lazımdır ki, qarodovoy İsgəndər, soyğun olan vaxtı mülkün qabağında xidmət şöbəsində vəzifəsini yerinə yetirirmiş. İsa Mirzə Yəhya oğlu və Mir Əhmədəli Mir Kərim oğlu tərsanə qarşısında gecə gözətçisi imişlər. Təhriri polis rəisi, çapqınçı Səid Baba Mir Dadaş oğlunun və aşna saxladığı Yelena Tamrişvilinin mənzillərində apardığı axtarış zamanı çoxlu qiymətli əşya və qızıl pul aşkara çıxardıb. Ev sahibi şeylərini tanıyıb və evindən talan edildiyini təsdiq edib. Bunlardan əlavə Səid Babanın mənzilində fotoşəkil yapışdırılmış iki vəsiqə tapılmışdır; sənədlərin birində ona silah daşımağa icazə verildiyi yazılıb. İkinci vəsiqəni Bakı polismeysterinin müavini 1919-cu ilin mart ayında verib. Əşya sahibi sənədləri göstərib Səid Babanın axtarış zamanı özünü cinayət üzrə polis rəisi adlandırdığını təsdiq etmişdir. 186 İsmayıl, Əliağa və Mehdidən savayı yuxarıda adları çəkilənlər həbsə alınıb. Onların da evlərindən talan edilmiş qiymətli əşya və qızıl pul tapılmışdır. Ələ keçən qiymətli əşya və qızıl pullar yiyəsinə qaytarılıb. Bakı şəhərinin 1-ci polis şöbəsi istintaqı davam etdirir… 19/VI-19.

* * *

 «Tiflis əsilzadələr bankı»nı yarmaq istəyənlər kassada yalnız 2.000 manat pul tapıblar. Xidmətçiləri tapança ilə təhdid edib, milyonların yerini soruşmuşlarsa da səyləri boşa çıxıb. Soyğunçular gedəndən 10 dəqiqə sonra banka 2-milyon manat pul gətirilib.

* * *

 Çəmbərəkəndində, Vəkilov müalicəxanasının (11 poliklinika) yaxınlığındakı çəpərə alınmış balaca bağçadakı daxmada çoxlu tüfəng, patron dolu qutular, bomba və qumbara tapılıb. Yük avtomobili dolusu silah tutulub. Dəniz kənarında bir evdə silah anbarı tapılmışdır; 1067 top gülləsi, çoxlu patron dolu qutular, bomba və mərmi.

* * *

Pul basdırılan mətbəədən pullar oğurlanır. Yenə 300.000 manat yoxa çıxıb, mühafizlər yatır, ya da üzbəüz meyxanada sərxoşluq edirlər.

Manaf Süleymanov, “Eşitdiklərim, Gördüklərim, Oxuduqlarım”

218 Baxış

Maraqlı

Comments are disabled.