Əməkdar müəllim İlqar Tağıyev – FOTOPosted by on


Bu gün məktəblərimizdə, hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən müəllimlərdən biri də, Əməkdar müəllim İlqar Tağıyevdir.

Tağıyev İlqar Səyad oğlu 1959-cu il aprel ayının 16-da Lənkəran rayon Şıxəkəran kəndində anadan olub.

1976-cı ildə Şıxəkəran kənd tam orta məktəbini bitirib.

1976-1977-ci ildə Bakı şəhəri 8 nömrəli musiqi təmayüllü internat məktəbində texniki işçi işləyib.

1977-ci ildə S.M.Kirov adına ADU-nun (indiki  BDU) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur.

1982-ci ildə ali məktəbi bitirib, təyinatla Şıxəkəran kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlamışdır.

1988-ci ildə Respublika Xalq Təhsili İşçilərinin I konfransına, 1990-cı ildə Respublika Müəllimlərinin Yaradıcı İttifaqının təsis konfransına nümayəndə seçilmişdir.

1990-cı ildə “Metodist müəllim”, 1996- cı ildə “Ali kateqoriyalı müəllim” ixtisas dərəcəsini almışdır.

Özünün qabaqcıl iş təcrübəsi ilə rayonun pedaqoji ictimaiyyəti qarşısında və Respublikada çap olunan “Fizika və riyaziyyat”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnallarında müntəzəm çıxış etmişdir.

Onun “Riyaziyyat dərslərində praktik işlərin təşkili təcrübəsindən”, “Riyaziyyat dərslərində ölkəşünaslıq materiallarından necə istifadə edirəm”, “III siniflərdə məsələ həlli zamanı şagirdlərin yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi”, “Riyaziyyatdan ev tapşırıqlarının verilməsinin təşkili təcrübəsindən”, “Törəmənin tətbiqi ilə çalışmaların təşkili təcrübəsindən”, “Riyaziyyatdan sinifdənkənar məşğələlərin təşkili təcrübəsindən”, “Riyaziyyat dərslərində çalışmaların əksini fərz etməklə həlli təcrübəsindən”,”İbtidai siniflərdə riyazi oyunlardan necə istifadə edirəm” və s. metodik məqalələri işıq üzünü görmüşdür. Tərtib etdiyi misallar “Fizika və riyaziyyat tədrisi” və “Matematika v şkole” jurnallarında dərc olunmuşdur.

Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnsitutu  (indiki Təhsil Problemləri İnsitutu) ilə sıx əlaqə saxlamış, həmin insitutun dissertantı olmuşdur.  Mərhum Abdulla Nuruşovun rəhbərliyi altında “Əsas ümumi təhsil məktəblərin həndəsə kursunda şagirdlərdə tədqiqatçılıq fəaliyyəti elementlərinin formalaşdırılması” mövzusunda dissertasiya işi üzərində çalışmışdır.

2000-ci ildə Şıxəkəran kənd tam orta məktəbin direktoru təyin olunub.

2004-cü ildən Lənkəran Şəhər Təhsil şurasının  üzvüdür.

Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran ŞTŞ-nin Fəxri Fərmanlarına layiq görülüb. Ardıcıl olaraq Azərbaycan müəllimlərinin X, XI, XII, XIII cü qurultayların nümayəndəsi seçilib. Məktəb sənədlərinin aparılması sahəsində iş təcrübəsi Təhsil Şurasında müzakirə edilmiş və məktəblər arasında yayılması tövsiyyə olunmuşdur.

2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

1998-ci ildən seçki məntəqəsinin sədri,  2003-cü ildən 76 saylı Lənkəran- Astara seçki dairəsinin üzvüdür.

Ailəlidir. 3 övladı var.

 

                                      Şıxəkəran kənd N. Həsənov adına  orta məktəbin fəaliyyəti

Məktəbdə 400-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 60 nəfər müəllim məşğul olur. Kollektivin hər bir üzvü işə yaradıcı yanaşmağa, təlim-tərbiyə işində daha böyük müvəffəqiyyətlər qazanmağa səy göstərir.

Məktəbdə şagirdlərə dərindən bilik verən, dərsin tərbəyəedici imkanlarından bacarıqla istifadə edən, işinin nəticəsi üçün məsuliyyət hiss edən, şagird və valideynlərin sevimlisinə çevrilən müəllimlər az deyil.

Onlardan Nizami Quliyev, Humay Həsənova, Ağamir Məmmədov, Kinəvəs Ağayeva, Sevda Rəhmanova, Yeganə Minayeva, Cəmalə Mustafayeva, Fərqanə Mehrəliyeva, Gülər Əmirova, Fuad Minayev, Samiq Səfərov  və başqalarının adlarını qeyd etmək olar.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə Keyfiyyət ili”, Təhsildə Keyfiyyət ilinin davamı istiqamətində “Dəyirmi masalar” təşkil edilmişdir.

Məktəbdə təlimin müasir texnologiyaları geniş tətbiq olunur. Fənn müəllimləri, ibtidai sinif müəllimləri müxtəlif mərhələlərdə “Fəal təlim metodu” ilə əlaqədar seminar və kurslardan keçmişlər. Məktəbin coğrafiya müəllimi Ülkər Məmmədova yüksək nəticə göstətərək 60 bal toplamışdır.

Məktəbdə kompüter kabineti fəaliyyət göstərir. Kabinetdə 11 ədəd müasir kompüter və 3 ədəd noutbuk vardır. Kabinetdən həm yuxarı, həm aşağı sinif şagirdlərinin, müəllimlərin istifadə edilməsinə şərait yaradılmışdır.

Məktəbdə keçirilən bütün tədbirlər şagirdlərin arzuları nəzərə alınmaqla və onların fəal iştirakı ilə keçirilir.

Şagirdlərdə Vətənə, torpağa, onun tarixinə, mədəniyyətinə məhəbbət  hissini gücləndirmək məqsədi ilə keçirilən sinifdənxaric tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasında əvəzsiz rolu olmuşdur.

20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlər”, “Ağla, qərənfil ağla”, Xocalı soyqırımının il dönümü ilə bağlı “Tökülən qan yerdə qalmaz”  ədəbi- bədii kompozisiyalar, şeirlər, xatirə gecələri, şəhid ailələri ilə “Bilik günü”, “Müəllimlər günü”, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü, 2 fevral gənclər günü və sair dövlət bayramları, tarixi günlər valideyn və şagirdlərin iştirakı ilə yüksək səviyyədə keçirilir.

Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. Gənclərin fiziki və psixoloji cəhətdən Vətənin müdafiəsinə hazırlamaq məqsədi ilə keçirilən “Cəsurlar”, “Şahin” hərbi idman oyunlarında məktəbin komandası xüsusi ilə fərqlənir.

Bundan əlavə X-XI sinif şagirdlərin fəal iştirakı ilə “Mən Vətənin müdafiəsinə hazıram” mövzusunda disput keçirilir. Orada Vətənə bağlılığından, necə xidmət edəcəklərindən söhbət açılır.

Vaxtaşırı xidmət borcunu yerinə yetirən gənclərlə, şagirdlərin görüşünü təşkil edilir. Bu işdə yerli idarəetmə orqanlarının rəhbərliyi və məktəbin hərbi müəllimi Əliəkbər Əliabas oğlu Nəsirov xüsusilə fərqlənir.

İstedadlı şagirdlərlə aparılan iş maraq doğurur. Məktəbdə “İstedad bankı” yaradılmış, ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik, eləcədə incəsənət, idman, texniki yaradıcılıq sahəsində fərqlənən şagirdlərin adları banka daxil edilir, onlarla mütəmadi iş aparılır. Şagirdlər müxtəlif müsabiqə və fənn olimpiadalarında fəallığı ilə seçilirlər.

Tədris prosesində ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsinin və ideyalarının öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Lənkəran şəhərindəki Heydər Əliyev  muzeyinə müntəzəm ekskursiyalar təşkil olunur, şagirdlər ulu öndərin zəngin ömür yolu və dövlətçilik fəaliyyəti ilə tanış olurlar. Heydər Əliyevin xatirəsinin əbədiləşdirmə məqsədilə tədbirlər planı hazırlanmış şeir və inşa müsabiqəsi, idman turniri, yığıncaqlar, Heydər Əliyevin həyatını əks etdirən bülletenlər buraxılmış, “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda “Dəyirmi masa” təşkil edilmişdir.

Müdrik rəhbərə həsr olunmuş inşa yazı və şeir müsabiqlərində şagirdlər uğurla çıxış edir, mükafata layiq yerlər tuturlar. Bu işdə məktəbin tərbiyə işləri üzrə direktor müavini J.Kərimlinin, azərbaycan dili və ədəbiyyat müəllimlərinin (S.Əliyeva, G.Eyvazova, Ü. Əsədzadə) əməyi əvəzsizdir.

Təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsinə, təhsil sahəsində yeniliklərin, müasir texnologiyaların tətbiqinə, şagirdlərin hərtərəfli dünya görüşə malik intelektual şəxsiyyət kimi yetişməsinə xüsusi diqqət yetirilir. Bilik verməklə yanaşı, şagirdlərə sağlam mənəvi keyfiyyətlər aşılamaq, onları müstəqil həyata hazırlamaq ümdə vəzifə kimi qarşıya məqsəd qoyublar. Bu baxımdan müəllim-şagird-valideyn üçlüyünün fəaliyyəti təqdirə layiqdir.

“İl” çərçivəsində keçirilən tədbirlər müəllim və şagirdlərin fəallığını artırmışdır. “Ən yaxşı fənn müəllimi”, “ Ən yaxşı sinif müəllimi”, “Ən yaxşı şagird – I-IV, V-IX, X-XI  sinifləri üzrə” müsabiqəni keçirmək üçün təşkilat komitəsi yaradılmış, tədbirlər planı hazırlanmışdır. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

İlin ən yaxşı müəllim I-IV Əzizova Gülayə İmran qızı, V-IX Ağayev Nazim Salman oğlu, X-XI Məmmədova Ülkər Baratəli qızı, “İlin” ən yaxşı şagirdi I-IV Əlizadə Zeynəb İqbal qızı, V-IX Eyvazzadə Səid Zamiq olu, X-XI Heydərov Əli Nail oğlu.

Dərs ilinin əvvəlində rayon olimpiadalarında iştirak edən şagirdlərin siyahısı dəqiqləşdirilmiş, onlarla əlavə məşğələlər təşkil olunmuş və muvafiq tövsiyələr verilmişdir.

Müəllimlərin zəhməti öz bəhrəsini vermiş, rayon olimpidalarında iştirak edən 8 şagirddən 2 nəfəri (Əli Nail oğlu Heydərov 57 bal, Fatimə Zakir qızı Cəfərzadə 50 bal) yüksək nəticə göstərərək, olimpiadanın zona turuna vəsiqə qazanmışlar.

Ötən dərs ilində məktəbin 18 məzunundan 8-i Respublikamızın ali məktəblərinə qəbul olunmuşdur. Onlardan Səfərov Elmir Anar oğlu 663 balla Azərbaycan Dövlət Tibb Universitetinə, Quluzadə Ləman Cəmil qızı 523 balla BDU-ya, Minayev Faiq Şaiq oğlu 518 balla Neft Akademiyasına daxil olmuşdur.

Məktəb nəinki Lənkəranın hətta, ölkəmizin ən qocaman təhsil ocaqlarından biridir.

Məktəbin məzunlarından elmlər namizədi, elmlər doktorları, şair və yazıçılar olmuşlar.

 

484 Baxış

Təhsil

Comments are disabled.