Azərbaycan qadınları döyüş meydanındaPosted by on


72 il öncə dünyanınaz qala yarıdan çoxunu öz ağuşuna alan II Dünya müharibəsi illərində kişilərlə çiyin-çiyinə düşmən üzərinə son qələbəyədək addımlayan zərif cinsin nümayəndələrinin qələbədə, şübhəsiz ki, böyük payları var.

Bəli, Azərbaycan tarixi güclü, qüdrətli qadınlardan xali deyil. “Zərif məxluqlar” mübariz olduqlarını təkcə ailə adlı bir qalanın qorunmasında deyil, hərbi libas geyinib hər qarış Vətən torpağının uğrunda əllərinə silah alarkən dənümayiş etdirmişlər. Onlar snayperdən atəş açırdılar, kəşfiyyata gedirdilər, təyyarədə uçurdular, arxa cəbhədə də ərlərinin, oğullarının və ya qardaşlarının ağır əməyini əvəz etmək onların zərif çiyinlərinə düşmüşdü.Qoca tarixin qanlı səhifələrinin ortaya qoyduğu reallıq budur.

1941-1945-ci illərdə Azərbaycan hərbi əməliyyatlar meydanından uzaq olsa da, Azərbaycan xalqı faşizm üzərində qələbəyə əvəzsiz tövhə vermişdir. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilmişdi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız könüllü cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı, onlardan 30 min nəfərdən çoxu qadınlar idi. Azərbaycan qadınları 1941-1945-ci illər müharibəsində fədakarlıq nümunəsi göstərib ön cəbhədə düşmənə qənim, arxada vətənə dayaq olublar.

1941-ci ilin avqustunda Azərbaycanın qabaqcıl qadınları sovet ordusunun əsgərlərinə isti paltarların toplanması üçün Azərbaycanının bütün qadınlarına müraciət edirlər. Bu məqsədlə emalatxanalar təşkil olunmuşdu. Emalatxanalara əlcək və corab toxumaq üçün evdar qadınlar cəlb olunurdu. Oğlunu, qardaşını, həyat yoldaşını müharibəyə yola salan qız-gəlinlər bu emalatxalarda gecəni gündüzə qatıb işləyirdilər. Azərbaycan zəhmətkeşləri tərəfindən müharibə illərində cəbhəyə 30 milyon rubldan çox dəyərində, 1592 min ədəd – 125 vaqon müxtəlif geyim, isti paltar, fərdi kollektiv bağlama göndərilmişdi. Əlbəttə ki, bu işdə qadınlarımızın əməyi danılmazdır.

Respublikada 25 qadın hərbi qulluqçuların ailələrinə dövlət dəstəyi məsələləri ilə məşğul olurdu. Bakı Şurasında bu məsələ ilə əlaqədar qurulmuş daimi komissiya şair Mirvari Dilbazi tərəfindən idarə olunurdu.“Azərbaycan qadınının bu cür fədakarlığı cəbhənin ən vacib ehtiyacını ödəmişdir” desək, yanılmarıq. Çunki bu, şübhəsiz ki, müharibəyə yollanmış əsgərlərə ruh yüksəkliyi verirdi.

Müharibə illərində ziyalılarımız, o cümlədən ziyalı qadınlarımız da dayanmadan şərəflə işləmişdilər. 1944-cü ildə respublikanın 66 tədqiqat müəssisəsində və universitetlərdə təxminən 80 qadın həkim və elm adamı çalışırdı. Azərbaycan alimlərindən konsrtuktor İsmət Mehdiyevanın, bioloq Dilşad Muğalinskaya, həkim Sonaxanım Vəlixanovanın və başqalarının etdikləri həm ön cəbhədə, həm də arxa cəbhədə mühüm əhəmiyyət kəsb etmişdir. İzzət Orucovanın rəhbərlik etdiyi bir qrup kimyaçı təyyarələr, tanklar və digər maşınlar üçün müxtəlif yağların istehsalında ən səmərəli iş aparırdılar. İqtisad elmləri namizədi dünyada iki qadın gəmi kapitanından biri Şövkət Səlimovanın 1941-45-ci illərdə gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdu.

Bakımızın fəxri neft, hamımızın iftixarı neftçilərdir. Bildiyimiz kimi, zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı.

Böyük Vətən müharibəsi illərində Bakı neftayırma sənayesinin kollektivi cəbhəni neft məhsulları ilə fasiləsiz təchiz etmək üçün qəhrəmancasına mübarizə apardılar. Bu sahədə də planlarının yerinə yetirilməsində qadın əməyi mühüm rol oynamışdır. Müharibə illərində, xüsusən də 1944-cü ildə işsiz əhalinin, əsasən, evdar qadınların səfərbər olunması ilə əlaqədar neft sənayesində qadınların sayı 2,5 dəfə artdı. Həmin illərdə yüksək ixtisas alan qadınların sayında kəskin artım oldu. Əgər 1941-ci ildə beş neftçıxarma trestində 325 qadın-qazmaçı, traktorçu və operator işləyirdisə, 1945-ci ilin birinci yarısında onların sayı 1040-a çatmışdı.

Azərbaycan qadınları və qızları arxa cəbhədə kişilərin gördüyü işlərin öhdəsindən gəldikləri kimi, ön cəbhədə də böyük rəşadət və qəhrəmanlıq göstərmişdilər.Arxa cəbhədə yer şumlayan, taxıl biçən qadınlarımız ön cəbhədə döyüş təyyarələrini, tankları idarə etmiş, pulemyotçu və topçu, avtomatçı və snayper, tibb işçisi, rabitəçi olmuşlar.

Smolensk vilayətində böyük və şərəfli döyüş yolu keçmiş “partizan həkimi” ləqəbli Aliyə Rüstəmbəyovanın fəaliyyəti dillər əzbəri olmuşdu. O, müharibənin ilk günlərindən cəbhə bölgələrində yerləşən tibbi sanitariya hissələrindən birində işə başlayır,  Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edir. 1942-ci ildə keçirilən döyüşlər zamanı mühasirəyə düşən Aliyə Smolensk vilayətində olan “Deduşka” partizan dəstəsinə birinə qoşulur. O, burada dəfələrlə döyüşlərin ən qızğın çağlarında faşistlərin atəşləri altında həyatını ilə risqə ataraq yaralı partizanlara tibbi yardım göstərmiş, onları sürüyərək döyüş sahəsindən çıxarmış, 1942-ci ilin iyun ayında keçirilən döyüşlər zamanı isə həlak olmuşdur.

“Səmalarda uçmaq məgər qadın işidir?” Paraşütdən tullanmaq istədiyini anasına deyəndə belə cavab almışdı Züleyxa Seyidməmmədova. Moskvanın Jukovski adına Hərbi Hava Akademiyasına təhsil almaq üçün məktub göndərir. “Qadınlar şturman fakültəsinə qəbul edilmir” cavabını alır. SSRİ Müdafiə Xalq Komissarlığına müraciət edir və nəhayət, istedadı nəzərə alınır, Züleyxa Akademiyaya qəbul olunan ilk şturman-qadın kimi tarixə düşür. Müharibədə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş bu qadın 500-dən artıq döyüş uçuşu keçirir, Stalinqrada gedən Stalini öz hərbi təyyarəsi ilə müşayiət edir.

İkinci Dünya müharibəsində 129 alman əsgərini öldürən Azərbaycanın ilk snayperçi qadını  Ziba Qəniyevanın ən böyük arzusu aktrisa olmaq idi, lakin müharibə onun bütün planlarını alt-üst edir. Müharibənin ilk günlərindən könüllü cəbhəyə getmiş, Şimal-Qərb cəbhəsində vuruşan 3-cü Moskva kommunist diviziyasında snayper olaraq döyüşmüşdür. Taburda ratsiyaçı-kəşfiyyatçı olur. 1941-ci ilin soyuq qışında 16 dəfə düşmən arxasına keçərək, 8 saat qarın üstündə uzanır və ratsiya ilə düşmən haqqında vacib məlumatları ötürür. Döyüş şəraitində Ziba Qəniyeva snayperlik sənətini də mənimsəyir. Döyüşçü rəfiqəsi V.Qalaninanın xatirələrindən: “1942-ci ilin yazında bizim taburun hücumu başa çatdı, biz Zibayla bərabər  müvəqqəti sakitlikdən istifadə edərək, snayper “ovu” ilə əsaslı məşq etmək qərarına gəldik. Mövqelərimizdə on metrlərlə aralıda hitlerçi əsgərləri yerləşirdi və səngərlərini möhkəmləndirirdilər. Onlar özlərinə çox arxayın davranırdılar. Biz mövqe seçərək məqsədimizi təyin etdik. Bərabər atəş açdıq və iki faşist eyni anda öldürüldü”.

Tibb bacısı Əsmər Həsənova Sevastopol müdafiəçilərinin ən yaxın köməkçisi idi. O, qanlı döyüş meydanında onlarca yaralı döyüşçünün həyatını ölümdən xilas etmişdi. Ə.Həsənova öz döyüş rəfiqəsi Keto Xomeriki ilə 25 nəfər yaralı əsgəri bir mağarada gizlədərək iki həftədən artıq onların qayğısına qalmışdı. Cəsur vətənpərvərlər yaralıları yemək və su ilə təmin etmək üçün dəfələrlə faşistlər tərəfindən ciddi nəzarət olunan rayona getmiş, ölümlə üz-üzə gəlməkdən belə çəkinməmişdilər. Sevastopolda vəziyyət gərginləşərkən Ə.Həsənova sualtı qayıqda Tuapseyə göndərilən 50 nəfər ağır yaralı əsgər və zabiti müşayiət etmiş, onlara tibbi yardım göstərmişdi.

1942-ci ilin iyulunda Azərbaycan komsomol təşkilatının göstərişi ilə Stalinqrada gələn azərbaycanlı qızlardan biri də tibb bacısı Həlimə Rzayeva idi. Volqa qalası döyüşünün bütün əsas mərhələlərində iştirak edən Həlimə xanım 3 ay ərzində 300-dən çox döyüşçünün həyatını xilas etmişdi. Tibb və döyüş xidmətlərinə görə o, yüksək dövlət mükafatları almış və dəfələrlə komandanlığın təşəkkürünə layiq görülmüşdü

Cəsur qadınlarımız haqqında danışarkən II Dünya müharibəsində Azərbaycan tarixində, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçı olan azərbaycanlı Leyla Məmmədbəyovanın, təyyarəçilər Ziba Dadaşovanın, Zərifə Qasımovanın, baş leytenent Dürrə Məmmədovanın, kəşfiyyatçı Mariya Rzayevanın adlarını çəkməmək olmur. Əsrlər, qərinələr keçir, lakin bu qadınların xidmətləri nəinki unudulmur, hətta gələcək nəsillər üçün örnək olur.

Qəhrəman Azərbaycan qızlarının Böyük Vətən müharibəsində alman faşizmi üzərində çalınmış böyük qələbədə xidmətlərindən söhbət açdıq. Onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər. Bu qəhrəmanlıq salnaməmiz indi də davam edir və bu salnaməmizə bu gün də yeni-yeni səhifələr yazılır. Azərbaycanın qəhrəman qızlarının Qarabağ savaşında da yaxından iştirak etdiyi hamimiza məlumdur. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qalxdılar. Milli qəhrəmanlar-Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, Vəfa Mansurova, Sücaət İsgəndərova Azərbaycanın qadınlarının yeni dövr fədakarlığının simvolu oldu.

Şuşa və Şuşaətrafı döyüşlərdə vuruşmuş müstəqil Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifovanın, 18 yaşında qadınların müharibədə iştirakına qadağa qoyulduğu üçün saçlarını kəsərək 1991-ci ildə Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edən və hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi olan Kəmalə Qəhrəmanovanın, müharibənin od-alovundan keçmiş kəşfiyyatçı qadın Gülarə Musayevanın, qadın snayper Şükufə Musayevanı, Qarabağ müharibəsi veteranı Radə Abbasın, Şuşa özünümüdafiə batalyonunun Kərkicahan rotasında kəşfiyyatçı Xanımzər Həsənovanın, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Aliyə Piriyevanın, əlinə silah almasa da, yaralılara tibbi yardım göstərən Sevda Səfərovanın adları, xidmətləri unudulmamalı, tarixdə qalmalıdır.

Aynur Nəzərova – Xubanova,

AMEA Elm Tarixi İnstituitu, “Tərcümə və İnformatika” şöbəsinin müdiri

 

 

301 Baxış

Unutmadıq

Comments are disabled.