Azərbaycanın ilk snayperçi xanımı – FOTOPosted by on


İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqında alman faşistlərinə qarşı döyüşlərdə qadın snayperlər də mübariz qəhrəmanlar arasında yer alırdı.

Qadın snayperlərin arasında azərbaycanlı snayper, 17 yaşlı qız Böyük Vətən Müharibəsi illərində öz alayının siyahısında snayper-kəşfiyyatçı-rabitəçi kimi qeyd olunmuşdu.

Bu Azərbaycanın ilk snayperçi xanımı Ziba Qəniyeva idi. 

Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, “Xalqın şücaəti” layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, ASE-da isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi. Z.Qəniyeva, 1940-cı ildə Moskvada Teatr Sənəti Dövlət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Amma müharibə ona təhsilini davam etdirməyə imkan vermir. O, hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edir.  Gənc qız atıcılıq kurslarının müdavimi olur və bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edir. 1941-ci ildə 16 dəfə düşmən arxasına keçərək vacib məlumatlar ötürüb. Ziba Qəniyeva, həmçinin snayperlik sənətini də mənimsəyib. 

Böyük Vətən Müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə çoxsaylı dövlət mükafatları, o cümlədən  “Qırmızı Bayraq” ordeni və “Qırmızı Ulduz” ordeni, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib.

O, Sovet Sosialist Qəhrəmanı adına da layiq görülə bilərdi, amma onun anası repressiya qurbanı olduğu üçün mükafat vərəqi doldurulmamış qaldı.

1942-ci ildə Zibanı Nikolay Mixayloviç Şvernik (SSRİ Ali Şurasının Prezidiumunun sədri) və onun həyat yoldaşı Mariya Fyodorovna Şvernik hamiliyə götürdülər.

Moskva hospitalında işləyən Mariya Fyodorovna qızın sözün əsl mənasında həyatını xilas etdi, çünki Ziba qan zəhərlənməsindən ölürdü. 11 ay Mariya Fyodorovna ona qulluq etdi. Beləcə Ziba Nikolay Mixayoviçin və Mariya Fyodorovnanın qızı oldu.

Müalicədən sonra cəbhəyə qayıtdı. İkinci dəfə yaralanandan sonra isə iki ilə yaxın müddəti hospitalda keçirdi, tərxis edildi və bir daha döyüşlərdə iştirak etmədi.

Qələbədən sonra məşhur diplomat, SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurdu.

Tarixlə məşğul oldu, şərqşünaslıq üzrə doktorluq dərəcəsi aldı, professor oldu. 

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

 

264 Baxış

Unutmadıq

Comments are disabled.