Ağ nefti Xəzərə axıdan Nobellər Bakıya necə gəldi?Posted by on


XIX əsrin ikinci yarısında bir çox xarici şirkət Rusiyada dirçəlməkdə olan neft sərvətini istismar etməyə çalışırdı, əsas diqqət mərkəzində, əlbəttə Bakı idi.

8 ingilis, 3 fransız, 2 isveç, 2 alman, 2 belçikalı, 1 Danimarka və başqa şirkətlər Azərbaycanın qara qızılını xaricə daşıyıb aparırdılar. İş o yerə çatmışdı ki, 1898-ci ildə neft mədəni və zavodu ələ keçirməkdən ötrü Bakıya 30-a qədər ingilis kapitalisti gəlmişdi.

Amerikanın Rusiyadakı səfirinin arvadı da onlara qoşulmuşdu, özü ilə güclü pul və iki nəfər neft mütəxəssisi gətirmişdi. “Standart oil” şirkətinin sahibi Rokfeller özünün xüsusi nümayəndəsi Tvidilini hələ 1878-ci ildə Bakıya yollamışdı.

Bakıda ilk xarici şirkəti Nobel qardaşları yaratmışdı, Emanuel Nobel 1843-cü ildə İsveçdən Rusiyaya gəlib, zavod açıb silah istehsalına başlayır və sualtı mərmilər hazırlayır. Krım müharibəsi zamanı Peterburq və Kronştatda ingilis hərbi gəmilərinə qarşı bu mərmilərdən istifadə edirlər. Nobellər hərbi qayıqlar üçün buxar maşınları da qayırıb satırdılar. Krım müharibəsi qurtarandan sonra dövlət sifarişləri kəsilir, Nobel iflasa uğramaq təhlükəsi qarşısında qalır; borclarını manat yarım əvəzinə bir manat vermək şərtilə müflis olmaqdan birtəhər yaxasını qurtarır. Arvadı və iki oğlu Alfred və Elmar ilə Peterburqdan vətənə qayıdır; kimya laboratoriyası açır. Laboratoriyada partlayış baş verir və Elmar həlak olur. Alfred o dövr üçün ən dəhşətli və dağıdıcı maddə hesab edilən dinamiti kəşf edir, Dünyanın ən zəngin adamlarından biri olur; öləndə 50 milyon frank miras qoyur. Ölümündən qabaq həmin pulun müəyyən faizindən Nobel mükafatını təsis edir. Lyüdviq və Robert Peterburqda qalıb Nobel qardaşlarının şirkətini yaradırlar. Zavodlara maşın və cihazlar satırlar, yenə hərbi nazirliklə əlaqə yaradırlar. İjev şəhərindəki silah zavodunu da icarəyə götürüb 7 il müddətində rus ordusuna 200.000 tüfəng verməyi boyunlarına götürürlər. Almaniyadan tüfəng qundağı üçün baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına o qədər də sərfəli deyildi, Peterburq ətrafında isə qoz ağacı bitmədiyindən bunu ölkənin müxtəlif zonalarında axtarırlar. Mütəxəssislər xəbər verirlər ki, belə ağac Qafqazda, Lənkəran meşələrində çoxdur. Lyüdviq balaca qardaşı – Robert Nobeli Lənkərana göndərir. O da bələdçilərlə meşələri gəzib qoz ağacı massivi axtarır. Lənkəranda belə massiv tapa bilmir, kor-peşmən geriyə qayıdır. Yolüstü Bakıda qalır.

Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir. Maliyyə, sənaye, iqtisadi vəziyyəti öyrənir, əsl sərvət mənbəyinin Bakıda olduğunu kəşf edir. Peterburqa məktub göndərib qardaşı Lyüdviqə xəbər verir ki, perspektiv cəhətdən tükənməz dövlət burda – Bakıdadır. Buruqlardan gecə-gündüz qızıl axır burada. Şirkət yaratmağı ondan israrla təkid edir. Lyüdviq yaxın maliyyə dostlarından baron P. A. Bilderlinq, F. A. Blyümberq, A. S. Suldqeren, B. F. Vunderlinq, İ. Y. Vabelski, M. Y. Belyamini toplayıb «Nobel qardaşları» şirkəti düzəldir (diqqət yetirin, şirkətdə bir nəfər də olsa nə rus və nə də rus təbəəsi var). Robertə Bakıya lazımi vəkalət və pul göndərilir ki, mədən və zavod alsın. Robert bütün gecəni səksəkəli yamışdı; qorxurdu ki, yatıb qalar, yerli sənayeçilər ona kələk gələ bilər, müzaidədən əli çıxar. Ayağa qalxanda pəncərədən bayıra baxır. Hava tutqun idi. Səs-küy, fayton, araba çarxlarının cırıltısı, piyada gedən adamların ayaq tappıltısı eşidilirdi. Ona elə gəlir ki, hamı bir səmtə müzaidə yerinə tələsir. Cəld yuyunub geyinir, bufetdə ayaqüstü qəlyanaltı edib, mehmanxanadan çıxır. Hərrac yerinə çatanda əməliyyatın başlandığını görür. Adam əlindən tərpənmək olmurdu; elə bil burada Asiya və Avropa libaslarının sərgisi keçirilirdi: əba, çuxa, hərbi şinel, dənizçi gödəkçisi, arxalıq, ləbbadə, kostyum, papaqlar, qotazlı osmanlı fəsi, girdə iranlı papağı… Hər sinifdən 80 nümayəndə: tacir, neftxuda, zavod sahibi, hərbi, mülki məmurlar, axund, dəllal, molla, keşiş, kəndli, sənətkar, avara, fırıldaqçı, dirəkçi, vəkil, həkim, mühəndis… bir sözlə burada nə cür sənət sahibi desən tapa bilərdin. Səsdən qulaq batır, baş çatlayırdı… Meydançada dayanmış saqqallı kişi: “Altı yüz manat, bir…” deyə qışqırdı və çəkici mis lövhəyə endirdi. Kənardan kim isə: “Altı yüz əlli!..” təklif etdi. Səs-küy qopdu. Qiymət get-gedə min üç yüz manata qalxdı. Aleksey adlı mədən sahibi qardaşı ilə çənə döyürdü. Birdən xəbər yayıldı ki, satılan torpağın qonşuluğunda gecə fontan vurub… Səs-küy qopdu… …Qiymət 2.800 manata qalxmışdı. Müzaidəçinin sözü ağzında yarımçıq qaldı, çəkici mis lövhəyə vurmağa macal tapmırdı. Üç min bir deyəndə araya sükut çökdü… Çəkicin cingiltisi aydın eşidildi.., Üç min iki!.. Birdən kim isə astadan yığılanların başa düşmədiyi bir lisanda dedi: “Fyunf tauzend… Fyunf tau-zend…”. Buradakılar deyilən sözlərin mənasını anlamağa çalışdılar. Birdən dilmanc qışqırdı: “Beş min manat təklif edir cənab Nobel…”. Camaatın elə bil üstünə su ələndi. Hərracçının çəkici havada bir anlığa dayandı, sonra lövhəyə tərəf endi. Mis lövhə elə cingildədi ki, elə bil zarıdı… Şaşqınlıqdan sükut daha da artdı. Birdən mədən sahibi Aleksey tacirlərin arasından özünə yol açıb meydançaya yaxınlaşaraq bağırdı: “Üçüncünü, üçüncü çəkici vurma! Bu nə cənabdır?! Bu nə cənabbazlıqdır? Bakı kimindir? Urusların! Biz sözə inanmırıq. Qoy pulunu çıxartsın ortaya qoysun! O yer, mənim mədənimə paz kimi soxulub. Mən almaq istəyirəm. Qoy pulu çıxarsın. Pulu verəndən sonra çəkici vurarsan! Bəlkə öz dilində bizi ələ salır”. Dilmanc deyilənləri tərcümə etdi. Hamı maraqla işin necə qurtaracağını gözləyirdi. Robert halını pozmadan ala-bula qalstukunu düzəldib, tələsmədən gümüş papiros qutusundan siqar götürdü, alışdırdı, heç kəsə məhəl qoymadan qoltuğundan çıxardığı çek kitabçasına xırda, səliqəli hərflər və rəqəmlər yazdı: “L. və R. Nobel qardaşlarının vəkalətilə Robert Nobel”… Çeki dilmanc vasitəsilə hərracçıya ötürdü…

Sonra Robert Qaraşəhərdə neft təmizləyən zavod da aldı. Onlar az bir müddətdə Suraxanı, Balaxanı və Bibiheybətdə mədən sahibi oldular. Ağşəhərlə Qaraşəhər birləşən yerdə geniş bir yeri icarəyə götürüb neft təmizləyən, kükürd turşusu, mis, çuqun əridən zavodlar və körpülər tikdirdilər.

“Nobel qardaşları” öz firmalarının 5 illiyini bayram edəndə onların ümumi kapitalı 3.000.000 manata yaxın idi. Ümumi məbləğ şəriklər arasında belə bölünmüşdü: Nobellər – 1.610.000 manat, Baron P. A. Bilderlinq – 930.000 manat, F. A. Blyumberq – 25.000 manat, A. S. Suldqeren – 81 5.000 manat, B. F. Vunderlinq – 5.000 manat, İ. Y. Vabelski – 135.000 manat, M. Y. Belyamin – 25.000 manat. Ağşəhərdə 1882-83-cü illərdə firmanın qulluqçuları üçün xüsusi “Villa Petrolea” (“Neft bağı”) saldılar. Zavodlardan qalxan tüstülərin, irilixırdalı, gümüşü rəngə çalan dəyirmi rezervuarların, gecə-gündüz ətrafa buxar sovuran qurğuların arasından görünən bu “Gülüstan” bağı qəribə bir aləm idi. Onu salmaq üçün Varşavadan məşhur mütəxəssis E. Beklini dəvət etmişdilər. Məlum oldu ki, bu yerlər neft və tullantı ilə korlanıb. Buraya torpaq gətirmək lazım idi. Çox keçmədi ki, Lənkəranın qara torpağı ilə yüklənmiş gəmilər Qaraşəhərdəki körpülərə yan aldı. Qara torpağı arabalarda bağa daşıdılar. Əkilən ağacları, kolları və çiçəkləri sulamaq üçün Həştərxandan su gətirdilər. Bağda Beklinin təklifilə Lənkəran, Tiflis, Batum, Rusiya və Avropanın müxtəlif yerlərindən gətirilmiş 80.000 ağac və bəzək kolları əkmişdilər. Bağbanlar onları səliqə ilə qayçılayıb, buralarda o zamana qədər görünməmiş geometrik, konusvari, kubaoxşar, piramidavari, çadır və alaçığa bənzər formalarda bəzəyirdilər. Fəvvarə vuran çarhovuzlar eyni zamanda şirin su saxlamaq üçün istifadə edilirdi.

Bünövrəsi daş, birinci və ikinci mərtəbələri ağacdan olan binalar tikdirdilər; ən böyük binanın alt mərtəbəsində kontor, üst mərtəbədə isə klub və əyləncə otaqları, kitabxana yerləşirdi. İsveçli mühəndis və qulluqçular kottejlərdə firavan yaşayırdılar. Buraya Peterburqdan heykəl, rəsm əsərləri, büst, çoxlu kitab gətirtmişdilər. Mənzillərini və otaqlarını bəzəyən Azərbaycan və İran xalı-xalçaları əsl mədəni, aristokrat həyat tərzindən xəbər verirdi.

Nobellər yüksək maaşla ən bilikli, ən bacarıqlı mühəndisləri, iqtisadçıları, alimləri şirkətlərinə cəlb etmişdilər. Mütəxəssis və qulluqçular isveçli idilər: ruslara, xüsusilə də müsəlmanlara yuxarıdan baxırdılar: rus təbəələrini məsul işə yaxın qoymurdular: yalnız ağır və çirkli işləri onlara tapşırırdılar. Yüz milyon manatlar talan edib apardıqları halda Bakıda bir dənə də olsa gözə dəyən mülk tikmədilər. O yerlərdə ki, neft güman edilirdi, Kür düzənliyində, Qobustan ovalığında, Xəzəryanı düzənlikdə, Xəzər akvatoriyasında sahə icarəyə götürüb ehtiyatda saxlayır, lazımi yerlərdə quyular qazdırır, axtarış-kəşfiyyat aparırdılar. Son vaxtlar Abşeron adaları neft milyonçularının və vətəgə sahiblərinin diqqətini özünə cəlb etmişdi. Nobel qardaşları vaxt itirmədən “Pirallahı” adasını icarəyə götürüb buruq salırlar və 1904-cü ildə zəngin neft yatağı kəşf edib mədən qurdular və yatağı istismara başladılar. Kiçik bir balıqçı kəndi qısa müddət ərzində sənaye qəsəbəsinə çevrildi. “Pirallahı” adasında çalalardan, əl ilə qazılan dayaz quyulardan hələ qədim zamanlardan neft götürülürdü.

Burada “Atəşgah” və “Pir” varmış ona  görə də Pirallahı deyirdilər, buraya hər tərəfdən – şəhər və kəndlərdən ziyarətə gəlirdilər. Camaat kinayə ilə Pirallahıya “Nobel Saxalini” adını vermişdi.

Nobellərin Bakıda bir baş idarəçisi və müxtəlif sahə üzrə müavinləri vardı. Mədənlərdə hasil edilən neftin hamısını zavodlar təmizləyə bilmirdi. Saxlamağa da yer yox idi. Ağ nefti istehsal edəndən sonra yerdə qalanları dənizə axıdırdılar. Məşhur rus kimyagəri Mendeleyev Bakıda olanda bu mənzərədən dəhşətə gəlir və deyir ki, bu, gündə milyon manatlarla qızılı yandırıb kül etməyə bərabərdir, bu, milli sərvətə qarşı vəhşilikdir, hətta bu barədə hökumətə xüsusi etiraz məktubu da yazır.

Nobellər isə ağ nefti hasil edəndən sonra, qalan yanacağı iri həcmli, dəyirmi çənlərdə saxlayır, ondan milyonlar qazanırdılar. Tez-tez Qaraşəhər və Ağşəhərdəki digər zavodları icarəyə götürür, öz məhsullarını təmizləyirdilər. Bayaq dediyimiz kimi, güclü fontanlar zamanı neftin dəyəri birdənbirə aşağı düşür, maliyyə çətinliyi törənir, xırda mədənçilər torpağını satmağa vadar olurdular. Nobellər onlara “mərhəmət” əlini uzadıb, mədəni dəyərdəyməzinə alır, şikəst düşənləri çıxılmaz, ağır vəziyyətdən “xilas” edirdilər. Kapitalistlər bu tükənməz sərvəti at-araba ilə daşıyıb qurtarmağın mümkün olmadığını dərk eləyəndə başladılar (1878-ci ildə) Balaxanıdan Qaraşəhərə neft kəməri uzatmağa. Bu yolla neftin zavodlara daşınması 7 dəfə ucuz başa gəlirdi. Şəhərdən Balaxanıya gedən yol boyu at qoşulmuş arabalar Amerikadan gətirilmiş boruları daşıyır, onlar yoxuşu qalxdıqda, enişə düşdükdə aşmasın deyə, dəstə ilə fəhlələr səs sala-sala arabalara “dayaq” olurdular.

Layihə əsasında minlərlə fəhlə xəndək qazır, kərpic divarlar ucaldırdılar. Podratçılar, iş icraçıları at üstündə işlərə nəzarət edir, fəhlələri tələsdirir, söyür, tez-tez atdan düşüb yumruq, şallaq-tatarını işə salırdılar. Bu kəmər şəhər və mədənlərdə böyük iğtişaşa, dava-dalaşa səbəb oldu. Beş mindən çox neft daşıyan arabaçı, minlərlə çəlləkçi, tuluqçu tətil edib, işi saxladılar və tələb etdilər ki, kəmər sökülsün… Hətta kəməri neçə yerdən zədələdilər, sındırdılar, nasos stansiyasını xarab etdilər… Hökumət işə qarışdı, tətilçilərin üstünə atlı kazaklar göndərdi… Adamları tutub dustaqxanaya saldı. Atlı kazaklar kəməri gecə-gündüz qoruyurdular. Başqa sahibkarlar da kəməri uzatmağa başladılar və altı-yeddi ildən sonra mədənlərdən zavodlara, körpülərə neft vurulurdu. Gəmilərdə Rusiyaya, İrana, Türküstana, Batuma, Rostova vaqonlar çəlləklərdə neft daşıyırdılar. Çəlləklərdə, tuluqlarda dəvə karvanı ilə ucsuz-bucaqsız Rusiyanı neftlə təmin etməyin, onu dünya bazarına çıxarmağın çətin olduğunu nəzərə alan kapitalistlər dəniz və okeanlar üçün tankerlər, dəmir yolu üçün sisternlər düzəltdirməyə, bu yolla neft daşınmasının sürətini artırmağa çalışırdılar. 3.000 ton neft daşıyan bir tanker 9.000 çəlləyi əvəz edirdi.

Nobellər bilirdilər ki, texnikanın təkmilləşdirilməsi, iqtisadi cəhətdən üstünlük qazanmaq, nəqliyyat sürətini artırmaq üçün var-dövlət rəqabətində qələbənin əsas rəhnidir. Bütün layihə işləri, təcrübə zavodları, emalatxana və konstruktor bürolarındakı işləri, tədqiqat və nəticələri son dərəcə məxfi saxlayırdılar, sifarişləri gizli yerinə yetirirdilər.

Volqaətrafı şəhərlərdə tacirlər Nobellərə körpü tikib çən qurmağa, kontor açmağa mane olurdular. Nobellər müxtəlif  hiylələrə əl atıb onları da pay sahibi edir, öz tərəfinə çəkir, tələyə salırdı. Qaz fanarları və lampalarının icadı ilə ağ neftə ehtiyac və tələb qat-qat artdı. Yol olmayan yerlərdə isə Nobellər xırda çay gəmiləri və barkazlarla neft daşıyıb satırdılar. Şəhərlərdə, qəsəbə və stansiyalarda, yolayrıclarında, qayalarda qəribə-qəribə şüarlara rast gəlmək olardı: “Ağ neft qaranlıtlara ziya saçır”, “Ağ neft ən şiddətli şaxta, soyuq və qarda insanların dadına çatır”, “Əsrimiz ağ neft əsridir” və s.

Nobellər mazutdan yanacaq kimi istifadə etməyə başladıqdan sonra odun, kömür, torf və başqa yanacaqların qiyməti xeyli aşağı düşdü. Təkcə Bakıda yox, Şimali Qafqazda – Qroznıda, Maykopda da mədənlər ələ keçirib “qara qızıl” əldə edirdilər. 1909-cu ildə Maykop neft mədənlərində qızğın iş gedirdi. Dünyanın hər yerindən buraya gəlirdilər. Neftə yiyələnmək məqsədilə milyonlarla xərc çəkilir, kapital qoyulurdu. Nobellərin tamahı hüdudsuz idi. Kazan şəhərindən tutmuş Quryevə qədər uzanan ərazidə çoxlu torpaq icarəyə götürüb ehtiyatda saxlayırdılar. Birinci dünya müharibəsi ərəfəsində Nobellər Qroznıda neftdən emal edilən “Toulol” partlayıcı maddə zavodu tikdirdilər. Rusiyanın dəniz donanmasının çoxu onlarınkı idi, təkcə Rusiyada yox, Avropa, Hindistan, Çin, İran və digər ölkələrə də neft məmulatı satırdılar. Nobel qardaşlarını başqa sahibkarlardan fərqləndirən o idi ki, onlar işçilər üçün “yaxşı” şərait yaratmışdılar. “On saatlıq iş günü” elan edib, əslində isə fəhlələri on bir saat işlədirdilər. Fəhlələrin məişəti başqalarınkından guya fərqli idi. Müsəlman fəhlələri üçün namaz qılmağa, dini ayinləri keçirməyə otaq da ayırmışdılar. İşçilərinə ev tikməyə möhlətə borc verirdilər, dərmanxana və müalicəxana açmışdılar. Onu da qeyd etmək lazımdır ki, Nobellər yerli hökumətlə, idarələrlə o qədər də hesablaşmırdılar, Geoloji komitənin Bakıda xüsusi nümayəndəsi Dmitri Vasilyeviç Qolubyatnikov proqnoz vermək üçün Abşeron yarımadasının geoloji xüsusiyyətini öyrənib, geoloji və yeraltı təbəqələr üçün struktur xəritələri, profil və kəsilişlər qurduqda mədənlərin sahibləri ona lazımi material, sənəd və məlumat verdikləri halda Nobellər heç bir alimi yaxına buraxmırdılar. Qolubyatnikov əlacsız qalıb Bibiheybətdə xüsusi quyu qazdırdıqdan sonra istənilən elmi nəticəni aldı.

Nobellərin əsas iqamətgahı Peterburqda tikdirdikləri imarət idi; birinci mərtəbə kontor, üst mərtəbə mənzil idi; pəncərələri I Aleksandrın öldürüldüyü yerdə alabəzək mozaikalı qranitdən tikilmiş xatirə-məbədə, kilsəyə baxırdı.

Lyüdviq Nobel söhbətlərindən birində demişdi ki, dövrümüzdə əsl kral və hökmdar neft mədəni və zavodların sahibləridir. 1905-ci ildə Bakıda baş vermiş inqilab hərəkatı günlərində Peterburqda yaşayan Nobellərdən biri gileylənib şikayətlənmişdi ki,” Biz nə türkük, nə də rus, amma elə gün olmur ki, mədən və zavodlarımızda fəhlələr iğtişaş salıb maşın, avadanlıq sındırmasınlar. Ürəyimiz Bakıdadır, bizi iflis vursa ordan vuracaq”.

183 Baxış

Unutmadıq

Comments are disabled.