Əlini döşünə vurub dedi: “O bən. Qoçu bən”Posted by on


Avqust ayının axırına yaxın, türk qoşunları Lökbatan ətrafında ingilis əsgərlərinə hər tərəfdən hücum edir, eyni vaxtda Binəqədi cəbhəsinə də irəliləyirdilər.

İngilislər eser-daşnak hissələrinə yardım məqsədilə Şimali Stafford alayının bir bölüyünü Binəqədiyə göndərirlər. Lakin bu bölük cəbhədə bir nəfər də olsa eser-daşnak soldatı tapmır, təpələri tutmaqda olan iki yüz nəfərlik türk əsgərlərilə qanlı vuruşa başlayır və məğlub olur.

Lökbatan ətrafındakı şiddətli, qanlı vuruşda türklər ingilislərə qalib gəlirlər. İngilis əsgərləri cəbhəni tərk edib zor-bəla ilə özlərini şəhər kənarına çatdırırlar.

Məğlubiyyəti əhalidən gizlədib, ört-basdır etmək məqsədilə ehtiyatdakı bir dəstə ingilis əsgərini şəhər küçələrində qələbə şərqiləri oxutdura-oxutdura gəzdirirlər.

İngilislərin vuruşu uduzduqlarını, eser-daşnakların cəbhədən qaçdıqlarını türk qoşunlarının Bakının kənarına çatıb onu üzük qaşı təki mühasirəyə aldıqlarını şəhərdə bilməyən yox idi. Təkcə hərbi mütəxəssislər yox, az-çox ağlı kəsən hər adam Osmanlı ordusunun artıq şəhəri tutduğunu başa düşür, «Sentrokaspi diktaturası»nın saatlarının sayıldığını anlayırdı.

Vəziyyəti müəyyənləşdirmək üçün ingilis generalı Lyu Bağdaddan təcili Bakıya gəlir. Deyilənlərə görə o, xəritədə bir yeri göstərib soruşur: «Bu məntəqə kimin əlindədir?» Qərargah zabiti göstərilən nöqtəyə baxıb deyir: «Maştağa, cənab general, türklərin əlindədir»: «Müharibə uduzulub» deyə Lyu qaş-qabağını tökür.

Avqustun 31-də türklər təzədən hücuma keçib ingilis qoşunlarını darmadağın edirlər.

Birinci dünya müharibəsində fərqlənmiş hər iki ingilis generalı Denstervil və Lyu zabitlərlə bərabər toz, tüstü içərisində, türklərin atəşi altında şəhər kənarını bir də gəzib qərara gəldilər ki, döyüş uduzulub.

General Denstervilin süngüləri üzərində qurulmuş «Sentrokaspi diktaturası» qırx dörd gün və qırx beş gecə ömür sürəndən sonra siyasət səhnəsini biabırçılıqla tərk edir.

Nuru paşanın komandası altındakı Türk islam Qafqaz ordusu şəhəri bombardman edirdi.

İngilislər hələ neçə gün əvvəl bankları, şəhərin var-sərvətini qarət edib gəmilərə daşıyaraq İrana göndərmişdilər. İndi mədən, zavod cihazlarını və avadanlığı aparırdılar. Hündür, yekə şotland qatırlarını və atları yükləməyə gəmilərdə yer yox idi. Düşmənə qənimət qalmasın deyə İmamverdi körpüsünün yaxınlığında, Bəhriyyə məktəbi qabağındakı meydanda ingilis zabitləri heyvanları güllələməyə başlayırlar. Adamlar kənarda dayanıb, ürək ağrısı ilə bu vəhşiliyə baxırdı. Dəhşətə gəlib ağlayanlar da vardı. Ölümü sövqi-təbii duyan qatır və atların da gözlərindən yaş axırdı, aman, imdad istəyirmiş kimi elə kişnəyir, elə əsirdilər ki, adam dəhşətə gəlirdi. Atların arasında üç-dörd yaşar bir kürən diqqəti xüsusilə cəlb edirdi. Cavan bir oğlan qabağa cumub ingilis zabitinə yalvarmağa başladı ki, bu atı öldürmə, ver mənə. Zabit yanındakı daha yüksək rütbəli zabitlə öz dillərində xə danışdısa, ikisi də birdən güldü və yalınqat kürən atın yüyənini oğlana uzatdı. O da hoppanıb atın belinə mindi. At götürüldü. Zabitlər bir-birinə təəccüblə baxıb, nə isə danışdılar…

Oğlan atı hər gün dəniz kənarına aparıb yuyurdu. Türklər şəhəri tutandan sonra bir dəfə dənizdən qayıdanda, türk zabiti qabağını kəsib deyir: «Yavrum, en görəyim! Bakalım, şu yabı nə biçim şey. Yarın öylə vaxtı, babanla bərabər komendantlığa gələrsiz». Nə komendantlığa getdilər, nə də oğlan o atı, sevdiyi kürəni bir daha görə bildi.

Nuru paşa və Mürsəl paşa son hücum planı əsasında qoşuna «irəli!» əmrini vermişdilər. Sentyabrın 14-də səhər toranlığında topların atəşindən bütün şəhər lərzəyə gəlmişdi. İngilislərin Şimali Stafford bölmələri geri çəkilməyə məcbur olduğundan cəbhənin mərkəzi xətti də artıq türklərin əlində idi. Türklərin atdıqları top güllələrindən dəniz qaynayır, ləpələr şahə qalxırdı. «Prezident Kryuqer» gəmisi tez-tez yerini dəyişirdi. Küçələrdə dolaşmaq xata idi. Heç kəs çölə çıxmırdı. İrana və Türküstana qaçan dövlətli erməni ailələrinin sayı axırıncı həftədə qat-qat artmışdı, adambaşı biletin də dəyəri ağla gəlməyən dərəcədə bahalanmışdı.

«Sentrokaspi diktaturası»nın menşevik, eser, daşnak qüvvələri Qaraşəhər və Ağşəhər körpülərinə doluşub, canlarını götürüb qaçmaq üçün gəmilərə, barjlara, katerlərə, barkazlara və hətta xırda qayıqlara minməyə tələsirdilər. Matroslar gəmilərin göyərtəsində pulemyot qurub, ancaq çoxlu qızıl pul verənləri gəmiyə buraxırdılar. İnad göstərənləri tüfəng qundağı ilə vurub dənizə salırdılar…

İngilislər gecə qaranlığında gəmilərdə işıqları söndürüb şəhərdən uzaqlaşmışdılar. Durbinlə baş verən hadisələrə tamaşa edirdilər. İxtiyarlarında olan iki hidroplanı hücuma göndərmişdilər. Türklər hər iki təyyarəni (hidroplan) vurub şəhərin kənarına, qəbiristanlığa saldılar. İngilis generalı Denstervilin sonralar xatirələrində yazdığına görə, üç minlik türk ordusu hücumə keçəndə, şəhərdə və cəbhədə 30 mindən çox menşevik, eser, daşnak əsgəri varmış.

Bu qoşunlar Bakını tərk edəndən əvvəl bankları, mağazaları, müsəlman dövlətlilərinin evlərini, anbarlarını qarət edib gəmilərə yükləmişdilər.

Sentyabrın 14-də küçələrdə xüsusi silahlı gözətçilər qoymuşdular ki, «şübhəli» adamları güllələsinlər. Küçəyə, dama, balkona çıxmağı, pəncərələri açmağı qadağan etmişdilər. Bir qrup silahlı fəhlə çətinliklə komissarları «Bayıl» həbsxanasından azad edir və şəhərdən köçürmək üçün əvvəldən hazırlanmış «Sevan» gəmisinə aparırlar. «Sevan» gəmisi isə dayandığı yerdən yoxa çıxır; nə qədər axtarırlarsa o həndəvərdə tapa bilmirlər. Öyrənirlər ki, «Sentrokaspi» «Sevan»ı zəbt edib aparıb. Yeganə ümid ona qalır ki, şəhərə gəlib hardasa gizlənsinlər. Yola düşürlər.

Türklər Bayıl küçələrində atışırdılar, pulemyotdan və tüfənglərdən açılan atəşdən qulaq batırdı. Güllələr qaçanların başları üstündə uçurdu; binaların, hasarların dalında gizlənə-gizlənə, yıxıla-yıxıla qorunub qaçırdılar. Şəhərin sahil küçəsinə çatanda gəmilərə tələsən bir dəstə adama rast gəlirlər. Tatevos Əmirov da atın üstündə onların arasında olur. O, Şaumyanı görəndə bərk sevinir və deyir: «Türkmən» gəmisi mənim sərəncamımdadır. Minin bizimlə gəmiyə. Göydən yağan top, pulemyot güllələri və mərmilər dənizi hədəf götürür, barkaz və gəmilərdə yanğın başlayırdı. Bulvarda çoxlu qaçqın vardı…  Komissarlar qaçqın və soldatla dolu «Türkmən» gəmisinə minirlər. Əmirovun göstərişilə komissarları üst göyərtə və kayut kampaniyada yerləşdirirlər.

«Sevan» gəmisinin yoxa çıxmasında və «Türkmən» gəmisinin «təsadüfən xilas» kəmərinə dönməsində şübhəsiz ki, ingilis barmağı olmamış deyildi; bu barmaq da komissarları aparıb Qızılqum səhrasına çıxarmışdı. Bütün bunlar bir-birinə möhkəm bənd olmuş, uzun zəncirin ayrı-ayrı halqaları idi.

Bu nəticəni Anastas Mikoyan 1971-ci ildə Moskvada «Siyasi ədəbiyyat» nəşriyyatı tərəfindən buraxılan Xatirələrim» əsərində təsdiq edirdi: «Mindiyimiz «Türkmən» gəmisini Mahaç-Qalaya gedən «Sentrokaspi» karvanından yayındırıb Həştərxan istiqamətinə yönəltdik; lakin nə soldatlar, nə gəminin matrosları və nə də qaçqınlar ora getmək istəmədilər, bəhanə gətirdilər ki, Həştərxanda bərk aclıqdır. Sonra bildik ki, gəlir Denstervil dəstəsindən gəmidə olan iki ingilis zabiti daşnak komandirlərlə dilbir olub samaatı bərk qorxudubdur.

İngilis zabitlərindən başqa gəmidə döşünə «Georgi xaçı» taxmış bir erməni də vardı. Krasnovodskiyə çatanda yalnız iki ingilis zabiti (onların nə üçün gəmidə olmalarını başa düşə bilmədik) və bir də döşündə «Georgi xaçı» olan erməniyə gəmidən sahilə düşməyə icazə verildi; həmin erməni deyirdi ki, «Yerli hökumətə vasib məlumat çatdırmalıyam». …Komissarları həbs edəndə həmən o iki nəfər ingilis zabiti və «Georgi xaçı» taxmış erməni yerli məmurlar arasında idilər.

Türklər günortaya qədər şəhəri top atəşinə tutub, bombardman etdilər. Küçələr artıq bomboş idi. Tək-tək adam görünür, divar dibi ilə qorxa-qorxa yeriyir, tez də yoxa çıxırdı. Yeri-göyü titrədən top gurultu-partıltıları şəhərin üstündən bir an belə əksilmirdi, əksinə get-gedə şiddətlənirdi.

Bir müəllim deyirdi ki, bu qanlı faciəyə baxmaq üçün üç yoldaş gedib İsabəy Hacınskinin dəniz kənarındakı uca mülkünün damına qalxdıq. Bura hər cəhətdən təhlükəsiz idi. Vuruşma gedən yer, bomba tökülən dəniz ovuc içi kimi görünürdü. Müharibə gözlərimizin qabağında gedirdi. «Sentrokaspi» əsgərləri əllərində tüfəng səngərləri bir-bir tərk edir, yeganə ümid yeri olan dəniz qırağına qaçırdılar. Gəmilərin çoxu tez-tələsik körpülərdən ayrılır, tüstü buraxa-buraxa uzaqlaşırdı. Çox keçmədi ki, Çəmbərəkəndinin üstündəki qəbiristanlıqda olan səngərlər də boşaldı. Çaxnaşma düşdü. Hərə öz hayında idi. …Bakı tüstü və alov içindəydi. Durbinlə baxdıqda Qaraşəhər və Ağşəhərdəki körpülərdə adamlar qaynaşırdı. Dəhşətə gəlmiş adamların özlərini suya atıb üzə-üzə barjlara, qayıqlara çatmağa can atdıqları aydın görünürdü. Dağın üstündən gələn mərmilər artıq körpülərə, gəmi, qayıq, barj və sahil küçəsinə düşürdü. Bir neçə gəmidə yanğın qopmuşdu, qara tüstü sütun təki ucalır, hər tərəfdən alov qalxırdı.

Sentyabrın 15-də səhər saat 9-da Nuru Paşanın Qafqaz islam ordusu şəhərə daxil oldu. Məscid minarələrindən azan səsi ucalırdı.

Nuru Paşa «İsmailiyyə» ilə üzbəüz iki mərtəbəli binaya, Mürsəl Paşa isə yenə həmən küçədə vaxtilə Müzəffərəddin şah qonaq qalmış mülkə düşmüşdülər.

Quba (Füzuli) meydanında, Quru bağda – Parapetdə, Vağzal qarşısındakı meydanda, bulvarda, Qaraşəhər körpüsü qabağında dar ağacları quruldu. Hərəsindən bir cənazə sallanırdı. Cənazənin taxsırını iri hərflərlə taxtada yazıb dar ağacına söykəmişdilər. Bir cənazənin boynuna qarət etdiyi şalı sarımışdılar. Başqa birisinin zorla aldığı şeyləri dar ağacının yanında yerə qoymuşdular. Hər kəsin cəzasını sübut edən əşyayi-dəlil gəz qabağında idi. Xəzri əsdikcə cənazələr yellənirdi. Dar ağacından asılanların arasında qanunu pozmuş türk əsgəri də vardı. Heç kəsə mərhəmət, aman yox idi. Əzəmətli şəhər elə bil şahidi olduğu şiddətdən nəfəs almağa qorxurdu.

Dələduz adamlar, qoçular qaçıb gizlənmişdilər.

Çörək baha idi.

İngilislər nə qədər əmr verib, qərar çıxardıb, hədə-qorxu gəldilərsə çörəyin kirvəngəsini 5 manata endirə bilmədilər…

Türklər ərzaq mallarına nırx qoydular. Nırxı pozanlara şiddətli cəza verilirdi.

Divarlarda xüsusi elan – xəbərdarlıq asılmışdı. Qanunu pozanlar edamla hədələnirdi. Bir günlük ehtiyacından artıq evində ərzaq tapılan adamlar, özünə aid olmayan əşyanı yerdən götürənlər, qarət edənlər, zor işlədənlər dar ağacından asılacaqdı. Dükanlarda, həyət-bacada, küçələrdə bir kəsin malına, var-sərvətinə əyri baxan yox idi. Oğurluğun kökü kəsilmişdi. Əliəyrilər, peşəkar oğrular belə cürət edib başlı-başına qalmış qiymətli şeyləri götürmürdülər; gözucu belə baxmırdılar.

İsabəy Hacınskinin evinin qabağında içi bahalı xəz palto, güzgülü, qədim bir şifoner, ipək və yun paltarla dolu, qapısı azca açıq, səkidə qalmışdı, qorxudan heç kəs cürət edib yaxınlaşmırdı, görünür qarətçilər macal tapıb apara bilməmişdilər. İki gündən sonra həmin şeyləri komendaturadan gəlib apardılar.

Var-dövlətə gözucu belə baxmırdılar. Qonum-qonşu, ağsaqqallar gedib komendantlığa xəbər verirdilər ki, küçəmizdəki parça ilə dolu çamadan, qiymətli əşya olan sandıqça, xalça, gəbə, xalını gəlin aparın, düşmənçiliklə bizi şərə salarlar.

Bir çörək satanın müştərilərdən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlamışdılar.

Şərab satmaq, içmək, tiryək çəkmək qadağan edildi, tiryəkxanaları bağladılar, sərxoş və tiryək çəkmiş adamı tutduqda zopalayırdılar. Ən yüngül cəza qırx zopa idi.

Əliabbas Müznib nəql edirdi ki, türklər Maştağaya daxil olan kimi, məni hərbi komendantlığa çağırdılar və minbaşı Tofiq bəyə katib təyin etdilər. Mənə tapşırdı ki, ona xəbər verməmiş heç kimi kabinetə buraxmayam. Xunxar məhəlləli məşhur qoçu, başkəsən Malbaş Dadaş komendantlığa gəlib, birbaşa zabitin kabinetinə yönəldi. Mən qabağına yeriyib xahiş etdim ki, qoy özünə xəbər verim, sonra gir içəri. Malbaş qışqıra-qışqıra məni söydü: «Görçə… kəs səsini». Bu vaxt Tofiqbəy özü biz olan otağa keçdi: «Yahu, şu nə qeylü-qal?!» deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir, Malbaş isə kənddə qalacaq, sonra mənə divan tutar. Vəziyyəti yüngülləşdirmək məqsədilə astadan dedim: «Tofiq bəy, şu zat qoçudur». Tofiqbəy tünd-tünd ona baxdı, dönüb məndən təəccüblə xəbər aldı: «Qoçu? Yahu, o nə biçim şey?». Başa saldım ki, qoçu güclü, qolu zorba adama deyirlər, kimi istəsə, haqq-nahaq döyər, cəza verər… Tofiqbəy əlini döşünə vurub dedi: «O bən. Qoçu bən». Qapıdakı növbətçini çağırdı: «Çavuş əfəndi, ikişər subay səslə». Çavuş bir anda iki əsgər çağırdı. Tofiqbəy barmağı ilə Malbaşı onlara göstərib, əmr etdi: «Şu pəzəvəng hərifin sırtına hərəniz qırx zopa endirərsiniz, bən gediyorum, varmasam, bən qayıdana qədər davam edərsiz». Çavuş arxadan Malbaşı qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qolqıç atdı, heç nə hasil olmadı. Naxır bulağı meydanının ortasında Malbaşın paltarını soyundurub üzüqoylu yerə sərdilər, əsgərlər növbə ilə onu zopalamağa başladılar. Malbaşın bağırtısı, yalan olmasın, Nardaranda eşidilirdi. Huşunu itirdi, qanı axa-axa cecimə uzadıb evinə apardılar. Türklər Bakıdan gedəndən bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmırdı.

Olqa Şatunovskaya yazırdı: «Xəbər çıxanda ki, Bakı – Tiflis dəmiryolu qaydaya salınıb işə düşəcək. Lovan Qoqoberidze dedi ki, birinci qatarla Tiflisə yola düşməliyik, yoxsa burda qalmaq xatadır. Getmək məgər asan idi?! Vağzalda jandarmlar və polis qarışqa kimi qaynaşırdı. Qoqoberidze sənəd düzəldib gürcü zabiti libası geydi, aradan çıxdı. Suren Ağamirov, mən və Baranov bilet alıb, saxta sənəd düzəltdik ki, tələbəyik, gəldik vağzala; çuğullayıb bizi ələ verdilər. Jandarmlar bir anda araya alıb bizi tutdular və sabiq qubernator bağındakı jandarma idarəsinə gətirib zirzəmiyə saldılar. (İndiki həkimlər evi – M. S.) «Sarı türk» ləqəbi qoyulmuş Bəhayəddin bəy özü və adamları bizə olmazın işgəncə verib Şaumyanın yerini öyrənmək istəyirdilər. Nə qədər dedik ki, gəmiyə oturub gedib, inanmadılar. Bizə xəbər çatdı ki, bizi Parapetdə dar ağacından asıb edam edəcəklər, hökm hazırdır. Türk ordusu baş komandanı Nuru paşa hökmü imzalayıb təsdiq edib. Gözlənilmədən kameraya bir neçə mühafiz girdi və bir nəfər mənə əmr etdi ki, dur gedək! Hara apardıqları məlum deyildi. Qubernator bağı ilə üzüyuxarı gedib Nikolayski küçəsindən keçdik və Quberniski küçəsinə çatdıq. Mahal məhkəməsi bu küçədə olduğundan elə bildim ki, məni mühakimə edəcəklər. Lakin belə olmadı. Məni məhkəmə binası ilə üzbəüz olan neft maqnatı Rotşildin əzəmətli mülkünə saldılar. Böyük bir salona girəndə heç gözləmədiyim halda Beybut Cavanşiri gördüm. Təəccüb və heyrətdən özümü itirdim. Bu adam Stepan Şaumyanın uşaqlıq və gənclik dostu idi. Bir yerdə böyüyüb, təlim-tərbiyə almışdılar. Təhsili davam etdirmək üçün bir yerdə Almaniyaya getmişdilər. Stepan fəlsəfə fakültəsini bitirib professional inqilabçı, Cavanşir isə mühəndis, sonra da zavod sahibi, kapitalist olmuşdu. Lakin yenə də dost idilər. Cavanşir dəfələrlə Stepanı həbsdən buraxdırmışdı, ehtiyac vaxtı maddi yardım göstərmişdi, inqilabçılara aid vacib sənədləri gizlətmişdi. Cavanşiri birinci dəfə 1918-ci il mart hadisələri zamanı görmüşdüm. Bizim dəstələr Cavanşir yaşayan mülkü atəşə tutmuşdular. Cavanşir nə yollasa Stepana xəbər çatdırmışdı ki, ona kömək etsin. Şaumyan Suren Ağamirovu və öz oğlu Sureni köməyə göndərib Cavanşirlə arvadını öz evinə gətizdirmişdi və iki həftə mənzilində saxlamışdı. Mən və Suren Ağamirov o vaxtdan onu tanıyırdıq.

Türklər Azərbaycanda «hökumət» təşkil edəndə Beybut Cavanşiri daxili işlər naziri təyin etmişdilər. Sabah bizi – məni, Suren Ağamirovu və Aleksandr Baranovu dar ağacından asacaqlarını daxili işlər nazirinə xəbər vermişdilər. O da məni gətizdirmişdi. Cavanşiri görəndə özümü itirib mat-məəttəl qalmışdım. Məni gətirən adamlar otaqdan çıxdılar, kabinetdə ikimiz qaldıq. Cavanşir dedi: «Oliya, yaxın gəl. Mən daxili işlər naziriyəm. Mənə xəbər veriblər ki, Şaumyan şəhərdədir, siz yerini demək istəmirsiz. Mən səni gətizdirdim ki, onun adresini mənə deyəsən. Mən Stepanın dostuyam. O məni ölümdən xilas edibdir. İndi də mən əvəzini çıxmaq istəyirəm. Onu harda tapsalar elə oradaca öldürəcəklər. Ver onun adresini». Dedim ki, Şaumyan şəhərdə yoxdur. Səhv eləyirlər. Cavanşir sözümə inanmadı, başladı xahiş etməyə, sonra da yalvarmağa, and içməyə ki, Stepanı ölümdən qurtarmaq istəyir. Mən nə qədər and içib, qəsəm elədimsə, inandırmağa cəhd etdimsə ki, doğrudan da Stepan gedib, Bakıda deyil, inanmadı. İnad etdiyimi görəndə qəzəblə qışqırdı: «Siz Allah lənətinə gəlmiş fanatiksiz. Stepanı məhv edəcəksiz…» Axırda əlacsız qalıb mühafizi çağırdı və qeyzlə bağırdı: «Aparın! Qaytarın həbsxanaya!» Özümü elə itirmişdim ki, sabah Nuru paşanın hökmü ilə asılacağımızı da ona deyə bilməmişdim. Məni həbsxanaya qaytardılar. Axşamüstü baş mühafiz kameraya girdi. Bakıdakı türk əsgərlərindən idi, azmaz rusca öyrənmişdi. Mənə baxıb təəssüflə dedi: «Yazıq qızcığaz, heç bilirsən ki, sabah…» əlinin işarəsi ilə boynunun dövrəsində ilmək cızdı. Dedim ki, bilirəm. Mənə bir salxım üzüm verib getdi. Bir saatdan sonra qayıdıb dedi: «Ey-vah! Yazıq, sabah…» (yenə işarə ilə boynunun dövrəsində ilmək cızdı). «Al, bir stəkan şərab iç». Üçüncü dəfə gələndə bir balınc da gətirdi: «Axırıncı gecədə heç olmasa başının altına balınc qoy, yat» – dedi. Dedim ki, qardaşlarım aşağıdadırlar, onlarla vidalaşmaq istəyirəm, məni apar onların yanına. Xahişimi rədd etdi. Görünür çox bərk qorxurdu. Mən də balınc və üzüm salxımını üstünə tullayıb qışqırdım: «Rədd ol, çıx get! Mən qardaşlarımı görmək istəyirəm!». «Yumşaldı», dedi ki, «axşam rəis gedəndən sonra apararam». Doğrudan da axşam məni həyətdən keçirib Suren və Saşanın olduğu zirzəmiyə apardı. Hər ikisi məni qucaqladı. Sabah asılacağımızı bilirdilər. Baş mühafiz bərk qorxduğundan məni tez geri qaytardı. Yoldaşlarımla şərtləşdik ki, edama gedəndə «internasional» oxuyaq. Kamerada oturub qapının şüşəsindən bayıra baxırdım ki, həyata vida edəcəyim, ömrümün son səhəri necə açılacaq. Birdən səs-küy qopdu. Kameranın lap yaxınlığında jandarmların ayaq səsləri, qılınclarının taqqıltısı eşidildi. Düşündüm ki, yəqin edama aparmaq üçün dalımca gəliblər. Lakin hələ gecəyarısı idi. «Sarı türk», dilmanc və mühafizlər kameraya girdilər. Bəhaəddin bəy mənə fransızca müraciət etdi: «Daxili işlər naziri Cavanşirin sərəncamı ilə siz azad edilirsiz. Ölüm cəzası Azərbaycandan sürgün edilməklə əvəz olunub». Əvvəl inanmadım. Güman etdim ki, məni aldadır, qorxur ki, müqavimət göstərib, inad edib edama getmərəm. Soruşdum ki, «niyə məni aldadırsız? Aparın, edam edin, mən hazıram». Bəhaəddin bəy fransızca təkrar etdi: «Siz azadsız». Dilmanc da onun dediklərini rusca təsdiq etdi. Birdən başa düşdüm; mənə çatdı ki, Cavanşir işə qarışıb. Bu əmrin tək mənə aid ola biləcəyini fikirləşəndə dəhşətə gəldim və qeyri-ixtiyari xəbər aldım ki, «Bəs mənim dostlarım?..» Jandarm rəisi qəhqəhə ilə güldü: «İndi dost oldunuz? Sorğu zamanı hər dəfə ayağınızı yerə dirəyib demirdiniz ki, bir-birimizi tanımırıq?» – dedi və sakit bir tərzdə əlavə etdi: – «Onları da indi buraxacaqlar, azad edəcəklər». Kontorda iltizam aldılar ki, üç gündən sonra sürgün olunmaq üçün polis idarəsinə gələcəyik. Həbsxanadan mən birinci çıxdım. On-on beş dəqiqədən sonra Surenlə Saşanı da darvazadan küçəyə buraxdılar. Sabahı gün qərara gəldik ki, polis idarəsinə gəlməyək, bizi, şübhəsiz, Mahaç-Qalaya sürgün edəcəklər, orda isə hələ ağqvardiyaçılar ağalıq edirdilər, o dəqiqə bizi bolşevik deyə güllələyəcəklər. Gürcüstana yollandıq, Qoqoberidze ilə Rumyantsovu Tiflisdə tapdıq.  

Qocaman əməkdar müəllim Mirzə Məmməd Zeynallı nəql edir: «Salyandan qaçırdıq… Daşnaklar təhdid etmişdilər ki, Salyanı tutub viranəyə döndərəcəklər, bir nəfər müsəlman sağ qalmayacaq. Qaçırdıq. Yolda, Kür çayı qırağında bir dəstə türk əsgərinə rast gəldik, su içir, əl-üzlərini yuyur, bir-birilə zarafatlaşırdılar. Ramazan paşanın qoşunundan idilər. Salyanlı bir ağsaqqal onlara dedi ki, siz burada zarafat edib gülürsüz, orda daşnaklar arvad-uşaqları qırmağa, şəhəri də, ətrafdakı kəndləri də yandırıb yerlə yeksan etməyə hazırlaşırlar. Çavuş dilləndi: «Bacarmazlar! Eləməzlər. Şimdi irəli qoşub həpsinin annasını yapaceyik». Düşdülər yola. Adamlar dallarınca baxa-baxa qaldı. İki gündən sonra xəbər gətirdilər ki, Ramazan paşa Salyandadır…

Başqa bir qəsəbəyə bir zabit, bir çavuş və beş nəfər türk əsgəri gəlir. Camaatı təngə gətirmiş, yaxın kənddə yaşayan çar dövrünün baş strajnikindən şikayət edirlər ki, adamları incidir, dükanlardan istədiyi şeyləri götürür, pul vermir, danışanı da döyür, tüfənglə hədələyir. Türk zabiti soruşur: «Yahu, xırsız hərifin ismi nə?» Ağsaqqallardan biri cavab verir ki, «Telli Hüseyn…» Zabit təəccüblə xəbər alır: «Yahu, zina zadəmi?» Ağsaqqallar dinmir. Zabit onların sualı başa düşmədiyini anlayıb əlavə edir: «Haramzadəmi?» Ağsaqqallar birdən: «Bəli, bəli, haramzadə, özü də lap yamanından. Sən Allah, dərdimizə çarə elə». Zabit deyir: «Pək eyi, nə zaman göyə varsa, bana haber verərsiz, xırsızı yakalatdırıb cəzalandırarım. Bir girvənkə də bal gətirərsiz!». «Ağa, bir girvənkə balın maliyyəti nədir, lap bir pud (16 kiloqram) bal gətirərik, – deyə ağsaqqal balın nə üçün istənildiyini başa düşmür, – bir girvənkə…» Zabit onu sözünü qurtarmağa qoymur: «Bir girvənkə kafi. İzafəyə hacət yox. Haydı bakalım!» İki gündən sonra Telli Hüseyn gəlir, aşxanada oturur plov yeməyə. Bir nəfər özünü çatdırıb türk zabitinə xəbər verir ki, hərif qəsəbədədir. Zabit çavuşa tapşırır: «Yürü, pəzəvəng xırsızı yakala!». Çavuş bazara tərəf gedəndə xəbər gətirən adam deyir: «Silahsız hara gedirsiz, onun tüfəngi var, qılıncı var…» Çavuş əhəmiyyət vermir: «Fərq etməz, yavrum, – deyə əlavə edir, -sən tək yürü. Bənimlə bərabər görsə hərif duyuq düşüb, fərar edər». Aşxanaya çatanda Telli Hüseyn naharı qurtarıb səkiyə çıxır. Çavuşa him edirlər. O da dal tərəfdən yaxınlaşıb, strajnikin əllərini qamarlayır, tüfəngli-şaşkalı yük təki qaldırıb yola düşür. Hərif ha əlləşir, ha vurnuxur, güc vurur, bir şey çıxmır. Tərksilah edib salırlar tövləyə. Zabit üç gündən sonra, meydanda adamboyu bir dirək basdırtdırıb altına bir qutu qoydurur, Telli Hüseyni gətirdib oturdur qutunun üstündə. Zabit ağsaqqallara əmr edir: «Yahu, bir bərbər səsləyin!». Dəllək çağırırlar. Hüseynin başını, saqqalını ülgüclə qırxdırır, qurşağa qədər soyundururlar. Kəndirlə qollarını, əllərini və ayaqlarını kənara, özünü dirəyə bənd edirlər. Çavuş qabdakı balı başlayır Telli Hüseynin bədəninə, belindən yuxarı, başına, boynuna, üzünə, qollarına sürtməyə, elə bil suvaq çəkirdi… Özləri gedib kölgədə, çinar ağacı altında oturub, başlayırlar nahar edib, çay içməyə, Nə qədər ətrafda cücü, arı, mığmığa, milçək, it arısı, eşşək arısı varsa hamısı bal iyinə axışıb gəlir, daraşırlar Telli Hüseynin canına. Çox keçmir başlayır üzü, başı, qolları, kürəyi, döşü, qarnı, bir sözlə qurşaqdan yuxarı bütün əzaları şişməyə. Gözləri görünmür, burun pərələrindən, dodaqlarından qan sızılır. Axşam düşəndə kəndə adam göndərib araba gətizdirir, yarımcan Telli Hüseyni saman üstünə uzadıb, yola salırlar.

Bakının meydan və küçələrində üç nəfərdən ibarət çavuş və iki əsgər gəzirdi; şuluq salan, qayda-qanunu azca pozan adamı görəndə çavuş əsgərlərdən birinə əmr edirdi: «Al kafasın!» (Başından yapış – M. S). Əsgər cəld hoppanıb hərifin əllərindən yapışıb, peysərinə qoyar, başını əyərdi. Zabit ikinci əsgərə: «Zopala pəzəvəngi!» deyirdi. İkinci əsgər günahkarın şalvarını cəld aşağı salar, başlardı zopalamağa. Bu əməliyyatı o qədər tez icra edərdilər ki, adam məəttəl qalardı.

Əliabbas Müznib deyirdi ki, Tofiq bəy belə bir əhvalat nəql edirdi: «Kəndisini, özbaşına «Cümhuriyyət» elan etmiş bir ailayəti zəbt etdik. Vəzirvükəla kəndi məiyyətilə hüzuruma varıb, vükəlanı birər-birər bana təqdim etməyə başladı: «Şu xariciyyə naziri, şu daxiliyyə naziri, digəri ticarət naziri və sairə…» tam on yeddi nazir. Abdal həriflərin ərazisi başdan-başa heyvərə dağlar, sıldırım qayalar, heç bir dəniz hüdudları olmadığı halda, hətta bəhriyyə naziri belə təyin etmişdilər. Qəzəblə sordum: «Yahu, şu nə?! Oturan yerim boyda bir məmləkətiniz var, şu kadar nazirə nə hacət?! Bir vali kifayətdir!» Hər gün səhər, öylə və şam süfrələri açıyordular, nərdə bir eybəcər, ifritə, kaftar karı var başlayırdı xidmətə. Nəhayət bıkdım, usandım və sordum: «Yahu, şu kaftar karılar nə?! Bakdıqda insanın mədəsi bulanıyor, əcəba daha müsaid xidmətçi kadınlar bulamadızmı?»

Türklər Bakıda başlayırlar dövlətlilərdən varına görə rüsum yığmağa. Rüsumun miqdarını türklər yox, məhəllə ağsaqqalları müəyyən edib, siyahını komandanlığa təqdim edirlər. Kim boyun qaçırdırdı, onlardan rüsumu güclə alırdılar. Rüsum vermək istəməyənlərdən biri də qoçu Teymur bəy olur; faytona minib gedir bağa. Türklər əsgər göndərib onu yenə gətizdirirlər Maştağada Naxır bulağı meydanına. Başa salırlar ki, müqavimət əbəsdir. Qoçu Teymur bəy inad göstərib, təklifdən boyun qaçırır. Zabit əmr edir: «Çavuş əfəndi, şu pəzəvəng hərifi üzüqoylu seri, sırtını zopalayın! Haydı bakalım». Əsgərlər əmri bir anda icraya başlayırlar. İlk zopa zərbələrinə Teymurbəy dözə bilməyib canını dişinə yığıb fəryad edir: «Ya həzrət Abbas, kömək elə!» Zabit təəccüblə soruşur: «Yahu, bu nə laf?! Bu nə laqqırtı?! Nə həzrət, nə də Abbas yardıma qoşamaz. Paranı ödə! Nə tohaf herif, nə əcayib məxluq, para ödəmək əvəzinə Abbasla həzrəti yardıma çağırıyor». Beşinci zopadan sonra qoçu Teymur bəy dözə bilməyib aman istəyir və 20.000 manat gətizdirib rüsumu ödəyərək canını xilas edir.

Bakıda səfərbərlik elan edirlər. Bir zabit çağırılanların siyahısını tutur, adamlardan bir-bir «ismin ne?» soruşur. Hər kəs adını deyir: «Həsən», «Məmməd», «Hüseyn» və s. Bir nəfərdən yenə «İsmin nə?» xəbər alanda, o da «Soltan» deyə cavab verdikdə zabit tərs-tərs ona baxıb acıqla deyir: «Yavayava laqqırtı vurma, Soltan bir tana, o da İstanbulda. İsmin Məmməd, haydı bakalım…»

Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə döyə-döyə, zəncir vura-vura, baş yara-yara: «Şah Hüseyn, ya Hüseyn» çığıraçığıra başlayırlar əzadarlığa. Şəhərin polis rəisi bu əcayib, qeyri-adi səhnəni gördükdə məəttəl qalıb, yanındakı adamdan xəbər alır: «Yahu, şu nə vəhşət. Şu zavallılar neçin ulaşıyorlar. Kim onlara işgəncə yapmış? Neçin kəndiləri kəndilərinə şöylə işgəncə veriyorlar». Onu başa salırlar ki, imam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi içini çəkib, heyfsilənir: «Yahu! Şu havadis hicrətin ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam on üç yüz əlli il keçmiş. Şu habar, şu zavallılara nə gec gəlib çatmış».

Rəis əzadar dəstələrinin başçılarını polis müfəttişliyinə gətizdirir, sadə bir dillə onları başa salır ki, müharibə vəziyyətində olan şəhərdə yığıncaq və nümayiş qadağan edilib. Gedin, məscidə toplaşın, ədəb dairəsində həzrəti Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib… Əzadarlar rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər küçələrə… Polis rəisi dörd əsgər göndərib, dəstəni birbaşa apartdırır vağzala. Ağsaqqallar polis rəisinin yanına iltimaca gəlirlər. Cavab verir ki: «Kavur ingilislər Kərbəlanı istila edib, həzrəti imam Hüseynin müqəddəs türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib, həzrəti Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər, şəhid olanlar behiştə gedər. Şurda boş-boşuna bağırmakdan, kadın təki göz yaşı axıdıb, ağlamakdan fayda yok. Nə tühaf həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?» Camaatın arasına vəlvələ düşür, başlayırlar ağlaşmağa, yalvarmağa. Əzadarları bir gecə vağzalda saxlayırlar. Şəhərin bir neçə hörmətli şəxsi polis rəisinin yanına minnətə gedir. Nəhayət, polis rəisi deyir: «Pək eyi, Kərbəlaya, Ərəbistana yollamam, hala Dərbənddə kavur Denikinlə vuruşuruq, ora yollarım, qoy orda rəşadət göstərib, din, islam yolunda cihad etsinlər». Çox yalvarışdan sonra dəstə gəzdirənləri azad edirlər. O adamlar, nəinki küçə-bazarda, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər.

Dəllək qonşumuz Akopyan on səkkizinci ildə başına gələn qəzanı danışırdı: «İngilislər, daşnaklar gəmilərdə qaçdılar, pağır-püqaranı qoydular allah amanında. Dükanı bağlayıb, iki zənbilə yemək şeyləri doldurub, getdim çıxdım yeddi mərtəbənin damına. Gördüm məndən savay başqa adamlar da var. Üç gün-dörd gecə gözümüzü yummadıq. Dördüncü gün dözə bilmədim, fikrim qalmışdı dəlləkxananın yanında, allaha pənah deyib, düşdüm küçəyə, adam az idi, öz adamlarımız idi, türklər görünmürdü. Divar dibilə qorxa-qorxa, birtəhər özümü çatdırdım dükana. Qapıya əl vurmamışdılar. Açdım qapını, aralayıb girdim içəri, elektrik çırağını yandırdım, başladım şeyləri yerbəyer etməyə. Birdən ayaq səsləri eşitdim, mənə elə gəldi ki, aralı qapının qabağında kimsə dayandı, dönüb baxmaq istəyirdim ki, qapıda dayanan dedi: «Berber!» Cəld çevrildim. Bir türk çavuşu ilə iki əsgər dükana girdilər. Məni soyuq tər basdı, dilim söz tutmadı, yerimdən tərpənməyə taqətim qalmadı. Çavuş dedi: «Berber, hərif, haydı, hacatlarını topla, gedəlim! Paşanı təraş yapmağa!» İri əlini üzünə ülgüc sayağı çəkəndə əhvalatı başa düşdüm. Balaca çamadana lazımi şeyləri qoyub, əlimə alıb dükandan çıxdım. Qapını qıfıllamaq istəyəndə çavuş qoymadı; «Hacət yox, kimsə toxunmaz, haydı gedəlim». Düzəldik yola. Gətirib məni saldılar bağınan üzbəüz olan mülkə. Dəhlizdən iri, bəzəkli otağa keçdim. Baş qapıdan ucaboy, qəzəbli, zəhmli türk paşası girdi, keçib bədənnüma güzgünün qabağında, kresloda oturdu. Cəld xalatı geyib, işə girişdim, paşanın üzünü sabunladım, ülgücü yoxladım, ürəyimdə isə bütün cəddi-əqrabamı söyürdüm ki, niyə damdan düşüb, dükana gəldim. Paşanın üzünü qırxanda əlim əsir, qorxuram, birdən ülgüc cızıb qanadar… Boyum da balacadır, paşa isə hündür, zorla, ayaq barmaqlarım üstə boylanıb işləyirəm… Üz-gözümdən tər axır… Nə isə… Birtəhər üzünü qırxıb odekalonladım… Peysərini, gicgahlarını düzəldib, daradım… Paşa ayağa qalxdı. Mən də şeyləri çamadana yığıb cəld çıxdım dəhlizə, bayır qapını açmaq istədim, gördüm bağlıdır. O vaxtacan ingilis qıfılı görməmişdim. Qayıdıb, məsələni paşaya deməyə sürətim çatmır, qorxuram. Siçan tələyə düşən kimi qalmışam. Birdən laşa dəhlizə çıxdı, məni gördükdə təəccüblə soruşdu: «Şurda boş-boşuna nə yapıyorsan?». Qapıya işarə edib, dedim ki, ağa, qapını aça bilmirəm. «Ah! – deyə paşa səsini istehza ilə ucaltdı, – abdal kavur, tüfəng atıb, günahsız islam yavrularını qıra bilirsən. Dostlarınız ingilislərin qıfılını açamazsan, – yaxınlaşıb qapını açıb dedi, – haydı, pırlan dişarıya!»

Gəmi kapitanlarından biri – Fyodor Kiriloviç Lankov nəql edirdi ki, 1908-ci ildən Xəzər dənizində işləyirəm. Gəmilər körpüyə yan alıb dayananda, adətən, matroslar sahilə düşüb meyxanələrə gedib o ki var içər, sərxoş olardılar, sonra da tökülüşərdilər bulvara, başlayardılar adamlara sataşmağa, əziyyət verməyə, dava salmağa. Mərəkə qopardı. Dükançılar qapıları bağlayıb, gizlənərdilər, hamı qaçardı. Qorodovoylar aradan çıxardılar… 1918-ci ildə türklər Bakıda ikən qəribə bir hadisənin şahidi oldum. Oktyabrın ortalarında Bakıya varid olmuş üç gəminin matrosları sahilə çıxıb, girirlər meyxanalara, restoranlara, qadağan edilmiş araq və şərabı zorla çıxartdırıb içirlər, lül-qənbər gəlirlər bulvara. Əvvəllər elədikləri sayaq başlayırlar şuluqluq salmağa, adamlara sataşmağa. Türk səhra polis şöbəsi xəbər tutan təki hadisə yerinə əsgərlər göndərir. Vuruşma başladı. Mən, dostum kapitan Əlibala Rəcəbovla bir kənarda dayanıb tamaşa edirdik. Əsgərlər ayıq, matroslar sərxoş. Əsgərlər matrosların biləklərindən necə qamarlayırdılarsa, o saat matros kəlləsi üstə gəlib sərilirdi yerə, əsgərlər başlayırdılar çəkmənin nal vurulmuş ucu və dabanı ilə matrosların lülə sümüklərinə döyməyə. Matros dönürdü meyitə, uzandığı yerdən tərpənə bilmirdi. Bulvarda yerə sərilmiş xeyli sərxoş matros vardı. İki-üç saatdan sonra zor-bəla ilə birtəhər qalxıb yollandılar gəmilərə. Türklər gedənə qədər bir daha şəhərdə görünmədilər…

Müharibədən sonra, 1947-ci ildə Mərəzə ətrafında geoloji kəşfiyyat işləri apardıqda bir neçə günlüyə Cəmcəmli kəndində, Qadir dayı adlı kişinin evində qaldıq. O, həm də bələdçimiz idi. Türklərdən danışırdı: «Kəndimizə xəbər gəldi ki, türklər Mərəzədədir. Beş nəfər cavan oğlan getdik tamaşa etməyə. O vaxta qədər heç türk görməmişdik. Malağan Mərəzəsinə girən yerdə türk zabitləri və əsgərləri dayanmışdılar. Arabalar, top-topxana, atlar… Bizi gördükdə yanımıza əsgər göndərdilər. Yoldaşlarım qaçıb aradan çıxdılar, qabaqda idim, məni yaxalayıb apardılar. Bir əfsər başladı sorğu-suala; «kimsən, peşən nədir…» Yaxamı qurtarmaq üçün dedim ki, dəvəçiyəm. Əfsər sevindi: «Ah! – dedi. – Bizə elə dəvəçi lazımdır, dəvəçi bölüyü düzəldəcəyik». Sözümün heç dalına qulaq asmayıb məni ötürdülər qabağa. Qırx beş dəvəni tapşırdılar mənə. Allah şeytana lənət eləsin, yaman yerdə axşamladım. Vallah, bir qanun-qayda, bir nizam-intizam vardı ki, deməklə başa gələn deyil. Balaca səhv üçün elə cəza verirdilər ki, ömür uzunu yaddan çıxmazdı. Bir dəfə dəvələrdən biri yoxa çıxmışdı. Komandirim, gözləmədiyim halda sağ üzümə elə bir şillə vurdu ki, gözümdən od çıxdı, sol böyrüm üstünə yıxılanda, sol üzümə, vurduğu ikinci şillə məni yıxılmağa qoymadı, ayaq üstə saxladı, sol gözümdən qopan od parçası havaya qalxdı, elə bil sağ gözümdən azca əvvəl çıxmış od parçasına bitişib ulduza dönüb göyə uçdu. Üç saat keçmədi ki, dəvəni tapıb gətirdim. Komandirim dedi: «Qədir əfəndi, sən subay (əsgər), bənim əlimdə yabasan. Dikanı yalın əllə götürmək imkansız, yaba lazım. Mən də, kəndi növbəmdə, bəndən yüksəkdə olanın əlində yabayam. Unutma, yahu, get!»

Bir dəfə daha böyük komandirin acığı tutmuşdu, stolun dalından dikəlib üzbəüz oturmuş bizim komandirin iki tərəfdən bığlarından yapışaraq göyə qaldırdı, zərblə yerə çırpdı: «Yahu, islam övladlarını kavura hədəfə çevirmək istəyirsənmi?» qışqırdı. Mənə elə gəlir ki, o əzazillik dünyada heç yerdə yoxdur. Gözünüzlə görməsəniz başa düşməzsiz». Qədir dayı başını bulayıb sözünə davam etdi: «Heç nəyə, böyüyə, bəyə, ağaya baxmırdılar. Kim mənəm-mənəm deyirdi, burnuna döyürdülər. Dikbaş, dələduzlara pəzəvəng deyib arabaya qoşurdular, bir kəl, ya da tay öküz, bir də cəzalandırdıqları adam arabanı çəkirdi. Balaca gecikdi, nəm-nüm etdi, o dəqiqə zopalayırdılar. Neçə nəfər boşboğazı arabaya qoşub muma döndərdiklərini özüm gördüm. Bir kənddə əsgər yığanda, molla minbaşıya rüşvət vermək istəyirdi ki, cavan oğlana güzəşt etsin. Minbaşı tüfəng qapıb mollanı atəşə tutmuşdu, molla üzüqoylu sərilməsəydi, birtəhər olacaqdı… Ayrı əzazil idilər… Rəhm deyilən şey yox idi ürəklərində».

Manaf Süleymanov, “Eşitdiklərim, Gördüklərim, Oxuduqlarım”

87 Baxış

Unutmadıq

Comments are disabled.