31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirilib – FOTOPosted by on


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirib.

Tarix İnstitutundan Butajurnal.com-a verilən məlumata görə, institutun direktoru, akademik Yaqub Mahmudov iclasda geniş məruzə ilə çıxış edib.

Yaqub Mahmudov bildirib ki, erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər: “Tarix İnstitutunda türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

Akademik məruzəsində qeyd edib ki, sovet dönəmində Azərbaycan xalqına qarşı soyqırımları tarixi araşdırılmayıb və Şaumyan isə qəhrəman kimi təqdim edilib: “İnstitutda xalqımıza qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir”.

Yaqub Mahmudov deyib: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədləri gətirilib. İnstitut soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib”.

Bildirilib ki, Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb. Layihənin ilk buraxılışları Azərbaycan xalqına qarşı soyqırımları tarixinə həsr olunub.

Xatırladaq ki, AMEA-nın Tarix İnstitutu dünyanın müxtəlif ölkələrindən görkəmli tarixçilərin iştirakı ilə 5 beynəlxalq soyqırımı konfransı təşkil edib.

157 Baxış

Cəmiyyət

Comments are disabled.