31 Mart Soyqırımı – VİDEOPosted by on


Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917 – ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni daşnakları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.

Həmin günlərdə erməni daşnaklarının törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar – ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər. Kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində erməni daşnaklarının törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edərək, Azərbaycan Prezidenti 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edib.

203 Baxış

Unutmadıq

Comments are disabled.